Əsas Səhifə > Milli komandalar > Polşada yeniyetmə və gənclər arasında qılıncoynatma üzrə dünya birinciliyinə start verilib

Polşada yeniyetmə və gənclər arasında qılıncoynatma üzrə dünya birinciliyinə start verilib


8-04-2019, 14:20


Polşanın Torun şəhərində yeniyetmə və gənclər arasında qılıncoynatma üzrə dünya birinciliyinə start verilib.

BrendSport.az Azərbaycan Qılıncoynatma Federasiyasına istinadla xəbər verir ki, turnirin birinci günündə sablya üzrə gənc oğlanlar və qızların yarışlarında qaliblər müəyyənləşib. Oğlanların yarışında ölkəmizi Cavanşir Ağakişiyev, qızların mübarizəsində isə Aysel Əhədova təmsil ediblər. Sablyaçılarımızdan Cavanşir Ağakişiyev qrup mərhələsində keçirdiyi altı görüşdən üçünü qələbə ilə başa vurub. O, 1/64 finalda ABŞ idmançısı Ervin Kaiyə 7:15 hesabı ilə uduzub. Qılıncoynadanımız 150-dən çox iştirakçı arasında 76-cı sırada qərarlaşıb.

Digər sablyaçımız Aysel Əhədova isə qızların yarışında qrup mərhələsini uğurla adlayıb. A.Əhədova qrupda keçirdiyi beş görüşdən üçündə qalib gəlib. A.Əhədova 1/64 finalda Ukrayna təmsilçisi Marqarita Smirnovaya 10:15 hesabı ilə uduzaraq mübarizəni dayandırıb. O, 120-dən çox iştirakçı arasında 66-cı olub.

Dünya birinciliyinə aprelin 14-də yekun vurulacaq.
Geri qayıt