Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Prezident Azad Rəhimovun vəfatı ilə bağlı nekroloq imzaladı




BrendSport.az saytı xəbər verir ki , Prezident İlham Əliyev gənclər və idman naziri Azad Rəhimovun vəfatı ilə bağlı nekroloq imzalayıb.

Nekroloqda deyilir:

"Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Arif oğlu Rəhimov 2021-ci il aprelin 30-da ömrünün 57-ci ilində vəfat etmişdir.

Azad Rəhimov 1964-cü il oktyabrın 8-də Bakı şəhərində anadan olmuşdur. O, Bakı şəhəri 134 nömrəli orta məktəbi bitirmiş, 1981–1986-cı illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda ingilis dili fakültəsində ali təhsil almışdır.

Azad Rəhimov 1986–1987-ci illərdə hərbi xidmət keçdikdən sonra 1987–1990-cı illərdə rayon komsomol təşkilatında katib və birinci katib, 1990–1993-cü illərdə Azərbaycan Gənclər Təşkilatları Komitəsinin sədri vəzifələrində işləmiş, 1993-cü ildən dövlət idarəçiliyinə gələnədək sahibkarlıq fəaliyyəti göstərmişdir.

2006-cı ildə Azərbaycan Respublikasının gənclər və idman naziri təyin olunan Azad Rəhimov ömrünün sonunadək bu vəzifəni icra etmiş, həmin illərdə eyni zamanda Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti olmuşdur.

Azad Rəhimov gənclər və idman naziri kimi çalışdığı müddət ərzində daim işgüzarlıq və təşkilatçılıq qabiliyyəti nümayiş etdirmişdir. Dərin məsuliyyət hissi və dövlətçilik prinsiplərinə sadiqliyi ona həmkarları arasında böyük hörmət qazandırmışdır. Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindən biri olan idmanın qarşısında dayanan vəzifələrin müvəffəqiyyətlə gerçəkləşdirilməsi üçün qüvvə və bacarığını əsirgəməyən Azad Rəhimov respublikada idmanın maddi-texniki bazasının daha da möhkəmləndirilməsi və kütləviliyinin artırılması, eləcə də idmançılarımızın ən mötəbər yarışlarda iştirakının yüksək səviyyədə təmin edilməsi və ölkəmizin idman şərəfinin beynəlxalq miqyasda layiqincə qorunması işinə töhfələr vermişdir. Azərbaycan gəncliyinin inkişafına dair dövlət proqramları və strategiyalarının hazırlanmasında, habelə gənclərin yaradıcılıq potensialının üzə çıxarılması ilə bağlı tədbirlərin uğurla həyata keçirilməsində onun təqdirəlayiq xidmətləri olmuşdur.

Azad Rəhimovun səmərəli fəaliyyəti yüksək qiymətləndirilmiş və o, müstəqil Azərbaycan Respublikasının ali dövlət mükafatlarından olan “Şöhrət” və 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif edilmişdir.

Tanınmış ictimai-siyasi xadim, bacarıqlı təşkilatçı və səmimi insan Azad Arif oğlu Rəhimovun xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

İlham Əliyev

Mehriban Əliyeva

Əli Əsədov

Sahibə Qafarova

Samir Nuriyev

Adil Əliyev

Eldar Əzizov

Yusuf Məmmədəliyev

Çingiz Hüseynzadə

Ağacan Abıyev

Fuad Hacıyev

Fərid Cəfərov

İlqar Rəhimov".


Facebook-da paylaş

Xəbəri paylaş