Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Qarabağ"a belə münasibət olmamalıdı" - Qurban Qurbanovdan həyəcan təbili



Azərbaycan milli komandasının və “Qarabağ”ın baş məşqçisini narahat edən bu məsələyə keçməzdən əvvəl bir kiçik anonsu oxucuların diqqətinə çatdıraq. Gələn həftənin əvvəlindən Qol.az-da Qurban Qurbanovla silsilə müsahibə yayımlanacaq. Bu müsahibəni oxumağınızı tövsiyə edir və xüsusi vurğulamağı vacib bilirik ki, millinin baş məşqçisi vəzifəsində fəaliyyətə başladıqdan sonra Qurban Qurbanovda bizim yerli futbolçularla əlaqədar, elə onun özünün təbirincə desək, ciddi narahatlıq və narazılıq yaranıb. Həmin oyunçuların say etibarı ilə miqyası isə, təsəvvürə gətirilməcəyək dərəcədə böyükdü ki, bu və bunun səbəbləri haqda da o, ilk dəfə bu müsahibəsi zamanı danışıb.

İndi keçək başqa bir önəmli və ağrılı məsələyə. Hansı ki, ümumən 4 saatlıq söhbətimizin artıq qeyri-rəsmi hissəsində Qurban bəy bu problemlə əlaqədar haqlı narahatlığını dilə gətirdi. O problem hamımıza bəllidi: yerli çempionatın oyunlarında azarkeş yoxluğu. Stadionlarda tribunaların bom-boş olmasına, başqa sözlə, azarkeşlərin öz komandalarına vəfasızlığına, biganəliyinə, medianın isə bu məsələni lazimı səviyyədə qabartmamasına millinin baş məşqçisi ürək ağrısıyla münasibət bildirdi, hətta bunu “futbolumuzun bugünkü faciəsi” də adlandırdı.

Əlbəttə, ümumi Azərbaycan futbolundan danışsaq, bu problemin tək azarkeşlərin laqeydliyi deyil, həm klub, həm milli komandalar səviyyəsində davamlı uğursuzluqlar, bölgələrdə futbolun yoxluğundan qaynaqlandığı barədə bizim fikirlərimiz oldu. Amma konkret “Qarabağ”dan danışırıqsa, komandaya azarkeşlərin kütləvi biganəliyindən onun inciməyə haqqı çatdığını söyləyə bilərik. Azərbaycan futbol tarixinin ən yaxşı və hazırda ən uğurlu dövrünü keçirən komandasının daxili yarışlarda ev oyunlarını 500-1000 azarkeş deyil, Qurban Qurbanovun özünün də dediyi kimi, heç olmasa, 7-10 min azarkeş izləməlidi. Axı, Çempionlar Liqasında komandanın Bakıdakı matçlarına 60-70 min azarkeş gəlib. Bəs, hanı o azarkeşlərin, çox demirik, cəmi 10 faizi?

Qurban Qurbanovu da narahat edən elə bu məsələdi: “Başqası olsa, bəlkə bu qədər yanğıyla danışmaram. Amma komanda işğal altındakı Qarabağımızı təmsil edir, ona belə münasibət olmamalıdı”.

Bəli, hər nə qədər pafoslu səslənsə də, yaralı bölgəni, milyona yaxın qaçqın-köçkünü təmsil edir “Qarabağ”. Amma Qarabağ bölgəsindən, elə Ağdam rayonunun özündən olan və paytaxt Bakıda məskunlaşan minlərlə, onminlərlə futbolsevər də var ki, biz daxili çempionatda heç onları da görmürük. Avropa kubokları zamanı isə hansı bölgəni təmsil etməsindən asılı olmayaraq, “Qarabağ”ın oyunlarında stadion ağzına qədər dolu olur. Qurban Qurbanov isə deyir ki, “avrokubok oyunlarına onsuz da azarkeş gəlir, bizə əsl dəstəyi yerli çempionatda stadiona gəlməklə göstərmək olar”.

Amma “Qarabağ”ın ev oyunları zamanı “Azərsun Arena”nın tribunalarında klubun adını, onun uzun illərin zəhməti bahasına qazandığı uğurları heçə vuran acınacaqlı mənzərənin şahidi oluruq: faktiki boş tribunalar. Komandanı dəstəkləyən yalnız 500-1000 min nəfər civarındakı sadiq azarkeşləridi. Və işin yaxşı mənada heyrət doğuran tərəfi odur ki, bu qədər biganəlik görən, boş tribunalar önündə oynayan komanda son illər Çempionlar Liqası, ən pis halda isə Avropa Liqası kimi mötəbər yarışın qrupunda oynaya bilir. Bu iki ciddi yarışın təkcə qrup mərhələsində ümumən 80 komanda çıxış edir (32-si ÇL-də, 48-i AL-də). Amma “Qarabağ”ı çıxmaqla digər 79 komandanın heç birinin tribunalarında belə biabırçı hala rast gəlinmir. Bir tək bizdə ona görə rast gəlinir ki, görünür, artıq “Qarabağ”a sadiqlik meyarı avrokuboklardakı 7-8 oyunluq mövsümü matçlarla ölçülməyə başlayıb.

Qurban Qurbanovla dünənki söhbətimiz zamanı onun bu durumdan nə qədər məyus olduğunu, sarsıldığını, azarkeşlərdən incidiyini sezməmək mümkün deyildi. Sonda sual verdik: “Bu durum sizə, komandaya necə təsir edir”. Cavab verdi ki, ruhdan düşürəm, ruhdan düşürük...

Bu, “Qarabağ”ın yanında olmayan azarkeşlərə ciddi bir mesaj, həm də baş məşqçinin həyəcan siqnalıdı. Dalbadal 5 çempionluq qazanan bu komanda mənən uduzmağa doğru gedir.

Yanında olun, “Qarabağ”ın...

Aydın BAĞIROV


Facebook-da paylaş

Xəbəri paylaş