Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Rəhim Allahverdiyev: Hədəfimiz Olimpiya Oyunlarına lisenziya əldə etməkdir



Başa çatmaqda olan 2018-ci ildə Azərbaycan idmanının inkişafı istiqamətində böyük uğurlar əldə edilib. Qazanılmış nailiyyətlər bu sahəyə dövlətin göstərdiyi diqqət və qayğısının bariz nümunəsidir. Ənənəvi olaraq, hər il yüksək nəticə göstərən idmançı və idman mütəxəssislərinin əməyinin dövlət tərəfindən yüksək səviyyədə qiymətləndirilməsi bir daha sübut edir ki, ölkəmiz bu istiqamətə mühüm əhəmiyyət verir. Biz idman mütəxəssisləri də gənc nəslin hərtərəfli inkişafında mühüm rol oynayan bədən tərbiyəsi və idmanın kütləviliyinin təmin edilməsi məqsədilə üzərimizə düşən vəzifələri yerinə yetirmək üçün səylə çalışırıq.

BrendSport.az saytı xəbər verir ki, Bu fikirləri “Qızıl Əlcək” idman klubunun və 1 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin (RİOEUGİM) boks üzrə baş məşqçisi, Əməkdar məşqçi Rəhim Allahverdiyev AZƏRTAC-a müsahibəsində deyib.

“Qızıl Əlcək” klubunda perspektivli idmançılar yetişirlər

1998-ci ildən “Qızıl əlcək” klubunda, bu ilin sentyabrından isə həm də 1 saylı RİOEUGİM-də boks üzrə baş məşqçi kimi çalışan Rəhim Allahverdiyev fəaliyyət göstərdiyi idman qurumlarında boksun inkişafı istiqamətində görülən işlərdən, əldə edilən nailiyyətlərdən danışıb. Qeyd edib ki, daha çox 91, 203, 163, 162, 51 saylı və digər orta ixtisas təhsil müəssisələrindən, eləcə də klubun fəaliyyət göstərdiyi əraziyə yaxın yerdə yaşayan uşaq və yeniyetmələrlə yanaşı, Bakının müxtəlif rayonlarından boks bölməsinə gələnlər idmanın bu növünün sirlərinə böyük həvəslə yiyələnirlər.

Dünyada güclü ənənələrə söykənən və ən qədim idman növlərindən sayılan boksa Azərbaycanda böyük marağın olduğunu bildirən məşqçi sıralarında 250-dən çox idmançını birləşdirən “Qızıl Əlcək”də Avropa və dünya çempionlarının yetişdiyini bildirib: “Xaqani Quluzadənin rəhbərliyi ilə yaradılan klubumuzda gənclər arasında dünya çempionu Şaban Şahpələngov, Avropa çempionatlarının qalib və mükafatçıları karyeralarını davam etdirirlər. Ş.Şahpələngov 2010-cu ildə Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AİBA) tərəfindən dünyanın ən gənc və ən yaxşı boksçusu seçilib”.

Qeyd edib ki, ənənəvi olaraq, ilin əvvəlində keçirilən kişilər arasında ölkə çempionatında klubun idmançıları Nicat Məmmədov (69 kq) gümüş, Ramal Yusifzadə (56 kq), Orxan Süleymanov (49 kq) bürünc medal qazanıblar. Gənclər arasında Azərbaycan birinciliyində isə Nicat Həsənov (69 kq) qızıl, Ağasəlim Mustafazadə (56 kq) gümüş, Səbuhi Məmmədov (56 kq) bürünc medallara sahib olublar. Yığma komandanın ölkə çempionatında uğurlu çıxışına görə Rəhim Allahverdiyev “Ən yaxşı məşqçi” nominasiyasında qalib adını qazanıblar.

Bu il boksçularımız beynəlxalq yarışlarda, eləcə də ölkədaxili turnirlərdə fərqləniblər

Yetirmələrinin beynəlxalq və ölkədaxili yarışlarda qazandığı uğurlardan da danışan məşqçi deyib: “Nicat Həsənov (69 kq) İtaliyada keçirilən Avropa çempionatında gümüş medal qazanmaqla, həm də Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına lisenziya əldə edib. Bu il o, beynəlxalq turnirlərdə və ölkədaxili yarışlarda da böyük uğurlar qazanıb. Yığmamızın digər üzvü Ağasəlim Mustafazadə (56 kq) Ukraynada gənclər arasında beynəlxalq turnirin qalibi olub. Nihat Abdullayev (50 kq), Amin Məmmədzadə (36 kq) isə Gürcüstanda yeniyetmələr arasında keçirilən beynəlxalq turnirdə qızıl medal qazanıblar. Gənc boksçular arasında açıq Bakı birinciliyində Konstantin Kadırov (81 kq) qızıl, Rüfət Mustafazadə (69 kq) isə bürünc medallara layiq görülüblər.

Klubun təmsilçiləri “Təhsil” Respublika İdman Mərkəzi 1 nömrəli RİOEUGİM-in açıq birinciliyində 2 qızıl, 1 gümüş, 5 bürünc, S. Süleymanovun şərəfinə keçirilmiş “Təhsil” İdman Mərkəzinin respublika birinciliyində isə 2 qızıl, 1 gümüş, 1 bürünc medala sahib olublar.

Gələn il yeni uğurlar qazanmaq üçün əsaslı zəmin var

Gələn il üçün boks üzrə milli komandanın tərkibinin artıq müəyyənləşdirildiyini bildirən R.Allahverdiyev baş məşqçisi olduğu idman qurumlarının boksçularının yığma komandada yer aldıqlarını vurğulayıb. Bildirib ki, yeniyetmələr arasında Azərbaycan birinciliyində Nihat Abdullayev (50 kq) gümüş medal qazanıb. Kişilər arasında isə Nicat Həsənov bu uğura imza atıb. Nicat gənc olsa da, kişilərin yarışında çıxış edirdi. O, yarışın finalında böyük əzmkarlıq nümayiş etdirdiyi üçün çempionatın yekun nəticələrinə görə, “Ən əzmkar boksçu” nominasiyasında qalib elan edilib.

Qarşıda bizi Avropa və dünya çempionatları, eləcə də Olimpiya Oyunlarına lisenziya verən turnirlər gözləyir. Artıq boksçular yığma komandaya təlim-məşqlərə cəlb olunublar. Elə perspektivli idmançılar var ki, ölkə çempionatında zədə və ya digər səbəblərdən iştirak etməsələr də, baş məşqçi tərəfindən yığmaya dəvət alıblar. Boksçumuz Nicat Məmmədov da belə idmançılardandır və o da milli komandada təlim-məşqləri davam etdirir.

Gələn il ikinci Avropa Oyunları keçiriləcək. Ondan əvvəl isə bir sıra beynəlxalq turnirlər təşkil ediləcək. Həmin yarışların nəticələrinə görə, idmançılar yığma komandanın baş məşqçisinin seçimi ilə qitə oyunlarında mübarizə aparacaqlar. İkinci Avropa Oyunlarında yüksək nəticə qazanmış idmançılar dünya çempionatında iştirak edəcəklər. Dünya çempionatının nəticələrinə görə isə idmançılar “Tokio 2020”yə lisenziya qazanacaqlar. Əsas hədəfimiz Olimpiya Oyunlarına lisenziya əldə etməkdir.


Facebook-da paylaş

Xəbəri paylaş