Əsas Səhifə > Olimpiya > Londonda keçirilən Olimpiya Beynəlxalq Atçılıq Şousunda iştirak edən Azərbaycan nümayəndə heyəti Vətənə qayıdıb

Londonda keçirilən Olimpiya Beynəlxalq Atçılıq Şousunda iştirak edən Azərbaycan nümayəndə heyəti Vətənə qayıdıb


25-12-2018, 12:11


Londonda təşkil edilən ənənəvi Olimpiya Beynəlxalq Atçılıq Şousunda uğurla çıxış edən Azərbaycan idmançıları və nümayəndə heyəti dekabrın 25-də Vətənə qayıdıblar.

BrendSport.az xəbər verir ki, bununla əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançıların qarşılanma mərasimi təşkil olunub.

Mərasimdə Azərbaycan Atçılıq Federasiyasının (ARAF) əməkdaşları, idmançıların yaxınları, idman ictimaiyyətinin nümayəndələri və jurnalistlər iştirak ediblər.

Dekabrın 17-dən 23-dək Londonda ənənəvi olaraq təşkil edilən və 111 illik tarixə malik Olimpiya Beynəlxalq Atçılıq Şousunda Azərbaycan təmsilçilərinin valehedici çıxışları tamaşaçıları riqqətə gətirib, ingiltərəli atçılıq idmanı həvəskarlarının qəlbində Qarabağ atlarının coşqusunu alovlandırıb.

Bu ilin avqustunda Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq görülmüş və Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsinə rəhbərlik edən baş məşqçi Azər Həmzəyev uğurlu çıxışına görə komandanın hər bir üzvünü təbrik edərək deyib: “Biz artıq Vətəndəyik. Beş gün davam edən səfərimizin əsas məqsədi Qarabağ atlarını bütün dünyaya tanıtdırmaq idi. Düşünürəm ki, biz hər bir üzvümüzün səyi nəticəsində hamını valeh edə bildik, yerli tamaşaçıların diqqətini cəlb etdik. Fasilələrdə Qarabağ atı ilə maraqlananlar bizim yanımıza gəlir, atlarla və ölkəmiz haqqında sual verirdilər. Özümüzlə Qarabağ atları haqqında kitabçalar da aparmışdıq. Hər maraqlanan şəxsə o kitabları payladıq. Bütün idmançılarımız sağlamdır, heç biri o möhtəşəm fəndlərdən sonra zədələnməyib”.

Ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışan A.Həmzəyev əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan idman siyasətinin bu gün dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
Geri qayıt