Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Qarabağ”da nə baş verir?



“Qarabağ”ın adı ətrafında söhbətlər səngimir. Klubun maliyyə dayaqlarını itirə biləcəyi ilə bağlı yazılanlar narahatlıq doğurmağa başlayıb.

Klub rəhbərliyi artıq mətbuata açıqlama verib, xəbərlərin əsasının olmadığını bildirib. “Azersun Holdinq” yenə də klubun yanındadı. İllərdi Ağdam təmsilçisinə dayaq olan şirkət ölkənin tanıdılmasında, idman imicinin yüksəldilməsində müstəsna rol oynayıb. Və indi imtina üçün hansısa əsas yoxdu, işlər qaydasında gedir.

İqtisadi çətinliklər üzündən müəyyən maliyyə sıxıntısı, büdcə azaldılması ola bilər, lakin klubdan imtina istisnadı. “Qarabağ” avrokuboklardakı uğurlu çıxışı ilə onsuz da illərdi həm də pul qazanır, ölkəyə valyuta gətirir. Və uğurlu layihəyəyə çevrilmiş klubu kənara atmaq imkansızdı. Sırf klubun adı ilə bağlı müəyyən öhdəliklər, qarşılığında güzəştlər də var. Klub faktiki əksər xərclərini özü qruplara düşməklə qarşılaya bilir.

Bu söhbətlər daha çox maaş yubanması ilə əlaqədar ortaya çıxıb. Futbolçular, klub işçiləri son ayın maaşını hələ də almayıb. Amma ona qalsa, eyni problem digər klublarda da var. Məsələn, AFFA-dan maliyyələşən “Keşlə” hətta dekabrın maaşlarını yalnız dünən paylayıb, yanvar üçün ödənişlərin nə zaman olacağı bilinmir. Deməli, SOCAR-da da müəyyən yubanmalar olur və bu, sözügedən şirkətin futboldan çəkilməsi demək deyil.

Zənnimizcə, “Qarabağ”la bağlı problem də oxşardı. İldəyişimi vaxtı adətən belə problemlər ortaya çıxır, zamanla yoluna qoyulur. Sadəcə, komandanın Premyer Liqanın 15-ci turunda “Neftçi”ylə heç-heçə edib, zirvəyə qayıda bilməməsi klub ətrafında müxtəlif söz-söhbətin, təzyiqin yaranmasına səbəb olub. Tez bir zamanda bu məsələlər də yoluna qoyulacaq.

İndiki situasiyada “Azersun Holdinq”in açıqlama verməsinə də ehtiyac var. Xəbərlərin təsdiqi və ya təkzibi baxımından hər şeyə sözügedən şirkət aydınlıq gətirməlidi. Əks halda, bu söz-söhbətlər komandaya ziyan vura bilər.


Facebook-da paylaş

Xəbəri paylaş