Əsas Səhifə > Maraq > DÇ-2022: Monteneqronu məğlub edən Türkiyə “pley-off”a vəsiqə qazanıb

DÇ-2022: Monteneqronu məğlub edən Türkiyə “pley-off”a vəsiqə qazanıb


17-11-2021, 02:30
DÇ-2022: Monteneqronu məğlub edən Türkiyə “pley-off”a vəsiqə qazanıb

Noyabrın 16-da 2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinə yekun vurulub.
BrendSport.az xəbər verir ki, X turun son oyun günündə D, E və G qruplarında ümumilikdə 7 görüş baş tutub. Bununla da Avropadan final mərhələsinə və pley-offa vəsiqə qazanan son komandalar bəlli olub.
Gecənin ən maraqlı oyunları G qrupunda oynanılıb. İyirmi xalla qrupa başçılıq edən Niderland millisi doğma meydandan on doqquz xala malik Norveçi seçməsini sınağa çəkib. Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb.
"Narıncılar"ın qollarına Stiven Berqveyn və seçmə mərhələnin ən məhsuldar futbolçusu Menfis Depay imza atıb.
Digər önəmli matçda isə Türkiyə yığması səfərdə Monteneqro ilə qarşılaşıb.
Oyunda hesabı erkən qolla (Fatos Beçiray, 4-cü dəqiqə) monteneqrolılar açsada, 22-ci və 60-cı dəqiqələrdə "ay-ulduzlu"lar ardıcıl iki dəfə fərqlənərək vacib üç xalı qazanıb. Qolları müvafiq olaraq Kerem Aktürkoğlu və Orkun Kökçü vurub.
D qrupunda 2-ci yer uğrunda mübarizə aparan Finlandiya millisi Fransanı qəbul edib. Didye Deşamın baş məşqçi olduğu komanda mundiala vəsiqəni təmin etdiyindən qarşılaşma qonaqlar üçün elə də önəm kəsb etmirdi. Meydan sahibləri isə pley-offa çıxmaq üçün evdə ən azından uduzmamalıydı. Buna baxmayaraq fransalılar son turda da qələbə qazanıb - 2:0.
Qrupun digər oyununda Ukrayna seçməsi Bosniya və Herseqovinanın qonağı olub. Gərgin keçən görüşdə qonaqlar üstün olub - 0:2.
Bu nəticədən sonra Aleksandr Petrakovun rəhbərlik etdiyi kollektiv pley-offa adlayıb.
Gecənin bütün görüşlərində aşağıdakı hesablar qeydə alınıb:
D qrupu
Finlandiya – Fransa - 0:2.
Bosniya və Herseqovina – Ukrayna - 0:2.

Qrupdakı vəziyyət: Fransa - 18, Ukrayna - 12, Finlandiya - 11, Bosniya və Herseqovina - 7, Qazaxıstan - 3.
E qrupu
Uels – Belçika - 1:1.
Çexiya – Estoniya -2:0.

Qrupdakı vəziyyət: Belçika - 20, Uels - 15, Çexiya - 14, Estoniya - 4, Belarus - 3.
G qrupu
Cəbəllütariq – Latviya - 1:3;
Monteneqro - Türkiyə - 1:2;
Niderland – Norveç - 2:0.

Qrupdakı vəziyyət: Niderland - 23, Türkiyə - 21, Norveç - 18, Monteneqro - 12, Latviya - 9, Cəbəllütariq - 0.

Qeyd edək ki, daha əvvəl Avropa zonasından Almaniya, Danimarka, Belçika, Fransa, Xorvatiya, Serbiya, İspaniya, İngiltərə və İsveçrə yığmaları DÇ-2022-yə vəsiqə qazanıb. Pley-off mərhələsində isə hələlik Portuqaliya, İsveç, Şotlandiya, Rusiya, Şimali Makedoniya, İtaliya və Polşa millilərinin çıxış edəcəkləri dəqiqləşib.
Geri qayıt