Əsas Səhifə > Maraq > Gənclər və idman naziri ilə AFFA-nın icraçı vitse-prezidenti arasında görüş olub

Gənclər və idman naziri ilə AFFA-nın icraçı vitse-prezidenti arasında görüş olub


13-09-2021, 18:09
Gənclər və idman naziri ilə AFFA-nın icraçı vitse-prezidenti arasında görüş olub


Sentyabrın 13-də AFFA-nın inzibati binasında gənclər və idman naziri Fərid Qayıbov ilə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov arasında görüş olub.
BrendSport.az AFFA-ya istinadla xəbər verir ki, Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə keçirilən görüşdə AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov, futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi, Kütləvi Futbol Departamentinin müdiri Fərrux İsmayılov, Gənclər və İdman Nazirliyinin futbol sektorunun aparıcı məsləhətçisi Əliniyaz Mirzəyev iştirak ediblər.
F.Qayıbovu gənclər və idman nazirini vəzifəsinə təyinatı münasibətilə təbrik edən E.Məmmədov onu AFFA rəhbərliyi və futbol ictimaiyyəti adından təbrik edib, fəaliyyətində uğurlar arzulayıb. AFFA-nın icraçı vitse-prezidenti nazirin idman qurumları ilə rəsmi görüşlərinə ölkəmizdə ən kütləvi idman növü olan futboldan başlamasından böyük məmnunluq hissi keçirdiyini bildirib.
Görüşdə AFFA-nın strukturu və fəaliyyəti barədə ətraflı məlumat verilib. AFFA-nın son dörd ili əhatə edən illik hesabat nəşrləri nazirə təqdim olunub. Bildirilib ki, 2010-cu ildən 2020-ci ilədək olan bütün illik hesabatlar ictimaiyyətə şəffaf şəkildə təqdim edilib. Həmin hesabatlarla AFFA-nın saytı vasitəsilə tanış olmaq mümkündür.
Nazirin diqqətinə hazırda gündəmdə olan və həlli vacib bir neçə məsələ də çatdırılıb. Bildirilib ki, 8 komandanın iştirakı ilə keçirilən Azərbaycan Premyer Liqasında idman rəqabəti qənaətbəxş səviyyədə olsa da, AFFA və Peşəkar Futbol Liqası komandaların sayının 10-a yüksəldilməsini istəyir. Lakin maliyyə resurslarının çətinliyi ucbatından müvafiq şərtlərə uyğun gələn klubların olmamasına görə komanda sayını artırmaq mümkün olmur. Bununla belə, Premyer Liqaya yüksələ biləcək potensial klubların fəaliyyətini təmin etmək üçün AFFA Birinci Divizionda çıxış edən bir neçə klubu – “Kəpəz” (Gəncə), “Turan-Tovuz” və “Zaqatala”nı tam şəkildə maliyyələşdirir. Komandaların sayının artırılması Azərbaycan Premyer Liqasında daha güclü rəqabətə, yeni futbolçuların üzə çıxması üçün geniş potensiala və peşəkar futbolun coğrafiyasının genişlənməsinə səbəb olar.
E.Məmmədov uşaq və yeniyetmə futbolu ilə bağlı məsələlərə də toxunaraq bildirib ki, U-9-dan U-19-a qədər bütün yaş qrupları üzrə AFFA tərəfindən liqalar təşkil olunur. Bu liqalarda Təhsil Nazirliyi ilə Gənclər və İdman Nazirliyinin nəzdində olan uşaq futbol məktəblərinin komandalarının da nəqliyyat xərclərini AFFA ödəyir. Üstəlik, müəyyən oyunlar Olimpiya İdman komplekslərinin meydanlarında keçirilir ki, bunun da icarə haqqı AFFA-nın hesabına təmin olunur. AFFA Gənclər və İdman Nazirliyinin bu istiqamətdə dəstəyindən minnətdar olar.
Qeyd olunub ki, futbol pandemiya dövründə ölkəmizdə bəzi turnirlərin mütəmadi qaydada keçirildiyi, üstəlik, ümumilikdə, U-9-dan U-19-a qədər bütün yaş qrupları üzrə yarışların mövcud olduğu yeganə komanda idman növüdür.
Söhbət zamanı son illər ölkəmizdə bir sıra əhəmiyyətli beynəlxalq turnirlərin və oyunların da təşkil olunduğu barədə məlumat verilib. Nazirin diqqətinə çatdırılıb ki, Azərbaycanda 2012-ci ildə FIFA U-17 qadınlararası dünya çempionatı, 2014-cü ildə futzal üzrə UEFA kuboku yarışlarının “Dördlər finalı”, 2016-cı ildə UEFA U-17 Avropa çempionatı, 2019-cu ildə UEFA Avropa Liqasının final oyunu və 2021-ci ildə “Avro-2020”nin final mərhələsinin 4 qarşılaşması təşkil olunub.
Nazirə məlumat verilib ki, son on ildə çox önəmli infrastruktur layihələri həyata keçirilib. AFFA tərəfindən Assosiasiyanın inzibati binasının ərazisində Futbol Akademiyası, “Bakcell Arena”, “Dalğa Arena”, Bayıl stadionu, Mərdəkanda Milli Komandaların Məşq Mərkəzi, Ağsu şəhər stadionu, Tovuz rayonunda Futbol Akademiyası inşa olunub. Hazırda Şamaxı şəhər stadionunun inşası davam edir. Yaxın gələcəkdə Gəncədə də Futbol Akademiyasının tikilməsi nəzərdə tutulub. Bunlardan əlavə, “Zirə” idman kompleksinin, “Sumqayıt” futbol klubunun stadionunun əsas meydanının təbii ot örtüyü, “Neftçi”nin “Türkish Airlines” bazasında təbii örtüklü üç məşq meydanı, Bakı Olimpiya Stadionunun ərazisində təbii örtüklü iki məşq meydanı AFFA tərəfindən inşa olunub. Bakıda və respublikanın müxtəlif bölgələrində 150-dən çox süni örtüklü meydança tikilərək əhalinin istifadəsinə verilib. Bütün bu layihələr ilk növbədə dövlətimizin, FIFA-nın, UEFA-nın və sponsorların maliyyə dəstəyi ilə AFFA tərəfindən həyata keçirilib.
Qeyd olunub ki, uzun illərdir SOCAR AFFA-nın baş sponsorudur və futbolda sabit maliyyənin dəstəyinin təmin olunmasında AFFA-ya böyük dəstək göstərir. Həmçinin AFFA-nın bir neçə başqa sponsoru da var. Lakin pandemiya ilə əlaqədar hazırkı tərəfdaşlarla əməkdaşlığın davam etdirilməsi və yeni sponsorların tapılması istiqamətində müəyyən çətinliklər mövcuddur.
Görüşün sonunda vurğulanıb ki, AFFA futbolun inkişafı, sağlam həyat tərzinin təbliği və təşviqi istiqamətində fəaliyyətini bundan sonra da davam etdirəcək.
Gənclər və idman naziri Fərid Qayıbov səmimi görüşə və ətraflı məlumata görə minnətdarlığını bildirib.
Geri qayıt