Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycanda alpaqut Turan döyüş sənəti inkişaf etdirilir



Azərbaycanın idman tarixinə daha bir idman növü üzrə qələbələrlə dolu səhifə yazıldı. Azərbaycan Alpaqut Federasiyasının ölkəmizdə cəmi dörd il əvvəl yaradılmasına baxmayaraq, bu idman növü üzrə artıq yüksək potensiala malik gənc idmançılar yetişib. Bu günlərdə ölkəmizdə alpaqut Turan döyüş sənəti üzrə keçirilən birinci dünya çempionatında qazanılan nəticələr bunu bir daha aydın göstərdi.

Alpaqutçular təcrübələrini artırırlar

Azərbaycan Alpaqut Federasiyasının prezidenti Qüdrət Nuriyev AZƏRTAC-a müsahibəsində ötən illər ərzində bu idman növü üzrə qazanılan nailiyyətlərdən, planlardan danışıb. O, alpaqutun müqəddəs döyüşçü mənasını verdiyini, onun türk xalqlarının ortaq mədəni dünyagörüşünü təmsil və təbliğ edərək, milli döyüş ənənələrini inkişaf etdirən, xüsusilə qədim türklərin döyüş mədəniyyətini müasir döyüş sənəti üzərində konsepsiyalaşdıran, dərin fəlsəfi ideoloji mənası olan və sirli qalan milli döyüş mədəniyyətinin qlobal mədəniyyətə çıxışını təmin edən idman növü olduğunu bildirib. Qeyd edib ki, alpaqut yeniyetmə və gənclərə milli-mənəvi dəyərlər, Vətən sevgisi aşılayır.

Federasiya yaranandan 8 beynəlxalq yarışın keçirildiyini, bu turnirlərdə idmançılarımızın uğurla çıxış etdiklərini bildirən Qüdrət Nuriyev bu sahədə müəyyən təcrübənin əldə edildiyini deyib: “Azərbaycan Alpaqut Federasiyası 2014-cü ildə təsis edilib. Son üç ildə keçirilən Xəzər, Qara dəniz, Avrasiya, dünya kuboklarında, Zəlimxan Yaqubun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə idmançılarımız uğurlar qazanıblar. Bütün bunlar alpaqutçularımızın zəngin təcrübə əldə etdiklərini göstərir”.

Yarışlarda kütləviliyin təmin edilməsinə xüsusi diqqət yetirilir

Qüdrət Nuriyev bildirib ki, alpaqutun inkişafı istiqamətində görülən işlərdən ən mühümü onun kütləviliyinin təmin edilməsidir. Bunun üçün tez-tez ölkədaxili yarışların təşkil edildiyini deyən Federasiya prezidenti bildirib: “Hər il ölkə çempionatları və kubok yarışları keçirilir. Eyni zamanda, əlamətdar günlər, bayramlar münasibətilə bir sıra turnirlər təşkil edilir. Bu yarışlarda kütləviliyin təmin edilməsi və keyfiyyətin yüksəldilməsinə xüsusi diqqət yetirilir. Bundan başqa, ildə iki dəfə müəllim və hakimlər üçün seminarlar keçirilir. Gələn ilin ilk ayında bir həftəlik seminarın təşkili nəzərdə tutulub. Ölkəmizdə 40-dan çox rayonda alpaqut inkişaf etdirilir. Ölkə çempionatlarında respublikamızın şəhər və rayonlarından 400-ə yaxın idmançının iştirakı bu idman növünün inkişafı istiqamətində çox işlərin görüldüyünü sübut edir”.

Dünya çempionatında komandamızın birinci yeri tutması çox böyük qələbədir

Federasiya rəsmisi noyabrın 24-25-də Bakıda “Sərhədçi” İdman Olimpiya Kompleksində alpaqut Turan döyüş sənəti üzrə birinci dünya çempionatında Azərbaycan komandasının yüksək səviyyədə çıxış edərək, ümumi hesabda birinci yeri tutmasını böyük qələbə adlandırıb: “Bu mötəbər yarışda bütün yaş qrupları üzrə 18 ölkədən - Azərbaycan, Türkiyə, Almaniya, Pakistan, Ukrayna, Əfqanıstan, Macarıstan, İran, Hindistan, Gürcüstan, Nepal, Qırğızıstan, Qazaxıstan, Rusiya, Kamerun, Türkmənistan, Nigeriya və Özbəkistandan 500-dək idmançı qüvvəsini sınayırdı. Turnirdə bütün növlər - aypara, batur, caymaz, və qurşaq sistemləri üzrə ən güclü atletlər mübarizə aparıb. Dünya çempionatında komandamızın birinci yeri tutması çox böyük qələbədir. Türkiyə komandası bu yarışlarda ikinci, Qazaxıstan və Gürcüstan yığmaları üçüncü yerdə qərarlaşıblar.

İdmançılarımızın yüksək nəticələr əldə etməsi ölkəmizdə idmanın inkişafına dövlət tərəfindən diqqət və qayğının bariz nümunəsidir. Bu gün Azərbaycanın hər bir rayonunda, hətta ucqar kəndlərdə belə idmanla məşğul olmaq üçün geniş imkanlar var. Alpaqutçularımız da məhz bu şəraitdən yararlanıb böyük qələbələr qazanırlar”.

Federasiya prezidenti bu idman növü ilə 6 yaşdan yuxarı oğlanlarla yanaşı, qızların da məşğul olduqlarını diqqətə çatdırıb. “Komandaya qızlar da cəlb olunur. Gələcəkdə zərif cinsin nümayəndələrinin arasında da peşəkar idmançıların yetişməsi üçün bir sıra tədbirlər görülür. Bu gün komandamızda kişilər arasında Elsevər Puri, gənclərdə Elvin Mirzəyev, yeniyetmələr arasında Emil Hüseynov, veteranlarda Musa Abdullayev, Rasim Almuradov və digər yüksək nəticələr əldə edən idmançılar var. Əminik ki, gələcəkdə onların sayı daha da artacaq”, - deyə Qüdrət Nuriyev əlavə edib.


Facebook-da paylaş

Xəbəri paylaş