Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının 14-cu turuna start veriləcək



Bu gün Azərbaycan Premyer Liqasının 14-cu turunun oyunlarına start veriləcək.

BrendSpor.az xəbər verir ki, əvvəlcə debütant "Sabah" "Keşlə"ni qəbul edəcək. "Əlincə Arena"da keçiriləcək görüş keçmiş FIFA referisi Orxan Məmmədova həvalə olunub. Hazırda "Sabah" 17 xalla 4-cü, "Keşlə" 9 xalla sonuncu pillədə qərarlaşıb.

Digər görüş "Dalğa Arena"da "Zirə" və "Qarabağ" arasında təşkil olunacaq. Matçı FIFA referisi Əliyar Ağayev idarə edəcək. Samir Abasovun baş məşqçi olduğu komanda ötən tur səfərdə "Qəbələ" ilə qolsuz heç-heçə edərək, sonuncu pillədən qurtulub. Hazırda qəsəbə təmsilçisi 10 xalla 7-ci pillədə qərarlaşıb. Ağdam klubu isə son turlar qeyri-sabit çıxışına ötən tur "Keşlə"ni 5:1 hesabı ilə darmadağın etməklə son qoyub. Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv hazırda 27 xalla 2-ci pillədə yer alıb.

Daha bir matçda "Səbail" "Qəbələ"ni sınağa çəkəcək. Aftandil Hacıyevin baş məşqçi olduğu kollektiv hazırda 20 xalla 3-cü pillədə qərarlaşsa da, son 2 oyununda məğlubiyyətlə üzləşib. İkinci dövrədə nəticələrini nisbətən yaxınlaşdıran "Qəbələ" isə 16 xalla 5-cidir. Sənan Qurbanovun rəhbərlik etdiyi komanda qələbə qazanacağı təqdirdə 4-cü pilləyə yüksələ bilər. "Bayıl Arena"da keçiriləcək görüşü İnqilab Məmmədov idarə edəcək.

Nəhayət, turun son oyununda lider "Neftçi" "Sumqayıt"la qarşılaşacaq. "Bakcell Arena"da təşkil olunacaq görüşü Rəvan Həmzəzadə idarə edəcək. Flaqman 13 turdan sonra 32 xalla liderdir və ən yaxın izləyicisini 5 xal geridə qoyur. Ötən tur doğma meydana qayıdışını "Səbail" üzərində 1:0 hesablı qələbə ilə qeyd edən "gənclik şəhəri" təmsilçisi isə 14 xalla 6-cıdır. Ayxan Abbasovun baş məşqçi olduğu kollektiv qələbə qazansa, hətta 4-cü pilləyə yüksələ bilər. İlk dövrədə "Sumqayıt" 0:2 hesabı ilə uduzub.

Qeyd edək ki, "Sabah"-"Keşlə" oyunu saat 16:00-da, "Zirə"-"Qarabağ" matçı 17:00-da, "Səbail"-"Qəbələ" qarşılaşması 17:30-da, "Neftçi"-"Sumqayıt" oyunu isə 19:30-da başlayacaq.


Facebook-da paylaş

Xəbəri paylaş