Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Bakıda idman gimnastikası üzrə dünya kuboku yarışlarının açılış mərasimi olub

Bakıda idman gimnastikası üzrə dünya kuboku yarışlarının açılış mərasimi olub

Martın 9-da Bakıda idman gimnastikası üzrə dünya kuboku yarışlarının açılış mərasimi keçirilib.

BrendSport.az
xəbər verir ki, əvvəlcə komandaların paradı olub.

Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədov açılış mərasimində çıxış edərək dünya kuboku yarışlarının ölkəmizdə səkkizinci dəfə təşkil olunduğunu bildirib.

Qeyd edib ki, 2016-cı ildə Bakıda ilk dəfə bu növ üzrə dünya “Challenge” kuboku, “AGF Trophy”, 2017-ci ildən etibarən isə dünya kuboku yarışları ənənəvi olaraq uğurla keçirilir. Ölkəmizdə kişi idman gimnastikasının inkişafi Azərbaycan Gimnastika Federasiyasının yenidən qurulduğu 2002-ci ildən, qadın idman gimnastikasının isə 2013-cü ilin sonunda bərpa edilib.

“Ötən illərdə idman gimnastikası növündə bir sıra uğurlar qazanılıb. Təmsilçilərimiz “London-2012”, “Rio-2016”, “Tokio-2020” Yay Olimpiya oyunlarında təmsil olunub, Avropa və dünya çempionatlarında mükafatçılar sırasında yer alıblar. 2015-ci ildə Azərbaycanda keçirilən ilk Avropa Oyunlarında bu növ üzrə 1 qızıl, 2 gümüş, 2 bürünc medal qazanılıb. İdman gimnastlarımız 2017-ci ildə ölkəmizdə keçirilən dördüncü İslam Həmrəyliyi Oyunlarında 5 qızıl, 5 gümüş, 2 bürünc, 2022-ci ildə Türkiyədə keçirilən beşinci İslam Həmrəyliyi Oyunlarında 1 qızıl, 2 gümüş, 1 bürünc medal əldə ediblər.

Təmsilçimiz ötən il gimnastika tariximizdə ilk dəfə qadınlar arasında Avropa Gənclər Yay Olimpiya Festivalında və Avropa çempionatında final mərhələsinə vəsiqə qazanıb”, - deyə şöbə müdiri vurğulayıb.

Elnur Məmmədov bildirib ki, bu gün ölkəmizdə idman Azərbaycan Prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev tərəfindən xüsusi diqqət və qayğı ilə əhatə olunub. Hər il respublikamızda gimnastika növləri üzrə keçirilən mötəbər yarışlar və qazanılan nailiyyətlər Azərbaycanın Birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanın gimnastikanın inkişafına verdiyi önəmin nəticəsidir. Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində ölkəmizdə təşkil olunan dünya kuboku yarışlarında Azərbaycanla yanaşı, 48 ölkədən 173 gimnast çıxış edəcək. Bu, ölkəmizdə gimnastika növləri üzrə keçirilən dünya kuboku yarışları tarixində iştirakçı ölkə sayına görə rekord göstəricidir.

Gənclər və İdman Nazirliyi adından yarış iştirakçılarına uğurlar arzulayan E.Məmmədov idman gimnastikası üzrə dünya kubokunu açıq elan edib.

Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Dörd gün davam edəcək yarışların ilk iki günündə təsnifat, sonrakı iki günündə isə final mərhələləri keçiriləcək. Turnirdə, həmçinin ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku da təqdim olunacaq.

Yarışda ölkəmizin idman şərəfini Samirə Qəhrəmanova, Nazənin Teymurova, Nikita Simonov və İvan Tixonov qoruyacaqlar.


Facebook-da paylaş

Xəbəri paylaş