Əsas Səhifə > Olimpiya > Ümummilli lider Heydər Əliyev və Azərbaycanda Paralimpiya Hərəkatı

Ümummilli lider Heydər Əliyev və Azərbaycanda Paralimpiya Hərəkatı


5-03-2019, 12:33


Xalqlar dahiləri ilə tanınır. Sübuta ehtiyacı olmayan başqa bir fikir də söylənilir: böyük şəxsiyyətlər bütün dünyaya məxsusdur.


BrendSport.az xəbər verir ki, Dünya miqyaslı siyasətçi, Azərbaycan xalqının ümummilli lideri səviyyəsinə yüksəlmiş görkəmli dövlət xadimi Heydər Əliyev tək ölkəmizdə deyil, dünya miqyasında sözünün keçəri olan şəxsiyyət idi. O, bəşəri düşüncə sahibi olduğundan qlobal təhlillər aparmağı bacarırdı. Bu dahi insan xalqımızın yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi qalıb. Bu da həqiqətdir ki, Heydər Əliyev fenomeni ilə bağlı söz demək, onun titanik fəaliyyətinin möhtəşəmliyi haqqında fikir söyləmək o qədərdə asan deyil. Ulu öndər Azərbaycanı böyük çətinliklərdən, bəlalardan çıxartdı, onu təzədən qurdu, dirçəltdi dünyanın nümunə gətirilən ölkələri sırasına yüksəltdi. Bu gün dünya Azərbaycanı ümummilli liderimizin timsalında tanıyır, böyük azərbaycanlını minnətdarlıqla xatırlayırsa bu özü bizim üçün fəxr, fəxarətdir. Biz qürur duyuruq ki, xalqımızın dünyada bu səviyyədə sevilən ümummilli lideri olub.

1993-cü ildən başlayaraq Azərbaycanda sosial müdafiə tədbirləri son dərəcə səmərəli və çevik xarakter alaraq, pensiya təminatı, əlillərin reabilitasiyası, qeyri-məşğul əhalinin məşğulluğunun təminatı və s. istiqamətlərdə ardıcıl, məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Əlillərin, xüsusən Azərbaycanın ərazi bütövlüyü uğrunda savaşlarda fiziki sağlamlıqlarını itirmiş vətəndaşların və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onlar üçün yeni mənzillərin tikilib istifadəyə verilməsi işlərinə məhz böyük öndərimizin ölkəyə yenidən rəhbərliyə qayıdışından sonra başlanmış, ötən illərdə bu təbəqədən olan xeyli sayda insan dövlət hesabına yeni mənzillərlə, minik avtomobilləri ilə, reabilitasiya vasitələri ilə təmin edilmiş, sosial cəhətdən həssas əhali qruplarının rifahı xeyli yaxşılaşmışdır.

Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan Heydər Əliyevin çoxsaylı fəaliyyətində idman sahəsində gördüyü işlər də bu ölkənin vətəndaşlarını qürurlandırır. Ulu Öndər idman sahəsinin inkişafına böyük diqqət və qayğı göstərirdi. O deyirdi: “İdman hər bir ölkənin inkişafı üçün çox vacib olan sahədir. Bu elə bir sahədir ki, idmançılarımız müxtəlif ölkələrdə yarışlarda iştirak edir, qələbələr qazanırlar və hər dəfə müstəqil Azərbaycanın adını ucaldırlar. Müstəqil Azərbaycanın himni çalınır, bayrağı qaldırılır və Vətənimiz dünyanın müxtəlif ölkələrində tanınır. Demək olar ki, idman kimi Azərbaycanın müstəqilliyinin rəmzlərini nümayiş etdirən ikinci bir vasitə yoxdur”.

Bu gün, Azərbaycanda idman uğurla inkişaf edir, Azərbaycan dünyada idman ölkəsi kimi tanınır və idmançılarımızın qələbələri xalqımızı ürəkdən sevindirir. Əminliklə deyə bilərik ki, Azərbaycanın idman şöhrəti yüksək səviyyədədir. Təsadüfü deyil ki, son illər ərzində ölkəmizdə müxtəlif mötəbər beynəlxalq idman yarışları keçirilir, Vətənimiz dünya və avropa çempionatlarına ev sahibliyi edir. İdman sahəsində ən böyük nailiyyətlərimizdən biri ölkəmizin Olimpiya və Paralimpiya oyunlarında iştrakıdır. Olimpiya və Paralimpiya oyunları dünyanın nəinki ən mötəbər idman yarışıdır, hətta bəlkə də, dünyanın diqqətini cəlb edən birinci dərəcəli tədbirdir. Azərbaycan paralimpiyaçıları bu yarışlara ilk dəfə ümummilli lider Heydər Əliyevin xeyir-duası ilə 1996-cı ildə Atlanta Paralimpiya Oyunlarına yola düşmüşlər. Ulu öndərimizin dəyərli tövsiyələri həmişə idmançılarımızın qələbə əzmini yüksəltmiş, onlarda nikbin əhval-ruhiyyə yaratmış və nəticədə Paralimpiya Oyunlarında qələbələrimizin əsası qoyulmuşdur. Növbəti dəfə komandamız 2000-ci ildə Sidney Paralimpiya oyunlarında 3 növdə 7 idmançı ilə təmsil olunaraq, bir qızıl və bir gümüş medal qazanmışdır. Ümummilli lider 2000-ci ilin 15 noyabrinda XI Sidney Yay Paralimpiya Oyunlarından uğurlu nəticələrlə qayıtmış paralimpiyaçılarımızla görüşdə deyirdi: “Fiziki imkanları məhdud insanların idmanla məşğul olması və idman yarışlarında belə yüksək nailiyyətlər əldə etməsi çox təqdirəlayiq haldır. Bu bir tərəfdən sizin nə qədər iradəli olduğunuzu, digər tərəfdən fiziki məhdudiyyətinizə baxmayaraq həm öz səhhətinizi daha da möhkəmləndirmək, həm də cəmiyyətdə öz fəaliyyətinizi göstərmək üçün nə qədər əzmkar olduğunuzu göstərir. Hesab edirəm ki, biz sizin bu fəaliyyətinizi yüksək qimətləndirməliyik. Təəcüblənmək olar ki, insan biraz xəstə, yaxud bir az çatışmazlığı olanda onda bədbinlik əmələ gəlir, özünü ələ ala bilmir. Amma siz müəyyən fiziki məhdudiyyətinizi öz əzmkarlığınızla, iradənizlə və bacarığınızla aradan qaldırmısınız. Siz və sizin kimi insanlar cəmiyyətimizdə böyük hörmətə layiqdirlər. Ölkəmizin olimpiyaçılarının, o cümlədən paralimpiyaçılarımızın keçdiyi bu imtahan onu göstərir ki, Azərbaycan gəncləri, idmançıları böyük potensiala malikdir.”

Ölkədə idmanın inkişafı, həmçinin paralimpiyaçıların öz potensiallarını ortaya qoyması üçün bu yöndə qəbul olunan Dövlət proqramı, verilən sərəncamlar Ulu öndərin qayğısının daha bir bariz nümunəsidir. Ulu öndərin imzaladığı sərəncam “Əlilliyin qarşısının alınması və əlillərin reabilitasiyası üzrə 1999-2002 –ci illər üçün xüsusi Dövlət Proqramı”, fiziki cəhətdən məhdudiyyətli insanların cəmiyyətə inteqrasiyasında müstəsna rol oynadı. O da qeyd edilməlidir ki, paralimpiyaçıların nüfuzlu idman yarışlarına və olimpiadalara hazırlaşması üçün idman qurğularının inşası Heydər Əliyev tərəfindən prioritet məsələ kimi qoyuldu.

İlk uğurlarını qazanmış paralimpiyaçılarımızla görüşdə Ulu öndər əlil idmançılar üçün xüsusi kompleksin tikintisi barədə ğöstəriş vermişdi. Səkkiz ildən sonra, yəni 2008-ci ilin avqustun 28-də Sumqayıtda inşa edilmiş Paralimpiya İdman Kompleksinin açılış mərasimi keçirildi. Xüsusi qeyd etmək lazımdır ki, MDB məkanında ilk dəfə olaraq, paralimpiyaçılar üçün xüsusi və çox yüksək səviyyədə, yüksək dünya standartlarına uyğun şəkildə idman mərkəzi tikilib istifadəyə verildi. Tədbirdə möhtərəm prezidentimiz, paralimpiyaçıların dostu İlham Əliyev və I Vitse Prezident, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva iştrak etmişdir. Dövlətimizin başçısı öz çıxışında deyirdi: “Paralimpiyaçıların idmana olan sədaqəti və xüsusilə Azərbaycan paralimpiyaçılarının uğurları və beynəlxalq yarışlarda iştirakı böyük qəhrəmanlıqdır. Azərbaycan dövləti sizin bu səylərinizi çox yüksək qiymətləndirir və qiymətləndirməlidir. Məhz buna görə maksimum dərəcədə çalışırıq ki, sizin üçün lazımi şəraiti yaradaq. O cümlədən belə gözəl idman mərkəzinin tikintisi bunu bir daha sübut edir. Mən çox şadam ki, Azərbaycanda Paralimpiya Komitəsi fəaliyyətini genişləndirir və ümumiyyətlə, Paralimpiya oyunlarında iştirak edən idmançıların sayı artır. Bizim Paralimpiya oyunlarında nəticələrimiz də hər dəfə daha da böyük olur. Azərbaycan dövləti paralimpiyaçılarınmükafatlandırılması üçün lazımi tədbirlər görür və görəcəkdir. Bir də demək istəyirəm ki, paralimpiyaçılar, sözün əsl mənasında, fədakar insanlardır. Onlar zədələrdən, yaralardan, bəzən sağalmayan yaralardan əziyyət çəkirlər. Ancaq buna baxmayaraq, öz fədakarlığını göstərərək, idmanla məşğul olur, Azərbaycanı təbliğ edirlər. Beynəlxalq yarışlarda Azərbaycanın bayrağını qaldırırlar və Azərbaycan xalqı bunu çox yüksək qiymətləndirir. Azərbaycan dövləti də çalışır ki, əlindən gələni etsin ki, sizin şəraitiniz, həyatınız daha da yaxşı olsun”.

Paralimpiyaçılarımız daim öz üzərlərində ölkə başçısının qayğıkeş münasibətini hiss ediblər. Müntəzəm olaraq, Prezidentin sərəncamları ilə qələbə qazanmış paralimpiyaçılarımız, məşqçilərimiz yüksək orden və medallarla təltif olunurlar. Paralimpiyaçımızın maddi rifahı yaxşılaşdırılır, idmançılarımız mənzil və minik avtomobilləri ilə təmin olunurlar. Ümumilikdə ölkə vətəndaşlarının sosial vəziyyətinin yaxşılaşdırılması, həmişə dövlət başçısının prioritet məsələlərindən biri olmuşdur.

Biz idman ictimaiyyətinin bəxti onda gətirib ki, ölkə başçısı cənab İlham Əliyev eyni zamanda Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin Prezidentidir.

Paralimpiyaçılarımızın sosial rifahının yaxşılaşdırılması öz bəhrəsini verməkdədir. Belə ki, fəaliyyəti dövründə Paralimpiya Milli Komandası 6 Yay Paralimpiya Oyunlarında iştirak etmiş və idmançılarımız 38 medal qazanmışlar. İdmançılarımızdan 7 nəfəri Paralimpiya çempionudur ki, onlardan 2 nəfəri ikiqat Paralimpiya çempionudur. Bundan əlavə idmançılarımızdan 7 nəfəri Dünya çempionu, 17 nəfəri Avropa çempionu, 7 nəfəri Dünya Oyunlarının qalibi, 1 nəfəri
Avropa Oyunlarının qalibi, 12 nəfəri isə İslam Həmrəyliyi Oyunlarının qalibidir.
Hazırda Komitənin nəzdində 14 yay idman növü, 2 qış idman növü vardır ki, bu idman növlərinə minlərlə idmançı cəlb olunmuşdur.

2013-cü ildə Beynəlxalq təcrübədə ilk dəfə olaraq Milli Paralimpiya Komitəsinin nəzdində Uşaq Paralimpiya Komitəsi (UPK) yaradılmışdır və UPK Paralimpiya Komitəsi tərəfindən idarə olunur. Komitənin yaradılmasında əsas məqsəd, sağlamlıq imkanları məhdud uşaqların idmana cəlb olunması yolu ilə ehtiyat idmançıların hazırlanması və onların abilitasiya və reabilitasiya yolu ilə cəmiyyətə inteqrasiya olunmalarına dəstək verməkdir. 2015-ci ildən başlayaraq hər il respublika üzrə Uşaq Paralimpiya İdman Oyunları keçirilir.

Prezident İlham Əliyev çıxışlarının birində demişdir: “İdmançılarımızın əsas təkan verici stimulu Vətən sevgisidir. Bütün başqa amillərlə yanaşı, birinci sırada dayanan Vətənə, xalqa olan bağlılıqdır. Azərbaycan idmançıları istər Olimpiya oyunlarında, istərsə də Avropa, dünya çempionatlarında medallar qazananda, Azərbaycanın milli himni səslənəndə hər bir vətənpərvər Azərbaycan vətəndaşı sevinir. Hər bir insanın, hər bir vətənpərvər vətəndaşın ürəyi fərəhlə dolur. Bu unudulmaz anları bizə idmançılar bəxş edirlər”.

Ümummillli lider haqqında danışarkən onun adını daşıyan “Heydər Əliyev Fondu”nun fəaliyyəti də diqqət çəkir. Azərbaycanın I Vitse Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsüylə yaradılan və onun rəhbərliyi ilə son illər həyata keçirilən irimiqyaslı humanitar layihələr, o cümlədən fiziki məhdudiyyətli insanlara, valideyn himayəsindən məhrum olmuş, müxtəlif xəstəliklərdən əziyyət çəkən, həmçinin sağlamlıq imkanları məhdud uşaqlara göstərilən qayğı təbii ki, paralimpiyaçılarımızdan da yan keçməyib. Məlumat üçün qeyd edilməlidir ki, “Heydər Əliyev Fondu” tərəfindən ikiqat paralimpiya çempionu İlham Zəkiyev “Qızıl çinar” mükafatına, qalib paralimpiyaçılarımız isə fondun fərdi təqaüdünə layiq görülüb. Yuxarıda qeyd olunan bütün bu uğurlara görə paralimpiyaçılarımız ölkə idmanının əvəzolunmaz dostuna minnətdardırlar. Təsadüfi deyil ki, çıxışlarının birində İlham Əliyev özünü paralimpiyaçılarının dostu hesab etdiyini fəxrlə bildirmişdi. Ancaq onu təkcə paralimpiyaçıların dostu kimi qəbul etmək ədalətsizlik olardı və birmənalı olaraq möhtərəm prezidentimiz ölkə idmanının, bu idmanın bayraqdarlarının timsalında millətin dostudur.

Geri qayıt