Əsas Səhifə > Olimpiya > "Sərhədçi"də 8 döyüş

"Sərhədçi"də 8 döyüş


3-06-2018, 13:46


Avropa Azərbaycanlıları Konqresinin təşkilatçılığı, "Qəbələ” İdman Klubunun dəstəyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş boks yarışı keçirilib.

"Sərhədçi” İdman Olimpiya Mərkəzində baş tutan boks gecəsində 8 döyüş təşkil olunub. Rinqə Azərbaycanın 7, Gürcüstanın 4, Ukraynanın 2, Rusiya, CAR və Macarıstanın hərəsinin 1 boksçusu çıxıb.

Öncə reytinq döyüşləri keçirilib. Orta çəkidə ukraynalı Taras Qolovaşenko gürcüstanlı Zaza Amiradzeyə nokautla qalib gəlib. Eyni çəki dərəcəsində baş tutan iki Azərbaycan boksçusunun duelində İsmət Eynullayev Şirxan Məmmədovu nokautla məğlub edib. Yüngülvari çəkidə Azərbaycan təmsilçisi Kənan Hüseynəliyev macarıstanlı Yojef Ajtai üzərində nokautla qələbə qazanıb. Samir Hacıyev orta çəkidə keçirilən döyüşdə gürcüstanlı Anika Vaxtanqaşvilidən nokautla üstün olub. Eyni kateqoriyada gürcüstanlı Sandro Teraşvili ilə qarşılaşan Vüsal Əliyev 4 raundluq mübarizəni qalib kimi başa vurub. Reytinq xarakterli son döyüşdə Azərbaycan təmsilçisi Rauf Ağayev yüngülvari çəkidə gürcüstanlı Spartak Şengeliyanı 4 raundluq mübarizədə məğlub edib.

Günün əsas döyüşü birinci ağır çəki dərəcəsində baş tutub. IBO və WBCA dünya kəməri uğrunda 12 raundluq qarşılaşmada ukraynalı Roman Qolovaşenko ilə cənubi afrikalı Kevin Lerena üz-üzə gəliblər. İlk iki raundda təşəbbüsü rəqibinə verən afrikalı ukraynalının təzyiqinin qarşısını alıb və mübarizəni əks-həmlələrdə qurub. 3-cü raunddan üstünlüyü ələ alan Lerena rinqdə daha sürətli hərəkət edib və Qolovaşenkonun müdafiə olunarkən buraxdığı boşluqlardan yararlanıb. Ukraynalını 5-ci raundda noqdauna göndərən Lerena döyüşün sonunadək 1-ci nömrə kimi mübarizə aparıb. Nəticədə hakimlərin yekdil qərarı ilə afrikalı qalib gəlib – 115:112, 115:112, 116:111.

Boks gecəsində WCA və WBC Asiya kəmərinin sahibi də bəlli olub. Azərbaycan idmançısı Malik Məmmədzadə rusiyalı İbrahim Tsurovla qarşılaşıb. Yarımağır çəkidə baş tutan görüşdə rusiyalı boksçu nokautla qalib gəlib.
Geri qayıt