Əsas Səhifə > Manşet > Qabil Mehdiyev: Azərbaycan KİV-ləri II Avropa Oyunlarına hazırlığı diqqətlə izləyirlər

Qabil Mehdiyev: Azərbaycan KİV-ləri II Avropa Oyunlarına hazırlığı diqqətlə izləyirlər


23-01-2019, 15:00


Müasir Olimpiya hərəkatının paytaxtı Lozannada (İsveçrə) Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AIPS) 82-ci konqresi keçirilir. Konqres çərçivəsində 2019-cu ilin idman təqvimində ən əlamətdar hadisələrdən biri olan II Avropa Oyunlarının təqdimatı təşkil edilib.

BrendSport.az xəbər verir ki, təqdimat prosesində konqresin nümayəndələri Belarusun müasir tarixində ən iri multiidman yarışlarının təşkilinin ümumi məsələləri ilə tanış olmaqla bərabər, Oyunlarda mətbuatın işinin təşkili, akkreditə kampaniyasının xüsusiyyətləri, Belarusa vizasız gəlməyin mümkünlüyü barədə ətraflı məlumat əldə ediblər.

“İdman” (Azərbaycan) qəzetinin baş redaktoru, AIPS üzvü, 2015-ci ildə Bakıda keçirilmiş Birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin əməkdaşı Qabil Mehdiyev təqdimat mərasimi barədə təəssüratlarını bölüşərək deyib:

-Avropa idmanın ürəyidir, müasir dövrün ən iri yarışları olan Olimpiya Oyunları məhz Avropada yaranıb. Ona görə də ikiqat xoşdur ki, Avropa, nəhayət ki, qitə miqyaslı multiidman yarışları keçirmək imkanı əldə edib. Dörd il bundan əvvəl Birinci Avropa Oyunları Azərbaycanda uğurla keçdi. Şübhə etmirəm ki, iyun ayında Belarusda keçiriləcək II Oyunlarda bu yarışların statusu bir daha təsdiq olunacaq və növbəti Oyunların təşkilatçıları üçün yüksək hədd müəyyən ediləcək. Təşkilat Komitəsinin səliqəli və ölçülüb-biçilmiş işi göz qabağındadır. Azərbaycan KİV-ləri II Avropa Oyunlarına hazırlığı diqqətlə izləyirlər, KİV-lərin çoxunun nümayəndələri artıq akkreditə üçün müraciət ediblər. Deyə bilərəm ki, Avropa hüdudlarından kənarda da bu Oyunlara maraq yüksəkdir. Belarus bu foruma bir yenilik gətirib. Şübhəsiz, təzə ideyalar idman jurnalistikası peşəkarlarının diqqətini cəlb edəcək. Bu gün gördüyümüz təqdimat bu fikri bir daha təsdiq edir. Minskdə bizi nələr gözləməsi barədə hərtərəfli icmal çox xoş təsir bağışladı və yarana biləcək sualların hamısını aradan qaldırdı.

Konqres nümayəndələri də Oyunların işıqlandırılmasında maraqlı olduqlarını bildiriblər. Belə ümid etməyə əsas var ki, 2019-cu ilin iyun ayında keçiriləcək multiidman forumunda xarici mətbuat da geniş təmsil olunacaq.

Xatırladaq ki, II Avropa Oyunları 2019-cu il iyunun 21-dən 30-dək Minskdə, 12 idman obyektində keçiriləcək. 50 ölkəni təmsil edən 4000-dən çox atlet idmanın 15 növündə təqribən 200 mükafat dəsti uğrunda mübarizə aparacaq. 10 idman növü üzrə yarışlar 2020-ci ildə Tokioda (Yaponiya) keçiriləcək XXXII Yay Olimpiya Oyunları üçün təsnifat xarakteri daşıyacaq.

Qeyd edək ki, 2015-ci ildə Azərbaycanda keçirilmiş Birinci Avropa Oyunlarında ölkəmizin yığması qazanılmış medalların sayına görə ikinci yeri tutub.



Geri qayıt