Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



Xəzər İsayev: Əminəm, “Gömrükçü”lərimiz idmanın inkişafına töhfələrini daha da artıracaqlar



2018-ci ilin idman uğurlarında bu sahədə fəaliyyət göstərən klub, cəmiyyət və məktəblərin də böyük payı var. Bu nailiyyətlər arasında Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin (DGK İSM) “Gömrükçü” İdman Klubunun yetirmələrinin əldə etdikləri uğurlar da xüsusi vurğulanmalıdır.

BrendSport.az saytı xəbər verir ki, DGK İSM-in baş direktoru Xəzər İsayev AZƏRTAC-a müsahibəsində Mərkəzin idman klubunun yetirmələrinin burada çalışan peşəkar məşqçi-müəllimlərin səmərəli fəaliyyəti nəticəsində dünya və Avropa çempionatlarında, digər beynəlxalq turnirlərdə, o cümlədən ölkədaxili yarışlarda böyük nailiyyətlərə imza atdıqlarını bildirib. Qeyd edib ki, hazırda klubda Olimpiya idman növləri, o cümlədən karate, boks, sərbəst güləş, yunan-Roma güləşi, taekvondo, cüdo, üzgüçülük, stend atıcılığı, idman dırmanması, futbol və qeyri-Olimpiya idman növləri olan kikboksinq, çerlidinq, kempo-karate və kobuda, kik-cutsi, uşu-sanda, muay-tay, pauerliftinq, kontakt-karate, budo, şaolin döyüş sənəti və şahmat kimi idman növləri üzrə perspektivli idmançılar hazırlanır.

Bildirilib ki, DGK İSM-in “Gömrükçü” İdman Klubu ötən il müxtəlif idman bölmələri üzrə bir çox açıq birinciliklər, çempionatlar və beynəlxalq turnirlər təşkil edib.

Klubun idman tədbirlərində kütləviliyin
təmin olunmasına xüsusi diqqət yetirilir


Xəzər İsayev müxtəlif növlər üzrə açıq birinciliklərdə idmançıların ustalıqlarının artırılmasına, yarış təcrübələrinin zənginləşməsi ilə yanaşı, kütləviliyin təmin edilməsinə də xüsusi diqqət yetirildiyini bildirib. Qeyd edib ki, yeniyetmə, gənclər və böyüklər arasında boks üzrə açıq birincilik və çempionatlar, karate üzrə kiçik kadetlər, kadetlər, yeniyetmələr və gənclər arasında açıq birincilik, mini-futbol üzrə kiçikyaşlı yeniyetmələr və yeniyetmələr arasında turnirlər, futzal idman növü üzrə çempionat, cüdo üzrə kiçik kadetlər, kadetlər və yeniyetmələr arasında açıq birinciliklərdə çoxlu idmançı qüvvəsini sınayıb. “Gömrükçü” İdman Klubunda boks üzrə yeniyetmələr, gənclər və böyüklər arasında, taekvondo üzrə 2004-2006-cı, 2007-2008-ci il təvəllüdlü uşaqlar və yeniyetmələr, idman dırmanmasının çətinlik növü üzrə kiçikyaşlı yeniyetmələr arasında açıq birinciliklərin, sambo və futbol üzrə yeniyetmələr və kiçikyaşlı yeniyetmələr arasında beynəlxalq klublararası açıq birinciliklərin maraqlı mübarizə şəraitində keçdiyini bildirib. Respublika nazirlikləri, komitə və agentlik əməkdaşları arasında stolüstü tennis, kiçikyaşlı yeniyetmə və yeniyetmələr arasında sərbəst və yunan–Roma güləşi üzrə klubun təşkil etdiyi ənənəvi açıq birinciliklərində idman qurumunun yetirmələri böyük nailiyyətlərə imza atıblar.

İdmanın 12 növü üzrə 77 qızıl, 46 gümüş, 87 bürünc medal...


“Gömrükçü” İdman Klubunun yetirmələri 2018-ci il ərzində 77-si qızıl, 46-sı gümüş, 87-si bürünc olmaqla, ümumilikdə 210 medal qazanıblar. Xəzər İsayev qeyd edib ki, Dövlət Gömrük Komitəsi rəhbərliyinin diqqət və qayğısı sayəsində DGK İSM-in yetirmələri ötən ili böyük uğurla başa vurublar.

Baş direktor beynəlxalq arenada yüksək nailiyyət qazanan idmançıların arasında sərbəst güləş üzrə Rahid Həmidlinin İranda böyüklər arasında “Təxti” kubokunda və Bakıda birinci Türk Universiadasında qazandığı gümüş, İtaliyada gənclər arasında Avropa birinciliyində əldə etdiyi bürünc medalını qeyd edib. Pauerliftinqçi Gündüz İsmayılovun Gürcüstanda keçirilən Avropa, Yekaterinburqda və Moskvada dünya çempionatlarının qalibi olması da xüsusi vurğulanıb. Qeyd edilib ki, taekvondo üzrə Xanoğlan Kərimov gənclər arasında dünya birinciliyində, yunan-Roma güləşçisi Kərim Cəfərov Rumıniyada 23 yaşadək dünya çempionatında gümüş medal qazanıblar. Yunan-Roma güləşçisi Taleh Məmmədov Ukraynada böyüklər arasında təşkil edilən beynəlxalq turnirdə, şahmatçı Səbinə İbrahimova birinci Türk Universiadasında yüksək nəticələr əldə ediblər. Belə bir uğura Rahib Məmmədov Lixtenşteyndə keçirilən atletika üzrə Avropa çempionatında imza atıb. Taleh Süleymanov, Ayaz Qəmbərli, Xanoğlan Kərimov, Nihad Abbasov, Yaşar Məmmədli, Ofeliya Allahverdiyeva taekvondo üzrə klublararası Avropa birinciliyinin mükafatçıları olublar.

“Tokio 2020”yə daha çox lisenziya
əldə etmək əsas məqsədlərdən biridir


“2019-cu il “Tokio 2020”yə əsas hazırlıq illərindən biridir. 2016-cı ildə klubumuzun yetirməsi Patimat Abakarova taekvondo üzrə Rio Olimpiadasının bürünc medalını qazanıb. İdmançılarımızı qarşıda Avropa, dünya çempionatları, Tokio Olimpiadasına lisenziya yarışları gözləyir. “Tokio 2020”yə daha çox lisenziya əldə etmək əsas məqsədlərdəndir.

Ötən Olimpiya Oyunlarında yığma komandamız 18 medal qazanaraq böyük uğura imza atıb. İdmançılarımızın əldə etdikləri möhtəşəm qələbə hər birimizdə qürur hissi yaradır. Ölkəmizdə idmanın inkişafına dövlət səviyyəsində böyük qayğı göstərilir. Dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin diqqəti sayəsində bu sahə özünün inkişafının ən yüksək zirvəsinə çatıb. Əminəm ki, “Gömrükçü”lərimiz idmanın inkişafına töhfələrini daha da artıracaqlar”, - deyə Xəzər İsayev bildirib.


Facebook-da paylaş