Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının 12-ci turuna start veriləcək

Noyabrın 24-də futbol üzrə Azərbaycan Premyer Liqasında XII tura start veriləcək.

BrendSport.az xəbər verir ki, iki günü əhatə edəcək turun açılış matçında “Keşlə” doğma meydanda “Qəbələ” ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 16:30-da başlayacaq. Qarşılaşmanı Rəvan Həmzəzadə idarə edəcək.

Bu komandalar Azərbaycan çempionatları tarixində 41 dəfə üz-üzə gəliblər. Bunların 14-də meydan sahibləri, 11-də isə əyalət təmsilçisi qələbəyə sevinib, 16 görüşdə isə qalib müəyyənləşməyib. Topların fərqində də paytaxt klubu öndədir - 52:41. Hazırda “Qəbələ” turnir cədvəlində 12 xalla beşinci, “Keşlə” isə 9 xalla yeddinci pillədə qərarlaşıb.

Günün digər matçı Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq. “Qarabağ” Premyer Liqanın debütantı “Sabah”ın müqavimətini qırmağa çalışacaq. Komandalar arasındakı yeganə matç ilk dövrədə oynanılıb. Ağdam klubu səfərdə rəqibini 2:0 hesabı ilə üstələyib. “Qarabağ” 23 xalla ikinci, “Sabah” isə 16 xalla dördüncü yerdədir. İnqilab Məmmədovun idarə etdiyi oyun Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Tura noyabrın 25-də iki oyun ilə yekun vurulacaq. Premyer Liqanın hazırkı lideri “Neftçi” səfərdə “Səbail” klubunun qonağı olacaq. Matç saat 17:00-da start götürəcək. “Bayıl Arena”da oynanılacaq qarşılaşmanı Rauf Cabbarov idarə edəcək.

Sonuncu görüşdə isə “Sumqayıt” klubu “Zirə”nin qonağı olacaq. Hakimi start fiti saat 19:00-da eşidiləcək. “Dalğa Arena”da keçiriləcək oyunun baş hakimi Səbuhi Bayramov olacaq.

Qeyd edək ki, 11 turdan sonra turnir cədvəlinə 26 xalla “Neftçi” klubu başçılıq edir. “Qarabağ” 23 xalla ikinci, 20 xalı olan “Səbail” üçüncü, debütant “Sabah” isə 16 xalla dördüncü yerdə qərarlaşıblar. Digər pillələrdə müvafiq olaraq “Qəbələ” (12), “Sumqayıt” (11), “Keşlə” (9) və “Zirə” (6) yer alıblar.


Facebook-da paylaş