Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



UEFA “Avro-2020”nin Bakıdakı oyunlarının yüksək səviyyədə təşkilinə görə AFFA-ya təşəkkür edib



BrendSport.az AFFA-ya istinadla xəbər verir ki, UEFA-nın baş direktoru Martin Kallenin imzası ilə göndərilmiş məktubda qeyd olunub: “Bakıda keçirilən dörd oyunun yüksək səviyyədə təşkilinə görə sizi təbrik edirik. Bu, inanılmaz bir uğurdur. Ötən bir neçə həftə bu işə cəlb olunan hər kəs üçün çox gərgin keçdi. “Avro-2020” layihəsinə sərf etdiyiniz əməyə görə hər birinizə təşəkkür edirəm. Əzmkar və motivasiyalı insanların vahid komanda şəklində birlikdə çalışdığı, ortaq məqsəd və ambisiyalara sahib olduğu halda nələrin əldə oluna biləcəyini nümayiş etdirdiniz”.

Bakıda keçirilmiş oyunların birində iştirak etdiyini məktubda məmnunluqla vurğulayan M.Kallen qeyd edib: “Mən Bakıda keçirilmiş bir oyunda iştirak etmək şərəfinə nail oldum və işçi heyətindəki atmosferdən, yüksək peşəkarlıq standartlarından çox təsirləndiyimi deyə bilərəm. COVID-19-un son bir neçə ayda yaratdığı qeyri-müəyyənlik fonunda belə, “Avro-2020” oyunlarını həvəslə təşkil etmək əzminiz bariz şəkildə görünürdü. Bunu həmişə - bu gün və bu yaydakı yarışdan hələ çox sonra da xatırlaya və bununla fəxr edə bilərsiniz.

Bu müddət ərzində birlikdə çalışdıqdan sonra siz UEFA-nın geniş Avropa ailəsinin ayrılmaz bir hissəsinə çevrildiniz. Ümid edirəm ki, bu layihədə çalışdığınız müddətdə zövq aldınız və turnirin həyəcanlı keçəcəyi şübhə doğurmayan qalan oyunlarını izləməkdən də zövq alacaqsınız. Həm UEFA, həm də öz adımdan bütün gələcək işlərinizdə sizə xoş arzularımı çatdırıram!”, - deyə məktubda qeyd olunub.

Xatırladaq ki, Bakı Olimpiya Stadionu “Avro-2020”nin A qrupu çərçivəsində Uels-İsveçrə (1:1), Uels–Türkiyə (0:2) və İsveçrə-Türkiyə (3:1) oyunlarına və dörddəbir final mərhələsində Çexiya-Danimarka (1:2) matçına ev sahibliyi edib.

Oyunları stadionda FIFA-nın prezidenti Cianni İnfantino, UEFA-nın rəhbəri Aleksandr Çeferin və baş katib Teodor Teodoridis də izləyiblər.

“Avro-2020”nin yarımfinal mərhələsinin görüşləri iyulun 6-7-də, final matçı isə iyulun 11-də keçiriləcək. Yarımfinal və final qarşılaşmalarına Londonun “Uembli” stadionu ev sahibliyi edəcək.


Facebook-da paylaş

Xəbəri paylaş