Əsas Səhifə > Maraq > İkiqat dünya çempionu Mika Hakkinen: Bakı trası maraqlıdır

İkiqat dünya çempionu Mika Hakkinen: Bakı trası maraqlıdır


17-04-2019, 17:02


İkiqat dünya çempionu Mika Hakkinen ənənəvi şərh sütununda Formula 1 Çin Qran-Prisinin yekunlarını dəyərləndirib və komandasının Bakıda perspektivlərindən bəhs edib.

BrendSport.az F1News.ru saytına istinadla xəbər verir ki, Mika Hakkinen ötən bazar günü Lyuis Hemiltonun qazandığı 75-ci qələbənin “Mercedes” komandasının güclü tərəflərini göstərdiyini və onun 2014-cü ildən bəri üstünlüyünün qanunauyğun olduğunu söyləyib. Onun sözlərinə görə, əla bolid, yüksək səviyyədə komanda işi, mübarizə əzmi və Lyuis Hemiltonla Valtteri Bottasın arasında rəqabət bu gücü daha da artırıb. Bundan başqa, sonuncu qələbə göstərib ki, “Ferrari” komandasının hələ çoxlu problemləri var. Komanda maşını təkmilləşdirməli, təsnifatda uğurla çıxış etməli, effektiv strategiya hazırlamalı və pilotlar arasında hər hansı münaqişəyə yol verməməlidir.

Hakkinen qeyd edib ki, şənbə günü poul qazanan Valtteri Bottas Lyuis Hemiltonla rəqabətdə əldə etdiyi mükəmməl sürət və psixoloji formanı nümayiş etdirib. O əlavə edib: “Əla çıxış idi, o öz işini mükəmməl yerinə yetirdi. Belə ki, “Mercedes” birinci yerlərin hamısını qazandı, “Ferrari” və “Red Bull” üçün bazar gününə çoxlu iş buraxdı.

“Mercedes”i ötmək heç kimə nəsib olmayıb. Hemilton yaxşı start götürdü, çünki cüt tərəfdə işlənmiş rezin qatı vardı. Adətən, şəbəkədə ikinci yer yaxşı start mövqeyi sayılmır, çünki o, trayektoriyadadır və orada toz çoxdur. Lakin bu dəfə orada əvvəlki yürüşlərdən, o cümlədən Hemiltonun özünün məşq startlarından qalmış çoxlu işlənmiş rezin yığılmışdı və pilot bu vəziyyətdən maksimum istifadə edə bildi. Bundan sonra Hemilton və Bottas yürüşün gedişində nəzarəti ələ aldılar və “Mercedes” üçün 90-cı qələbəni qazandılar. Bu nailiyyət onların hibrid mühərrikləri epoxasında üstün olduqlarını göstərir. İkinci pit-stopda komanda iki maşına birdən xidmət edirdi, Hemilton və Bottas bir-birinin ardınca qaraja girdilər və mexaniklər çox gözəl işlədilər. Bütün bunlar xoş təəssürat yaradır və komandada birgə fəaliyyətin əla örnəyidir”.

Mika Hakkinen daha sonra qeyd edib: “Şarl Lekler özünün “Ferrari”dəki tərəf müqabili Sebastyan Fetteldən yaxşı çıxış edib və irəlidə gedərək Bottasla mübarizə aparmalı idi. Lakin komandası ondan sürəti azaltmağı və Fetteli irəli buraxmağı xahiş edib. Düşünürəm ki, bu səhv addım idi. Sizin “Mercedes” kimi güclü rəqibiniz olduğunda, oyun oynamağın mənası yoxdur. “Ferrari” öz diqqətini cəmləyərək başqalarını ötüb keçmək barədə düşünməlidir. “Mercedes”lə mübarizə apardığınız zaman kimin - Fettelin və ya Leklerin qalib gələcəyi mühüm deyil. Mənə elə gəlir ki, Şarl təbii olaraq ruhdan düşdü, axı bu strategiya səbəbindən o, Maks Ferstappenin “Red Bull Racing”inə uduzaraq yürüşü beşinci yerdə başa vurdu. Fettel və Leklerin hər uik-end vaxtı “Mercedes”in ən yaxşı rəqibləri olmaq imkanları var. Lakin onların komandası öz pilotlarını dəstəkləməli və çeviklik nümayiş etdirməlidir. Onlar komanda taktikasını yaddan çıxarmalı və yalnız qələbə haqqında düşünməldirlər”.

İkiqat dünya çempionu əlavə edib ki, “Red Bull Racing” də yürüşdə səhvə yol verib və pilotlar təsnifatda final cəhdi edə bilməyiblər. Bu, sistemin və proseslərin ideal olmasının əhəmiyyətini göstərir. Pilot və onun mühəndisi dəqiq bilməlidirlər ki, qarajdan çıxış dairəsində hər sektora nə qədər vaxt lazımdır. Hər hansı əsas məqam pozularsa, demək kimsə nəyisə düzgün hesablamayıb. Artıq üç Qran-Pri arxada qalıb və “Ferrari”nin ən güclü motoru və yaxşı bolidi olmasına rəğmən “Mercedes” üstünlüyü əlində saxlayır. Ona başqa komandaların buraxdığı səhvlər də kömək edir və ümidvar olmaq lazımdır ki, növbəti yürüşlərdə “Ferrari” və “Red Bull Racing” ona layiqli müqavimət göstərə biləcək.

Hakkinen vurğulayıb: “Valtteri Bottas ötənilki Azərbaycan Qran-Prisinin qalibi olmalı idi. Lakin şinin deşilməsi onu finişə üç dairə qalmış qələbədən məhrum etdi. Növbəti həftə o, yürüşdə qələbə qazanmaq, şəxsi hesabda liderliyini qaytarmaq və Hemiltonla mübarizəni davam etdirmək üçün Bakıya yollanacaq. Bakı trası maraqlıdır: aşağı qoşulma, dar sahələr və ötüb keçməyin mümkün olduğu çox uzun düz yol.

Ötən il “Red Bull Racing” komandası tərəf müqabilləri Maks Ferstappen və Daniel Rikkardonun mənasız toqquşmasından zərər gördü. Sonra Rikkardo “Renault” komandasına keçdi. Maksın da rəqabətqabiliyyətli olacağını düşünürəm. Lakin qələbə uğrunda “Mercedes”in əsas rəqibi məhz “Ferrari” olacaq.

Şarl Lekler Formula 1 gününün qəhrəmanıdır. O, Bəhreyndə mexaniki səbəblərdən qələbəni əldən verdiyi üçün üzülüb. Bundan sonra Çində komanda taktikası ilə də qarşılaşıb. Lakin indi müqavimət göstərəcək. Keçən il o, “Sauber” üçün altıncı yeri qazanıb, 2017-ci ildə isə GP2-də poul əldə edib və şənbə yürüşünün qalibi olub.

Beləliklə, ötənilki yürüşün qalibləri olmuş Fettel və Hemilton yenidən qələbə uğrunda mübarizə aparacaqlar, onların tərəf müqabilləri Lekler və Bottas isə bizim üçün maraqlı yürüş göstərəcəklər. Uzun düz yolda ötmə əməliyyatlarını həyata keçirmək üçün çoxlu yaxşı imkanlar olacaq”.


Geri qayıt