Əsas Səhifə > Müsahibə > "... anlaşma baxımından bir az problem olurdu"

"... anlaşma baxımından bir az problem olurdu"


9-12-2017, 11:14


“Qarabağ”ın müdafiəçisi Elvin Yunuszadə Topaz Premyer Liqanın 4-cü turundan təxirə salınmış “Səbail”lə oyundan (2:0) sonra jurnalitlərin suallarını cavablandırıb.

- Öncə oyunla bağlı fikirlərinizi bilmək istərdik...

- Birinci dövrədəki kimi, bu dəfə də oyunun çətin keçəcəyini bilirdik. Meydança da ağır idi. Üstəlik, Roma səfərindən qayıtmışdıq. Düzdür, heyətdə dəyişikliklər edilmişdi. Amma komandada psixoloji cəhətdən yorğunluq var idi. Əsas odur, 3 xal qazandıq. Çempionatın ən vacib oyunlarından biri idi. Sevinirəm ki, fasiləyə qələbə ilə yollandıq.

- Futbolçular meydançada tez-tez sürüşürdülər...

- Sanki top qaçırdı. Buna görə də çətinlik çəkirdik. Öz meydançamızla müqayisədə burada texniki səhvlər daha çox edirdik.

- İlk hissə “Qarabağ” üçün ağır keçdi. Çox əziyyət çəkdiniz?

- Mən deyərdim ki, hər iki hissə bizim üçün ağır keçdi. Heyətdəkilər daim bir-biri ilə oynayan futbolçular deyildi. Buna görə birinci hissədə anlaşma baxımından bir az problem olurdu. İkinci yarıda isə hər şeyi qaydasına qoyduq. Qollar vurub, qalib gəldik.

- Bu qələbədən sonra ən yaxın izləyiciniz "Qəbələ" ilə 6 xallıq fərq yarandı…

- Səhv etmirəmsə, keçən il də belə vəziyyət yaranmışdı. Amma 2oyundan sonra "Qəbələ" bizə çatmışdı. Turnir cədvəlinə baxıb rahatlaşmaq olmaz. Bu, hələ heç nə demək deyil. Çempionatın ikinci yarısına elə hazırlaşmılıyıq ki, sanki xal fərqi yoxdur, hətta "Qəbələ"dən geridəyik.

- Belə bir fikir formalaşıb ki, “Qarabağ” Çempionlar Liqasındakı çıxışını başa vurduqdan Premyer Liqada hər oyunda qələbə qazanacaq...


- Yox, mən belə deməzdim. Elə fikirləşmək bizim ziyanımıza olar. Məncə, bizi istəməyənlər bu cür fikirləşər. Biz də elə düşünsək, motivasiyamız aşağı düşər. Hər oyuna yaxşı hazırlaşıb, ciddi çıxmaq lazımdır.
Geri qayıt