Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Çingiz Hüseynzadə: “Biz sübut etdik ki, Azərbaycanda atletika məktəbi var”



BrendSport.az xəbər verir ki, Milli Olimpiya Komitəsində (MOK) Şotlandiyanın Qlazqo şəhərində keçirilən atletika üzrə Avropa çempionatında qızıl medala layiq görülən Nazim Babayevlə görüş olub.
Tədbirdə MOK-un vitse-prezidenti, Azərbaycan Atletika Federasiyasının (AAF) prezidenti Çingiz Hüseynzadə, vitse-prezident Firat Hüseynov, qurumun baş katibi Məhərrəm Sultanzadə, baş məşqçi Bəhruz Salehli və idmançının şəxsi məşqçisi Ziyad Xəlifəyev iştirak ediblər.
Tədbiri açıq elan edən Çingiz Hüseynzadə Nazim Babayevin ölkənin idman tarixinə düşən böyük uğura imza atdığını bildirərək deyib: "Nazimin bu uğuru tarixi nəticədir. Nazimlə baş nazirin müavini Yaqub Eyyubovun qəbulunda olduq. Yaqub müəllim Nazimi təbrik edərək, ona bundan sonra da ən yüksək dəstəyi verəcəyini bildirdi. Yaqub müəllimlə əvvəlki görüşlərimizin birində demişdim ki, bizdə Ramil Quliyevdən də yaxşı idmançı yetişir. Artıq o gün çatdı və Nazim öz sözünü dedi. Əvvəllər deyirdilər ki, atletika Azərbaycan üçün deyil. Bu da mövcud şəraitsizlikdən irəli gəlir. Biz isə sübut etdik ki, Azərbaycanda atletika məktəbi var, özümüz də səviyyəli idmançılar yetişdirə bilərik. Nazim elə yaşdadır ki, bundan sonra 3 olimpiadada çıxış edə bilər. Biz Aleksis Kopellonu gətirəndə çoxları deyirdi ki, niyə legioner gətirirsiniz? Açığı, Kopellonun olması Nazimi də qıcıqlandırdı və o, IV İslam Həmrəyliyi Oyunlarında Kopellodan yüksək nəticə göstərdi".
6 yaşından Nazim Babayevin məşqçisi olan Ziyad Xəlifəyev uğura gedən yoldan danışıb. O bildirib ki, final çox gərgin keçib: "Finalda Olimpiya, dünya, Avropa çempionları
yarışırdı. Nazim verdiyim tapşırıqları yerinə yetirdi. Qürurverici haldır ki, 30 minlik arenada bayrağımız dalğalandı. Nazim U-20, U-23-də uğur qazanmışdı, indi də. Qarşıda bizi universiada və dünya çempionatı gözləyir”.
Avropa çempionu özü də yarışa hazırlığın qələbədə böyük rolundan danışıb: "Psixoloji cəhətdən özümü hazırlamışdım. Rəqiblərlə hamımız eyni hədəf üçün mübarizə aparırdıq. Bu səbəbdən məni gümüş medal belə qane etməyəcəkdi. İstəyim çempionluq idi və bunu bacardım. Artıq yalnız irəli baxmalıyam”.
AAF-ın baş katibi Məhərrəm Sultanzadə də Nazim Babayevin uğurunu yüksək qiymətləndirib. O bildirib ki, atletikada digər uğurlarımız olsa da, üçtəkanla bu yox idi: "Artıq bu növdə də Avropa çempionumuz var. Az öncə Balkan Oyunlarında da özünü yaxşı göstərdi. Bu səbəbdən ona böyük ümidimiz vardı. Sağ olsun, bunu bacardı. Yarışda yanımızda almanlar durmuşdu. Onlar buna inanmadı. Çempionatda 49 komanda arasında 1 qızılla 10-cu olduq”.
Firat Hüseynov da bu uğura görə idmançını təbrik edib. Onun sözlərinə görə, bu uğur Nazim Babayevin gələcək perspektivindən xəbər verir.

Millinin baş məşqçisi Bəhruz Salehli bildirib ki, atlet yarışa yollanmazdan əvvəl qışda Avropa çempionu olacağına söz verib və bunu bacarıb: "Onun ayağında zədəsi vardı. Yarışa yollanmazdan əvvəl də dedi ki, hazıram və bacaracağam. Həmin vaxt yadına salmadıq ki, söz vermişdin. Amma bacardı. Onun gücü Olimpiada və dünya çempionatında da medal qazanmağa çatır”.
Nazim Babayev yeniyetmələr, gənclərin ardından böyüklərdə qazandığı uğurun səbəbini açıqlayıb: "İki ildir böyüklərin yarışında mübarizə aparıram. Artıq zaman
yetişmişdi. Məşqçim də demişdi ki, 17,30 m nəticə göstərə bilərsən. Cəmi 1 sm az oldu. Amma sonda çempionluqla yekunlaşdı”.
Avropa çempionu səhvləri üzərində işləyəcəyini, daha da yaxşı nəticə göstərəcəyini və olimpiadada medal qazanmağa çalışacağına inam ifadə edib: "Portuqaliyalı rəqibi Nelson Evora Olimpiya çempionu olanda mən ona televizordan baxırdım. Məqsədim də Olimpiadaya 1 il öncədən lisenziya qazanmaqdır”.
Qeyd edək ki, Nazim Babayev qalibi olduğu Avropa çempionatının final mərhələsində 17,29 m nəticə göstərməklə şəxsi rekordunu da yeniləyib.


Facebook-da paylaş

Xəbəri paylaş