Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

İbrahim Şehiç: Qarabağ Azərbaycandır


Türkiyənin “Konyaspor” futbol klubunun qapıçısı İbrahim Şehiç Azərbaycan Ordusuna dəstək nümayiş etdirib.
BrendSport.az xəbər verir ki, bosniyalı qapıçı şəxsi “Instagram” hesabında bununla bağlı paylaşım edib: “Dualarım sizinlədir, əziz dostlarım. Qarabağ Azərbaycandır”.
Otuz bir yaşlı futbolçu 2013-2018-ci illərdə “Qarabağ”da çıxış edib.


Böyük və şanlı Qələbəyə aparan yol

Böyük və şanlı Qələbəyə aparan yol


Bu günlər Azərbaycan xalqı uzun müddətdir ki, həsrətini çəkdiyi, yolunu böyük ümidlə gözlədiyi xoş xəbəri aldı. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev şanlı Azərbaycan Ordusunun Vətənimizin ayrılmaz tarixi parçası, qədim və zəngin mədəniyyətimizin sönməz ocağı, böyük şair, musiqiçi və mütəfəkkirlər yetişdirmiş Dağlıq Qarabağın mənfur düşmənin tapdağından azad olunduğunu bəyan etdi.
Bu xəbər dünyanın hansı guşəsində yaşamasından asılı olmayaraq bütün azərbaycanlılara möhtəşəm bir sevinc, görünməmiş xoşbəxtlik bəxş etdi. Yaşından, hansı ölkədə yaşamasından asılı olmayaraq, bu gün bütün azərbaycanlılar artıq 30 ildir ki, həsrətində olduqları qələbə xəbərini böyük sevinclə, ümumxalq bayramı kimi qarşıladılar. İnsanların sevinci nəinki bir evə, bir məhəlləyə, bir küçəyə, bir şəhərə, heç bir ölkəyə də sığmadı. Harada yaşamasından asılı olmayaraq, həm azərbaycanlıların, həm də Azərbaycanın əsil dostlarının bir-birinə ünvanlandığı təbrik mesajları sosial şəbəkələri aşıb-daşdı, bütün qitələri əhatə etdi.
BrendSport.az saytının Gənclər şöbəsi xəbər verir ki, AZƏRTAC-ın 21 ölkədə fəaliyyət göstərən xüsusi müxbirlərinin timsalında deyə bilərik ki, televiziya kanallarının Azərbaycan Prezidentinin xalqa müraciəti barədə yaydıqları anons onların işlədiyi ölkələrdə də bu xəbərin böyük həyəcanla gözləndiyini ortaya qoydu. Müzəffər Ali Baş Komandanın müraciətini canlı izləmək üçün birbaşa mənbəni aşkar etmək məqsədilə suallar dayanmadan gəlməyə başladı. Dövlətimizin başçısının Dağlıq Qarabağın azad edilməsi barədə bəyanatından sonra isə təbriklər və göz aydınlıqları sosial şəbəkələrdə görünməmiş coşqu yaratdı.
Bəs bu qələbəyə gedən yol haradan və necə başlamışdı?
Yəqin ki, bu sual yaxın gələcəkdə bir çox tədqiqatçıların araşdırma obyektinə çevriləcək. Bu mövzu ilə əlaqədar çoxsaylı elmi məqalələr və kitablar yazılacaq. İlkin olaraq deyə bilərəm ki, həmin yolun haradan və necə başladığını müdrik və uzaqgörən siyasəti ilə xalqımızın qəlbində özünə əbədi yer qazanmış Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev özünün xalqa son müraciətində müəyyən qədər açıqladı.
Təbii ki, bu məsələdə ilk böyük addım xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən atılmışdı. Məhz Ulu Öndər 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra xarici havadarlarının köməyi ilə Azərbaycan torpaqlarını işğal edən Ermənistan ordusunun qarşısını aldı, ölkədə davam edən iqtisadi xaosu aradan qaldırmaq, ictimai-siyasi sabitliyi bərpa etmək üçün 1994-cü ilin mayında atəşkəs razılaşmasına nail oldu. Bundan sonra Azərbaycanın karbohidrogen ehtiyatlarının dünya bazarlarına çıxarılmasına şərait yaradan tarixi “Əsrin müqaviləsi”nin imzalanması ölkədə həm iqtisadi, həm də ictimai-siyasi sabitliyin əldə edilməsinə şərait yaratdı. Ulu Öndərin əsasını qoyduğu, lakin bəzi gözü götürməyənlərin “əfsanə” və ya “fantastik nağıl” adlandırdğı neft strategiyasının uğurla həyata keçirilməsi tezliklə iqtisadi inkişafa təkan verdi. “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil edilən karbiohidrogen ehtiyatlarının dünya bazarlarına çıxarılmasına şərait yaradacaq Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərlərinin inşasına başlanıldı.
Azərbaycanın müstəqil dövlət siyasəti xətti yürüdərək dünyanın müxtəlif ölkələri ilə etibarlı tərəfdaşlıq münasibətləri qurması onun beynəlxalq nüfuzunun artmasına güclü təkan verdi. Azərbaycan həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar vasitəsilə qoşulduğu çoxtərəfli layihələrdə mühüm və etibarlı tərəfdaşa çevrilməyə başladı. Bu baxımdan, ölkədə həyata keçirilən sosial-iqtisadi siyasəti ilkin olaraq iki mərhələyə bölsək yəqin ki, bu anlaşılan olar. Yəni, 2003-cü ilədək olan dövr və 2003-cü ildən sonrakı mərhələ. Əgər birinci mərhələni əsasən bərpa və inkişafın təməlinin qoyulması dövrü adlandırsaq, ikinci mərhələ böyük və sürətli quruculuq və inkişaf dövrü kimi xarakterizə edilə bilər. Birinci mərhələ ulu öndər Heydər Əliyevin, ikinci mərhələ isə bu gün xalqımızın həqiqi lideri olduğunu həyata keçirdiyi nəhəng transmilli layihələrlə, sosial-iqtisadi islahatlarla, ən nəhayət cəbhədə əldə etdiyi qələbələrlə təsdiq edən Prezident İlham Əliyevin adı ilə bağlıdır.
Qeyd etdiyim kimi, bu kiçik məqalədə məqsədim heç də dövlətçilik fəaliyyətləri neçə-neçə kitaba sığmayan iki görkəmli dövlət xadiminin gördüyü nəhəng işləri təhlil etmək deyil. Sadəcə olaraq, xalqımızda bugünkü möhtəşəm qələbəyə aparan yol haqda heç olmasa ilkin fikir yaratmaq, şəxsən özümün iştirakçısı olduğum mühüm hadisələr barədə hörmətli oxucuları məlumatlandırmaqdır.
Məsələ burasındadır ki, mənim jurnalistlik fəaliyyətimin böyük bir dövrü məhz Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyəti ilə paralel inkişaf edib. İlk dəfə olaraq 2003-cü ilin prezident seçkiləri ərəfəsində dövlətimizin gələcək başçısını seçki kampaniyası ilə əlaqədar respublikamızın rayonlarına səfərlərində müşayiət etmək mənə də qismət olub. Həmin vaxt təşkil edilən bu kampaniyalarda mən də “Azad Azərbaycan” qəzetinin baş redaktorunun müavini kimi iştirak etmişdim. Yaxşı xatırlayıram, rayonların birində yerli ağsaqqal və ağbirçəklərlə yanaşı, biz jurnalistlərə də ön sırada yer ayrılmışdı. Yanımda balacaboy, təqribən 65-70 yaşlarında bir qadın dayanmışdı. Bir müddət sonra o vaxt Prezidentliyə namizəd olan İlham Əliyev yaxınlığımızda avtomobildən düşərək bizdən bir az aralıda quraşdırılmış səhnəyə doğru hərəkət etdi. Təbii ki, onun hündür boya, möhtəşəm qəddi-qamətə malik olduğunu həmin vaxt çoxları bilmirdi. Bizim yanımızdan keçərkən həmin qadının heyrətlə aşağıdan yuxarı onu süzməsi və ucadan “Bu lap Koroğludur ki!” deməsi yalnız ətrafdakıların deyil, İlham Əliyevin də diqqətini cəlb etdi və O, dönərək üzündə çox səmimi təbəssümlə həmin qadına baxdı və ona əl elədi. Həmin qadının dediyi bu ürəkdən gələn etiraf isə mənim yaddaşıma əbədi həkk olundu. Taleyin məni qarşılaşdırdığı bütün məqamlarda mən Prezident İlham Əliyevin, sözün həqiqi mənasında, əsl xalq qəhrəmanı Koroğlu kimi daim xalqının yanında olmasının, həmişə onun üçün çalışmasının, ən ağır məqamlarda belə onu tək qoymamasının şahidi oldum.
Ölkəmizin əsas aparıcı informasiya agentliyi olan AZƏRTAC-da işə başladıqdan bir müddət sonra rəhbərliyin tapşırığı ilə mənə rəsmi tədbirlərdə Azərbaycan Prezidentini xüsusi müxbir olaraq müşayiət etmək həvalə olundu. Bundan sonra dövlətimizin başçısının şəxsən iştirak etdiyi tədbirlərdən, ölkə daxili və xarici səfərlərdən materialların hazırlanmasında mən də daha tez-tez iştirak etməyə başladım. Təsadüf elə gətirmişdi ki, mənim bu fəaliyyətim Azərbaycanda qlobal iqtisadi layihələrin gerçəkləşdiyi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı geniş müzakirələr də daxil olmaqla mühüm beynəlxalq danışıqların, dünya səviyyəli tədbirlərin, xarici səfərlərin baş tutduğu dövrə təsadüf etmişdi. Əgər ölkə daxilində qatıldığım bu tədbirlər Azərbaycanda aparılan böyük quruculuq işlərini şəxsən müşahidə etməyimə imkan yaradırdısa, xarici səfərlərdə mən ölkəmizin beynəlxalq siyasətinin reallaşması ilə bağlı hadisələrin canlı şahidinə çevrilirdim.
Hələ o vaxtlar ölkəmizdə aparılan böyük quruculuq işləri, iqtisadi inkişaf və tərəqqi barədə araşdırma aparan mütəxəssislərin böyük bir qismi bu inkişafın həm də Ermənistanı üstələmək məqsədi daşıdığını görür və bunu yüksək qiymətləndirirdilər. Azərbaycanın bütün regionlarının inkişafına istiqamətlənmiş sosial-iqtisadi inkişaf proqramlarında yer almış bir sıra bəndlər - yeni səhiyyə müəssisələrinin tikintisi, köhnələrin əsaslı bərpa edilməsi və müasir avadanlıqla təmini, yeni yaradılan müdafiə sənayesi obyektləri, hərbi hissələr, tikilən hərbi zavodlar və müharibəyə hazırlıqla bağlı digər məqamlar Azərbaycan hökumətinin işğalla barışmayacağını və lazım gəldiyi vaxtda müharibə yolu ilə bu əraziləri azad etməyə hazırlaşdığını təsdiq edirdi. Qeyd etdiyim kimi, peşə fəaliyyətimlə bağlı xüsusən hərbi təyinatlı obyektlərin açılış mərasimləri, xüsusi hərbi avadanlığın, silahların və partladıcı vasitələrin istehsalı, Müdafiə Nazirliyinin hərbi hissələri üçün alınan yeni hərbi texnikaların təqdimatı tədbirlərində gördüklərim deməyə əsas verirdi ki, ölkə rəhbərliyi işğal altında olan əraziləri danışıqlar yolu ilə həll etməyə çalışmaqla yanaşı, müharibəni də istisna etmirdi. Ölkədə ən müasir tələblərə cavab verən ordu quruculuğu dünyanın heç bir yerində olmayan böyük sürətlə aparılırdı. Məhz aparılan bu yüksək səviyyəli dövlətçilik fəaliyyəti və təşkilatçılıq işi Müzəffər Ali Baş Komandanın dediyi kimi, qarşıda duran əsas vəzifəyə xidmət edirdi və bütün diqqət də buna yönəlmişdi: “Mən dəfələrlə bütün beynəlxalq kürsülərdən bəyan etmişdim ki, torpaqlarımızın, ərazi bütövlüyümüzün bərpa edilməsi bizim əsas vəzifəmizdir və biz bu vəzifəni icra edirik”.
Yəqin ki, bu gün çoxları torpaqların nəyə görə məhz sülh danışıqları yolu ilə azad edilməsinə çalışan Azərbaycan rəhbərliyinin nə dərəcədə haqlı olduğunu etiraf edər. Düşünürəm ki, İkinci Qarabağ savaşının - Vətən müharibəsinin geridə qalan 44 günü ərzində baş verənlər Prezident İlham Əliyevin niyə danışıqlar yolu ilə getməyə üstünlük verməsini başa düşmək üçün kifayətdir. Lakin çox təəssüf ki, Ermənistanın indiki rəhbərliyinin tutduğu yol, həyasızcasına səsləndirdiyi bəyanatları, ötən dövrdə azacıq da əldə edilmiş irəliləyişi şübhə altına alan hərəkətləri səbir kasasını daşdırmaya bilməzdi. Məhz buna görə də Azərbaycana müxtəlif güc mərkəzlərindən göstərilən təzyiqlərə baxmayaraq, ölkə rəhbərliyi böyük qətiyyət, cəsarət və siyasi iradə nümayiş etdirdi və ərazi bütövlüyümüzün bərpası kimi əsas vəzifənin öhdəsindən layiqincə gəldi: “Danışıqlar heç bir nəticə vermədi. Biz bu Qələbəni döyüş meydanında qazandıq, şəhidlər verərək bu Qələbəni qazandıq. Biz xalqımızın, əsgərlərimizin, zabitlərimizin canı, qanı bahasına torpaqlarımızı işğalçılardan azad edirik. İşğalçıları torpaqlarımızdan qovuruq və qovacağıq!”.
Təbii ki, qələbənin əldə edilməsində güclü iqtisadiyyatımız, müasir ordumuzla yanaşı, milli həmrəylik, iqtidar-xalq birliyi mühüm rol oynadı. Azərbaycan Prezidenti dediyi kimi, daxildəki həmrəylik, milli birlik, vahid amal uğrunda birləşməyimiz bizə əlavə güc verdi. Həmçinin imkan vermədi ki, bəzi mənfur xarici dairələr öz çirkin planlarını Azərbaycanda həyata keçirsinlər. Ölkə rəhbərliyi böyük siyasi iradə və birlik göstərərək bu qüvvələrin ölkəni parçalamaq cəhdlərini, planlarını dəf etdi. Azərbaycan xalqı isə bir millət olaraq öz varlığını müdafiə etdi. Prezident İlham Əliyev qələbənin əldə edilməsində bu birliyin əhəmiyyətini xalqa son müraciətlərində xüsusi vurğulayıb: “Əgər bu birlik olmasaydı, milli həmrəylik olmasaydı, biz heç vaxt torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. Güclü siyasi iradə, xalq-iqtidar birliyi bu planları da alt-üst etdi”.
Azərbaycan rəhbərliyini həyata keçirdiyi siyasət yalnız ölkə daxilində deyil, eyni zamanda bütün dünyada yaşayan azərbaycanlıların sıx birliyini, həmrəyliyini təmin etdi. Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatları, ayrı-ayrı soydaşlarımız Azərbaycan dövləti ətrafında bir yumruq kimi birləşərək möhtəşəm Qələbənin əldə olunmasına öz töhfələrini verdilər.
Təbii ki, böyük qələbəyə aparan yolda beynəlxalq səviyyədə həyata keçirilən siyasətin, diplomatik fəaliyyətin, dünya ölkələri ilə yaradılan dostluq münasibətlərinin yeri ayrıca qeyd edilməlidir. Həm ölkə daxilində fasiləsiz şəkildə təşkil edilən, dünya miqyaslı problemlərin müzakirə olunduğu beynəlxalq tədbirlər, həm də dünyanın fərqli ölkələrində keçirilən müxtəlif səviyyəli tədbirlərdə Azərbaycanın yüksək səviyyədə təmsil olunması, dünyanın əsas aparıcı ölkələrində və beynəlxalq təşkilatlarında fəaliyyət göstərən diplomatik nümayəndələrimiz Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılmasında mühüm rol oynadı. Məhz bu gərgin və fasiləsiz əmək nəticəsində bütün dünyaya sübut edildi ki, Qarabağ əzəli Azərbaycan torpağıdır. Azərbaycanlılar yox, məhz ermənilər bu torpağa gəlmə xalqdır. Məhz bu gərgin zəhmətin nəticəsində dünyanın bütün aparıcı təşkilatları, bütün beynəlxalq təşkilatlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli qətnamələr, qərarlar qəbul edibdir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, BMT Baş Assambleyasının, Qoşulmama Hərəkatının, İslam Əməkdaşlıq Təşkilatının, Avropa Parlamentinin qətnamələri və digər beynəlxalq təşkilatların qərar və qətnamələri birmənalı şəkildə Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıdı.
Azərbaycan rəhbərliyinin dərindən düşünülmüş xarici siyasəti nəticəsində ölkəmiz təcrid vəziyyətindən çıxdı. Əksinə, hadisələrin gedişinin də göstərdiyi kimi, böyük diaspor təşkilatlarına, media maqnatlarına malik olmasına baxmayaraq, Ermənistan təcrid edilmiş vəziyyətə düşdü.
Azərbaycanın qonşu ölkələrlə birlikdə həyata keçirdiyi transmilli layihələr regionun mənzərəsini kökündən dəyişdi. Bu layihələr yalnız enerji sahəsini deyil, nəqliyyat-kommunikasiya sahələrini də əhatə etməsi ilə, başqa ölkələrin də maraqlarına cavab verdiyinə görə Azərbaycanın dostlarının sayı artdı. Haqq işində onun yanında olan ölkələr lazımi anda sözlərini deyərək bu böyük Qələbəyə öz töhfəsini verdi.
Düşünürəm ki, bütün qeyd edilənlərlə yanaşı, Azərbaycanın bu gün dünyanın hər yerində qeyd edilən möhtəşəm Qələbəsinin əsasında məhz Prezident, Ali Baş Komandan İlham Əliyevin məxsusi rolu xüsusi vurğulanmalıdır. Məhz onun böyük təşkilatçılıq qabiliyyəti, strateji düşüncə tərzi, dünya liderləri arasında xüsusi mövqe qazanmasına səbəb olmuş yüksək intellekti, Vətənimizə böyük uğurlar qazandıran dövlətçilik və idarəçilik məharəti, həmçinin son hadisələrin də təsdiq etdiyi kimi ən müasir tələblərə cavab verən sərkərdəlik məharəti bu Qələbənin əldə olunmasında mühüm rol oynadı. Azərbaycan Prezidenti yalnız bir sərkərdə kimi müharibəyə rəhbərlik etmədi, o, həm də mahir diplomat olaraq dünyanın nüfuzlu dövlətləri qarşısında ölkəmizin beynəlxalq nüfuzunu qorudu və daha da artırdı.
İşimlə əlaqəli olan daha bir məsləyə diqqətinizi cəlb etmək istəyirəm. Dövlətimizin başçısı Vətən müharibəsinin davam etdiyi 44 gün ərzində 30-dan çox xarici kütləvi-informasiya vasitəsi nümayəndələrinin suallarını cavablandırmış, hətta bəzilərinin təxribat xarakterli sorğularını özünəxas məharətlə onların özünə qarşı suala çevirmişdi. Bu müsahibələr yalnız həmin ölkələrin deyil, bütün dünyanın diqqətini məhz dövlətimizin başçısının verdiyi məntiqli, mətanətli cavabları ilə özünə cəlb etmişdi. Təsadüfi deyil ki, bu fikri Azərbaycana yalnız dost yox, düşmən kimi yanaşan bir sıra ölkələrin jurnalistləri də etiraf etdilər.
Azərbaycan Prezidenti özünün yüksək intellekti, dünyagörüşü, beynəlxalq siyasəti, qanunvericiliyi və diplomatiyanı yüksək səviyyədə bilməsi ilə bu jurnalistləri mat qoydu. Bununla yanaşı, bir çox təxribatçı sualları cavablandırarkən həmin jurnalistlərə onların ölkəsinin tarixini, həmin ölkələrdə həyata keçirilən daxili siyasəti hətta onların özündən yaxşı bildiyini də göstərdi. Dövlətimizin başçısının bu müsahibələri həm də Azərbaycanı yaxından tanımayanlarda ölkəmiz haqda obyektiv fikir formalaşdırdı, onların ölkəmizə münasibətini köklü şəkildə dəyişdi.
Diqqətinizi cəlb etmək istədiyim başqa bir məqam isə cəbhədə baş verən yeniliklərin, azad edilən yeni kənd və şəhərlərin adlarının Ali Baş Komandanın şəxsən özü tərəfindən elan edilməsi idi. Tarixi təcrübə göstərir ki, adətən belə xəbərlərin çatdırılması xüsusi informasiya kanallarına həvalə edilir və bunun üçün bir sıra xüsusiyyətlərə malik olan şəxslər seçilir. Lakin ürəyi böyük Vətən sevgisi ilə döyünən Ali Baş Komandan xalqı ilə bu böyük sevinci birlikdə yaşamaq üçün bu xəbərləri çatdırmağı öz öhdəsinə götürdü və bu vəzifəni də axıra kimi şərəflə yerinə yetirdi.
Beləliklə, 30 ilə yaxın bir müddətdə Azərbaycan xalqının qəlbindən ağır daş kimi asılan torpaq həsrətinə son qoyulması, işğal altında olan ərazilərin azad edilməsi uğrunda 44 gün davam edən Vətən müharibəsi məhz görkəmli sərkərdə və dövlətimizn başçısı İlham Əliyevin gərgin və yorulmaz əməyi, vaxtında yaradılmış güclü iqtisadiyyat, dünyanın aparıcı ölkələri ilə bərabər səviyyədə həyata keçirilmiş ordu quruculuğu, Azərbaycana münasibəti köklü şəkildə dəyişmiş beynəlxalq siyasət və özünü dəmir yumruq kimi göstərmiş xalq-iqtidar birliyi əsasında Qələbə ilə başa çatdı.
Yaşasın Azərbaycan! Yaşasın Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev! Yaşasın Azərbaycan xalqı!
Qarabağ Azərbaycandır!

AZƏRTAC


Facebook-da paylaş