Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



AFFA-nın "tapıntısı" yalnız köməkçi olmağa yarayır




Nikola Yurçeviç – hələ də millinin baş məşqçi postunu boş qoyan AFFA məmurlarının son dayanacağı! 52 yaşlı xorvat ölkəmizdə olub, baş katib Elxan Məmmədov və məsləkdaşları ilə görüşüb, münasibətlərin rəsmiləşəcəyi günü gözləyir. Şübhəsiz, AÇ-2020-nin seçmə mərhələsinin oyunlarına 41 gün qalmış assosiasiya rəsmilərinin boynuna düşən işin öhdəsindən gəlməməsi acı reallıqdı, fəsadlarını hamılıqla görəcəyik. Zaman keçdikcə tələsən, belə desək seçə-seçə heçə çıxan Məmmədov və adamları qismən obrazlı yanaşsaq, Yurçeviç dalanına dirənib. Kimdi bu Yurçeviç? Sözügedən çalışdırcının Azərbaycan millisini qitə birinciliyinin final mərhələsinə daşımağa təcrübəsi, bacarığı, xarizması çatarmı?



Təbii, Avropa çempionatına yüksəlmək hədəfinin reallıqla uzlaşmadığını, bunun baş katibin "yuxarılar”ın qarşısında çiyinlərinə götürdüyü ağır yük olduğundan xəbərdarıq. Həqiqətdən çox nağıla bənzəyən məqsədin altında nələrin yatdığı haqda danışmaq isə ayrıca yazı mövzusudu. Utopiyanı bir kənara qoysaq, real hədəflərdən söhbət açsaq, milli bu potensialla müəyyən dirçəliş sərgiləmək şansına malikdi. Məsələn, hazırkı futbolçu resursları səviyyəli çalışdırıcının rəhbərliyi altında qrup dördüncüsü ola, son yeri tutmaya bilər. Xorvatiya, Slovakiya, Uels və Macarıstanla eyni "yuva”da yer alan təmsilçimizin seçmə mərhələni 3-cü pillədə başa vuracağına belə yalnız ən nikbin azarkeşlər inanar. Nə yazıq ki, Yurçeviç baş məşqçi postunu tutacağı halda heç minimum hədəfin də öhdəsindən gələcək birinə bənzəmir.



Nikola daha məşhur və bacarıqlı həmyerlisi Slaven Biliçin köməkçisi qismində Xorvatiya yığmasında (2006-2012) işləyib. O, sonralar da yardımçı statusu ilə barışaraq, Moskva "Lokomotiv”ində, "Beşiktaş”da və "Vest Hem”də də eyni funksiyanı yerinə yetirib. Əlbəttə, təcrübə çox şey deməkdi. Ancaq qərarları Biliç veribsə, Yurçeviçin müxtəlif komandalarda əsas söz sahibi olduğu dönəmə diqqət yetirmək düzgün yanaşma sayılar.


"Zaqreb”lə 6-cı yeri tutdu


AFFA-nın "tapıntısı” 2006-cı ilə qədər özünü baş məşqçi kimi sınayıb. 2002/03 mövsümünün gedişində sabiq komandası "Zaqreb”in "sükanı arxası”na gətirilib. İvan Kataliniçi əvəz edən Yurçeviçin komandası çempionatı 6-cı pillədə başa vurub. "Zaqreb”in ölkə kubokunda da xüsusi nə iləsə yadda qalmadığını, 1/4 finalda mübarizəni dayandırdığını bildirək.


"Dinamo”nu çempion edə bilmədi


Hərçənd növbəti "futbol ili”ndə qəhrəmanımızın özünü doğrultmaq üçün ciddi imkan yaxalaması faktı danılmazdı. 2003/04 sezonunun əvvəlində Xorvatiyanın flaqmanında – "Dinamo”da baş verən islahatlar futbola bu klubda başlayan Nikolanın baş məşqçi olmasını şərtləndirdi. Başlanğıc pis alınmadı. Xorvatiya Superkubokunda "Hayduk Split”i 4:1 hesabıyla yenən "Dinamo” mütəxəssisə məşqçi karyerasının ilk kubokunu qazandırdı. Bəlli məsələdi ki, Zaqrebin ən məşhur təmsilçisi üçün ölkə Superkuboku fantastik "qənimət” deyildi. Həmin vaxt baş məşqçi paytaxt klubunu Çempionlar Liqasının qrupuna daşıya bilsəydi, rəhbərliklə münasibətləri gərginləşməzdi. Fəqət pley-offda Kiyev "Dinamo”suyla bacarmayan çalışdırıcı UEFA Kubokundakı uğursuzluqla (indiki Avroliqa) özünü lap gözdən saldı. Bu dəfə də Ukrayna "silləsi yeyən” zaqreblilərin önünü "Dnepr” kəsdi. Xorvatiyanın ana klubu - "Dinamo” Yurçeviçin rəhbərliyi altında daxili birincilikdə də "qızıl”a həsrət qaldı. Ölkə çempionu adını isə "Hayduk Split” qazandı. Maraqlıdı ki, rəhbərlik gənc mütəxəssisə bir qədər də şans verməyi məqsədəuyğun saydı. Klub idarəçiləri uğur hesab edilməyən "gümüş”ü Xorvatiya Kubokundakı qələbəyə bağışladı. Lakin 2004/2005 mövsümünün ilk 4 çempionat matçının 3-də heç-heçə oynayandan sonra AFFA-nın gözaltısı istefaya göndərildi.



"Zalsburq”da fiaskoya uğradı



"Dinamo”dan qovulan Yurçeviç ölkə xaricində çalışmaq planı da uğrusuzluqla nəticələndi. Peter Assio ilə yolları ayıran "Zalsburq” "Dinamo”nu yarıtmayan sabiq yarımmüdafiəçiyə tapşırıldı. Martın 12-də bir vaxtlar futbolçu kimi şərəfini qoruduğu komandada debüt edən Yurçeviçin yetirmələri "Admira Vakker”ə 0:1 hesabıyla yenildi. 4 gün sonra Avstriya Kubokunun 16-cı turunda "Pölten” xorvatı futbolçu kimi yolunu tanıdığı ölkədə işləməyə qəara verməsinə peşman etdi – 1:5. Daha sonra ardıcıl 3 məğlubiyyət qaçılmaz oldu. Nikola son yenilginin ardından əşyalarını toplamaq və yola düşmək əmri eşitdi.


Belupo komandasını "zirzəmi”dən çıxarmağı bacarmadı


Qısa macəranın ardından vətəninə qayıdan Yurçeviç "Slaven Belupo”ya baş məşqçi təyin edildi. Autsayderi turnir cədvəlinin "zirzəmi”sindən çıxarmaq işinin öhdəsindən gəlməyən adam 19 həftədən sonra (bu müddətdə cəmi 3 qələbə qazanmışdı) Belupo təmsilçisinə də lazım olmadı.


Facebook-da paylaş

Xəbəri paylaş