Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Bakıda keçirilən bədii gimnastika üzrə II "AGF Junior Trophy" beynəlxalq turnirinə yekun vurulub



Aprelin 21-də Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə II "AGF Junior Trophy" beynəlxalq turnirinə yekun vurulub.

BrendSport.az xəbər verir ki, sonuncu gün gimnastlarımız üçün daha uğurlu alınıb. Belə ki, Nərminə Səmədova lentlə hərəkətlərdə 18.000 bal toplayaraq gümüş medal qazanıb.

N.Səmədova daha bir medalı topla yarışlarda əldə edib. O, 18.350 balla fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb. Gürzlərlə hərəkətlərdə isə gimnastımız 17.400 bal toplayaraq beşinci olub.

Digər gimnastımız Arzu Cəlilova iplə hərəkətlərdə (17.350 bal) növbəti bürünc medalı ölkəmizin aktivinə yazdırıb.

Gənc bədii gimnastlardan ibarət komandamız da arenaya toplaşan azarkeşləri möhtəşəm çıxış və nəticələri ilə sevindiriblər. Belə ki, Mədinə Əsədova, Ləman Əlimuradova, Selcan Hacızadə, Milana Əkbərova və Fəridə Səfiyarzadədən ibarət komandamız beş halqa ilə hərəkətlərdə 21.500 xal toplayaraq turnirin baş mükafatını qazanıb. Təmsilçilərimiz beş lentlə yarışlarda isə ikinci yeri tutublar. Onların çıxışları münsiflər heyəti tərəfindən 18.350 xalla qiymətləndirilib.

Sonra qalib və mükafatçıların təltifolunma mərasimi keçirilib.

Xatırladaq ki, turnirin ilk günündə fərdi və qrup hərəkətləri proqramında çoxnövçülük üzrə yarışlar keçirilib. Azərbaycanı turnirdə fərdi proqramda təmsil edən Arzu Cəlilova ümumi nəticədə 72.650, Nərminə Səmədova, 71.900, Nərmin Bayramova isə 56.000 xal toplayıb. Bu, gimnastlarımızın çoxnövçülük üzrə medalçılar sırasına düşməsi üçün yetərli olmayıb.

Gənc bədii gimnastlardan ibarət Azərbaycan yığması isə çoxnövçülük üzrə (beş halqa və beş lent) 41.000 xal toplayaraq turnirin gümüş medallarına yiyələnib.

Həmçinin Azərbaycan Gimnastika Federasiyasının təsis etdiyi xüsusi mükafat - "AGF Trophy" fərdi yarışlarda azərbaycanlı gimnast Arzu Cəlilovaya verilib.

Qrup hərəkətlərində də ən yüksək icra balını qazanan gənclərdən ibarət yığmanız həmin mükafata sahib olublar.

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə ikinci "AGF Junior Trophy" beynəlxalq turnirində 20 ölkədən 130-a yaxın gənc bədii gimnast iştirak edib.

Beynəlxalq Gimnastika Federasiyasının (FIG) qaydalarına əsasən, turnirdə yalnız 2004-2006-cı il təvəllüdlü gimnastlar qüvvələrini sınayıblar.


Facebook-da paylaş

Xəbəri paylaş