Əsas Səhifə > Maraq > Yunan-Roma güləşçilərimiz U-23 Avropa çempionatında üç qızıl medal qazanıblar

Yunan-Roma güləşçilərimiz U-23 Avropa çempionatında üç qızıl medal qazanıblar


15-03-2023, 22:45
Yunan-Roma güləşçilərimiz U-23 Avropa çempionatında üç qızıl medal qazanıblar


Rumıniyanın paytaxtı Buxarestdə 23 yaşadək güləşçilər arasında Avropa çempionatı davam edir.
BrendSport.az xəbər verir ki, mübarizəyə dörddəbir finaldan qoşulan yunan-Roma güləşçimiz Elmir Əliyev (60 kq) türk Mert İlbarsla gərgin keçən görüşdə əzmkar qələbə qazanıb. Həmyerlimiz yarımfinalda gürcüstanlı Dimitre Xaçidzeni üstələyib. E.Əliyev finalda israilli Melkamu Fetene ilə qarşılaşıb və rəqibinə qalib gələrək Avropa çempionu olub.
Qurban Qurbanov (72 kq) ilk mərhələdə xorvatiyalı Luka Malobabiçi vaxtından əvvəl xalçadan məyus yola salıb. Təmsilçimiz səkkizdəbir finalda rumıniyalı İqor Botezdən güclü olub. Güləşçimiz dörddəbir finalda finlandiyalı Coni Komppaya qalib gəlib. Yarımfinalda gürcüstanlı Giorgi Çixvadzeylə görüş gərgin mübarizə şəraitində keçib. Sonuncu xal prinsipinə əsasən (1:1) rəqibini üstələyən güləşçimiz adını finala yazdırıb. Q.Qurbanov həlledici qarşılaşmada ukraynalı İrfan Mirzoyevə heç bir şans verməyib. Rəqibinə tam üstünlüklə qalib gələn güləşçimiz ölkəmizə ikinci qızıl medalı qazandırıb.
Yunan-Roma güləşçimiz Murad Əhmədiyev (97 kq) debütdə serbiyalı Luka Katiçə qalib gəlib. Pəhləvanımız dörddəbir finalda ukraynalı Aleksandr Yevdokimovu məğlub edib. M.Əhmədiyev yarımfinalda almaniyalı Lukas Lazogianisi üstələyərək finalda macarıstanlı Aleks Şokeyə rəqib olub. Finalda rəqibini əks-fənddə yaxalayan güləşçimiz “tuşe” ilə qalib gələrək Avropa çempionu olub.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Xasay Həsənli (77 kq) gümüş medal qazanıb. Yunan-Roma güləşi üzrə Azərbaycan millisi U-23 dünya çempionatını 3 qızıl və 1 gümüş medalla başa vurub.
Geri qayıt