Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Mariana Vasileva: Olimpiya Oyunları idmançılar üçün ən vacib yarışdır

Mariana Vasileva: Olimpiya Oyunları idmançılar üçün ən vacib yarışdır


Azərbaycan “Tokio-2020” Yay Olimpiya Oyunları çərçivəsində keçiriləcək bədii gimnastika üzrə yarışlarında bu dəfə həm fərdi, həm də qrup hərəkətləri proqramında təmsil olunacaq. Bu növ üzrə mümkün üç lisenziyadan ikisini qızlarımız 2019-cu ildə ölkəmizdə təşkil edilmiş dünya çempionatında qazanıblar. Olimpiadada Zöhrə Ağamirova fərdi proqramda, qrup hərəkətləri komandası tərkibində isə Zeynəb Hümmətova, Ləman Əlimuradova, Yelizaveta Luzan, Darya Sorokina və Nərminə Səmədova iştirak edəcəklər.
BrendSport.az Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, bədii gimnastika üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Mariana Vasileva karyeralarının ən böyük yarışına böyük məsuliyyət və səylə çalışan qızlarımızın hazırlığı ilə bağlı danışıb.
Mütəxəssis qeyd edib ki, həm Zöhrə, həm də qrup hərəkətləri komandasının Olimpiya Oyunları üçün hazırlığı plan üzrə gedir. Olimpiadanın bir il təxirə salınması səbəbi ilə qızları daimi olaraq formada saxlamaq psixoloji cəhətdən çox çətindir. Lakin bütün məşqçi heyəti, eləcə də gimnastlarımızın qayğısına qalan hər kəs sayəsində, düşünürəm ki, onlar hazırda yaxşı fiziki və psixoloji formadadırlar. Bizim artıq son yoxlama hazırlığımız qalıb. İyul ayının sonlarında biz artıq Olimpiya Oyunlarında iştirak etmək üçün Yaponiyanın Tokio şəhərinə yollanacağıq”.
AGF-nin İcra Komitəsinin üzvü, Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən “Əməkdar məşqçi” adına layiq görülmüş M.Vasileva deyib: “Olimpiadada çıxış etmək və Azərbaycan bayrağını daşımaq hər zaman çox məsuliyyətlidir. Hər bir idmançı, məşqçi, ümumiyyətlə ölkəsini sevən şəxs təkcə Olimpiadaya deyil, bayrağını və gerbini qoruduğu bütün yarışlara ciddi və məsuliyyətlə yanaşır”.
Baş məşqçinin sözlərinə görə, Olimpiya Oyunları idmançılar üçün ən vacib yarışdır.
“Təbii ki, dörd ildən bir keçirilən Olimpiya Oyunlarında çıxış etmək məsuliyyətli bir vəzifədir. Biz bütün yarışlara ən vacib yarış kimi hazırlaşırıq. Mən həmişə qızlara deyirəm ki, onlar yarışa çox yaxşı hazırlaşmalıdırlar. Buna görə də çox çalışmaq lazımdır. Məhz məşq prosesinə çox ciddi yanaşmalıdırlar. Əlbəttə ki, özünü hazır hiss edəndə, çıxışını da daha rahat yerinə yetirirsən. O zaman həyəcan da, etdiyindən daha yaxşısını bacarmaq istəyi də olacaq. Təkcə mənim, məşqçi heyətinin, federasiyanın deyil, eləcə də bütün ölkənin dəstəyini hiss edəndə çıxış etmək rahat olur və daha yaxşı nəticə əldə etmək istəyirsən. Bizim üçün yaxşı nəticə isə həmişə layiqli çıxış etməkdir”, - deyə baş məşqçi əlavə edib.


Facebook-da paylaş

Xəbəri paylaş