Əsas Səhifə > Müsahibə > “V sinifdə oxuyarkən rayon çempionu olmuşam”

“V sinifdə oxuyarkən rayon çempionu olmuşam”


28-08-2017, 16:30


Rauf Heydərov Fuad oğlu, 1998-ci il, iyunun 7-də Azərbaycanın gözəl bölgələrindən biri olan Şamaxı şəhərində anadan olub. Soltan Məcid Qənizadə adına 1 saylı tam orta məktəbi bitirib. Təhsilini 2013-cü ildə Sumqayıt Dövlət Universiteti nəzdində Sumqayıt Dövlət Texniki Kollecində davam etdirib və 2017-ci ildə həmin kolleci bitirmişdir. Rauf həmçinin Şamaxı rayonu İ.Nəsimi adına 1 saylı Uşaq İncəsənət Musiqi Məktəbinin Skripka sinfində musiqi təhsili almış, daha sonra Sumqayıt şəhər Bülbül adına 2 saylı Uşaq İncəsənət Məktəbində həmin ixtisasa təhsilini davam etdirmiş və 2015-ci ildə təhsilini bitirmişdir. Musiqi təhsili aldığı illərdə bir çox konsertlərdə, tədbirlərdə skripkada ifa etmişdir.

Rauf Heydərovun musiqiyə, sözə, şeirə olan marağı onu repçi olmağa sövq etmişdir. “AntiChrist Rauf” təxəllüsü ilə bir çox treklərini, sonralar özünün musiqi studiyasında hazırlamışdır. O, hazırda studiyada səsyazma, aranjiman, musiqi bəstəcisi, klip çəkilişi və montajı və s. Xidmətlər göstərir.

Rauf həmçinin, Azərbaycanda ilk taekvando idman repinin ifaçısıdır. Bu trekin sözlərini, onun taekvando müəllimi, Alxas Məmmədov yazmışdır. Məhz Alxas müəllimin dəstəyilə, sözügedən trekə Raiq Əfəndiyevin operatorluğu və rejissorluğu ilə çəkilən klip, qısa müddət ərzində yayılıb, sevilmişdir.
Bu yaxınlarda Raufla görüşdük və onunla apardığımız söhbəti oxucularımıza təqim edirik.



-Nəyə görə taekvondo trekini hazırladınız?

-Bu idman növünə olan marağım və taekvondo müəllimim Alxas Məmmədov ilə düşündük və qərara gəldik ki, Azərbaycanda bu sahəyə dair bir idman repi olmalıdır, bir yandan da gəncləri həvəsləndirmək lazımdır.

-Yeni layihələr üzərində işləyirsinizmi?

-Bəli, yenə də kaskadyorlara aid böyük layihə üzərində işləyirik. İnşaAllah yaxın zamanda dinləyicilərlə bölüşəcəyik.

-Dediyiniz layihə haqqında nə məlumat verə bilərsiniz?



-İlk öncə nadir, çətin peşələrdən biri olan bu sahənin davamçılarını, bütün kaskadyorları, xüsusi olaraq "Qızıl onluq" qrupunu salamlayıram. İdmançılar bir araya gələrək qısametrajlı film festivalı üçün "C-43" adlı qısametrajlı film çəkmişlər. Mən də həmin film üçün kaskadyorlara aid trek hazırlayıram. Taekvondo layihəsində olduğu kimi, yenə də, sözlər və ideya müəllifi Alxas Məmmədov olacaq. Filmin qəhrəmanı Süleyman Məmmədli, rejissoru Zahid Nadirov, montaj işləri isə İmran Əsədova məxsusdur. Film triller, aksion janrındadır.

-Taekvondodan nailiyyətiniz varmı?

-Bəli, V sinifdə oxuyarkən rayon çempionu olmuşam, lakin, bəzi səbəblərə görə davam edə bilmədim.

-Söhbətiniz üçün təşəkkür edir, gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq.

-Mən də sizə və brendsport.az saytının bütün üzvlərinə dərin təşəkkürlərimi bildirəm, sizlərə bu yolda uğurlar arzulayıram.

A.Məmmədov
Geri qayıt