Əsas Səhifə > Olimpiya > "Olimpiadada medal qazanan yeniyetmələr ölkə idmanının gələcəyidir"

"Olimpiadada medal qazanan yeniyetmələr ölkə idmanının gələcəyidir"


22-10-2018, 11:04
"Olimpiadada medal qazanan yeniyetmələr ölkə idmanının gələcəyidir"

“Gənclər və İdman Nazirliyini, Milli Olimpiya Komitəsini və olimpiadada təmsil olunan Azərbaycan idman federasiyalarını, ümumiyyətlə, bütün Azərbaycanı, idmançılarımızı və məşqçi heyətlərini təbrik edirik”.

Bunu Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov Azərbaycan idmançılarının Argentinanın paytaxtı Buenos-Ayresdəki Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında çıxışlarını dəyərləndirərkən deyib.

O bildirib ki, medal qazanan yeniyetmələr ölkə idmanının gələcəyidirlər: “Onların çıxışları hamımızı sevindirir. Bu gün Azərbaycanda ölkə prezidentinin idmana diqqəti, qayğısı bizim üzərimizə müəyyən məsuliyyət yükü qoyur. Bu məsuliyyət yükü ölkəmizə medalların qazanılmasından keçir. Bu gün görürük ki, cüdo, ağırlıqqaldırma, güləş, gimnastika, taekvondo və boks növlərində idmançılar ölkəmizə medallarla qayıdır. Bu isə onu göstərir ki, federasiyalarda iş mükəmməldir. Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi cəmiyyətlərlə birgə iş görür. Nəticəsi də göz qabağındadır. Bir daha hər kəsi təbrik edir, idmançılara uğurlar arzulayıram. Arzu edirəm ki, bu idmançılar öz qalibiyyətləri və uğurları ilə xalqımızı sevindirsinlər”.

R.Abbasovun sözlərinə görə, əldə olunan nəticə medal əmsalının yüksək olduğunu göstərir: “Bu olimpiadada yeni idman növlərində təmsil olunduq. Lisenziya qazanan idmançıların sayına görə əldə olunan medal əmsalı çox yüksəkdir. İştirakçı ölkələr çoxaldıqca rəqabət də artır. İdman nailiyyətləri əldə olunarkən rəqəmlər dəyişə bilər. Amma əsas odur ki, sabitlik və davamlılıq var. Nəticə göstərə bilməyən idmançıların da çıxışları bizi qane edir. Çünki ilk “5-liy”ə və “7-liy”ə düşən idmançılarımız var idi. Bunların yaşı imkan verir ki, növbəti yarışlarda da mübarizə aparsınlar. 17 idmançı ilə təmsil olunmuşduq. Əldə olunan medallar əmsalın yüksək olduğunu göstərir”.

Qeyd edək ki, Argentinaya yollanan 17 idmançıdan 2-si qızıl, 1-i gümüş, 3-ü bürünc medal qazanıb. Bu nəticə ilə Azərbaycan komandası medal əyarına görə 208 ölkə arasında 34-ci, medal sayında isə 38-ci yeri tutub.
Geri qayıt