Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Ayxan Abbasov: “Azarkeşlər bizi ilk “üçlük”də görmək istəyirlər?”



“Azarkeşlər bizi ilk “üçlük”də görmək istəyirlər?”

BrendSport.az
xəbər verir ki, bunu “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov “Şamaxı” ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXIX tur oyunundan sonra mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis oyundan narazılığını bildirən azarkeşləri anlaya bilmədiyini qeyd edib: “Azarkeşlər oyundan narazı ola bilərlər, haqlıdırlar. Neçə matçdır qalib gələ bilmirik. Amma qarşımıza qoyulan məqsəd var idi və mövsümün əvvəlindən deyirdik ki, səbirli olmalıyıq. Çempionatda 10 il çıxış edən klublar bu gün əziyyət çəkirlər. Ötən yay bir ay ərzində kollektivi qurduq. Kənardan asan görünə bilər. Amma həmin bir ayda Nadir Nəbiyevlə çox əziyyət çəkdik, gecəmiz-gündüzümüz yox idi. Klubun büdcəsi də bilinmirdi. 9 ildən sonra Premyer Liqaya qayıdan komandaya futbolçu gətirmək çətin idi. Artıq bu problemləri geridə qoymuşuq. Bəlkə də, əlavə 1-2 oyunda qələbə qazanmasaydıq, digər komandalar kimi, təzyiqdə çıxış edəcəkdik və qazanılan hər xala sevinəcəkdik. Digər dörd klubdan bir az rahatıq”.

Ayxan Abbasov əlavə edib ki, klubun sükanı arxasına keçəndə avrokuboklara vəsiqə sözü verməyib: “Ötən mövsüm avrokuboklarda çıxış edən komandaya gəlməmişəm ki, böyük təzyiq etsinlər. Dar gündə kömək eləməyə gəlmişik. 3-4 nəfər narazıdır, məktəbli uşaqları da yığırlar ora. Bunu yaraşdırmıram. Əsl tovuzlu azarkeşlər “Neftçi”yə məğlub olduğumuz görüşdə belə, komandanı dəstəkləmişdilər. Çempionatın gərgin dönəmidir və kubokda da həlledici mərhələlərdir. Belə bir anda baş verənlər mənə ağır gəlir. Ola bilsin ki, məni istəmirlər. Keçmiş komandamda da bir kəlməyə çıxmışam, heç bir problem yaratmamışam. İndi burada da rəhbərlik narazıdırsa, onlara verdiyim sözü yerinə yetirməsəm, əlbəttə ki, qalmayacağam. Tovuza gələndə 4-5-ci yerləri söz verməmişəm, demişəm ki, Premyer Liqada qalmağa oynayacağam. Təəssüf ki, Konfrans Liqasını bizdə çox sadələşdiriblər. Hər kəs düşünür ki, ora getməliyəm”.

O, rəhbərliyin komandaya dəstək verdiyini söyləyib: “Rəhbərlik komandaya ürək-dirək verdi, sakitləşdirdi. Bütün gün Tovuzdayıq, gəlib narazılıqlarını bildirsinlər, görək, nədən şikayətçidirlər. Evdə “Şamaxı”nı udmalıyıq, bunu mən də bilirəm. Amma “Şamaxı”nın “Qarabağ”la, “Sabah”la, “Neftçi” ilə matçına baxmaq lazımdır. Dünən heç kimin gözləmədiyi halda “Səbail” “Sabah”a qalib gəldi. İlk ilimizdə ölkə kubokunun yarımfinal həyəcanını yaşayacağıq. Nədən narazıdırlar? Deyirik ki, bölgələrə futbol gəlsin. Amma azarkeş də öz fikrində inkişaf etməlidir. İstefalarla, məşqçi dəyişiklikləri ilə nə əldə edəcəyik? Burada yapışıb qalmamışıq. Tez-tez məşqçi dəyişib uğur qazanan hansı komanda var? Mən görməmişəm. Oyun üslubumuza uyğun futbolçular axtarırıq. Sistemi oturtmağa vaxt lazımdır. Sabah şərait yaradılandan, geniş heyət yığandan, bahalı futbolçular gətirəndən sonra tələb başqa olacaq”.

Ayxan Abbasov əlavə edib ki, kimlərin narazılıq etdiklərini bilir: “Bilirəm kimlərdir, məktəbliləri yığmaqda da yəqin ki, səy göstəriblər. Mənə maraqlıdır, hansı tovuzlu kənarda qalıb? Biz gənc oyunçular axtarırıq. Amma gənclərlə çıxıb sonuncu yeri tutsan, səni yenə qəbul etməyəcəklər. Deyəcəklər ki, oynatmazdın, Premyer Liqada qalmaq istəyirik. Biz də istəyirik ki, 1-2 ildən sonra tovuzlu uşaqlar üzə çıxsın”.


Facebook-da paylaş

Xəbəri paylaş