Əsas Səhifə > Gənclər > Gənclər və idman naziri Fərid Qayıbov Bakı Ali Neft Məktəbində olub

Gənclər və idman naziri Fərid Qayıbov Bakı Ali Neft Məktəbində olub


14-10-2021, 11:54


Oktyabrın 13-də gənclər və idman naziri Fərid Qayıbov Bakı Ali Neft Məktəbində olub. Məktəbin fəaliyyəti ilə tanış olan nazir tələbə və müəllim kollektivi ilə görüşüb. BANM-ın rektoru Elmar Qasımov burada yaradılmış şərait və gənclərin təhsil uğurları barədə məlumat verib. Qeyd edib ki, məktəbdə gənclərin həm təhsil, həm də yaradıcılıq vərdişlərinə xüsusi diqqət yetirilir.

BrendSport.az
xəbər verir ki, Nazir burada Azərbaycan neft -qaz sənayesi tarixini əks etdirən muzey, yeməkxana, laboratoriya, tələbə yataqxanası, kompüter otağı və Erasmus+ otağına baxıb, bakalavrların dərs prosesi ilə tanış olub. Fərid Qayıbova məlumat verilib ki, ali məktəbdə bədən tərbiyəsi və idmanın inkişafı üçün hər bir şərait yaradılıb. Standartlara uyğun futbol meydançası, müxtəlif növlər üzrə idman zalları, trenajor zalı, üzgüçülük hovuzu tələbələrin istifadəsinə verilib. Nazir məktəbin təcrübəli üzgüçülük müəllimi Pyotr Kuvşinovla tələbələrin idmana, xüsusilə də su idmanı növlərinə marağı və məşğələlər barədə fikir mübadiləsi aparıb.

Fərid Qayıbov müxtəlif növlər üzrə idman klublarının sədrləri ilə tanış oldu, tələbələrin məşq proseslərini izlədi. Burada idman dərslərinə yaradılan şəraitdən razılığını bildirən nazir, buna görə məktəb rəhbərliyinə təşəkkürünü bildirib.

Sonra Fərid Qayıbov toplantı zalında məktəbin yaradıcılıq klubları sədrləri, prezident təqaüdçüləri, fəal tələbələri ilə görüşüb. Görüş zamanı tələbələrlə fikir mübadiləsi aparan nazir onların gənclər, idman və yaradıcılıq mövzusunda suallarını cavablandırıb, arzu və təkliflərini dinləyib, nazirliyin qarşıya qoyduğu məqsəd və vəzifələr, görüləcək işlər barədə danışıb. Nazir qeyd edib ki, hər bir sahədə uğur qazanmaq üçün zamana ehtiyac var. Əsas ruhdan düşməmək və milli-mənəvi dəyərləri qorumaqla inkişafa çalışmaq lazımdır.

Görüşün sonunda, səmimi görüşə görə məktəbin tələbələri və pedaqoji heyəti adından təşəkkür edən rektor nazir Fərid Qayıbova məktəbin xatirə hədiyyəsini təqdim edib.
Geri qayıt