Əsas Səhifə > Gənclər > Gənclər təşkilatlarının IV Milli Konqresinə start verildi

Gənclər təşkilatlarının IV Milli Konqresinə start verildi


2-05-2020, 17:27


01 may 2020-ci il tarixdə öz işinə başlayan və bu gün öz işini yekunlaşdıracaq Konqresin açılış mərasimində Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin sektor müdiri Həmid Nəsibov, BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Qulam İsakzai və Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova çıxış etdilər.

Gənclər və İdman nazirinin müavini İntiqam Babayev koronavirus (COVİD-19) infeksiyası zamanı hər bir dövlətin dövlətçilik gücü və imkanlarının sınağa çəkildiyini diqqətə çatdırdı. Nazir müavini cənab Prezident İlham Əliyev tərəfindən irəli sürülən qabaqlayıcı tədbirlər nəticəsində əhalinin sağlamlığının və sosial rifahının qorunması istiqamətində böyük işlər görüldüyünü diqqətə çatdırdı. İntiqam Babayev çıxışının davamında: “Həyat göstərdi ki, hətta pandemiya dövründə də bir çox layihləri icra etmək mümkündür. Heç bir xəstəlik gənclər siyasətinin inkişafına öz təsirini göstərə bilmədi. Koronavirus infeksiyası zamanı dövlətlə bərabər cəmiyyət də sınağa çəkildi ”. Nazir müavini çıxışının davamında nazirliyin həyata keçirdiyi “Heydər Əliyev siyasi məktəbini öyrənirik -​ 2020” , “İdeya var”, “Tələbə baharı”, “Evdə addımla”, “Evdə qal, təbliğatdan qalma” və digər layihələr haqqında məlumat verdi.

Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov çıxışında pandemiya dövründə Fondun fəaliyyəti, o cümlədən, Fond tərəfindən gənclər üçün həyata keçirilən “İdeyanı reallaşdır” fərdi qrant müsabiqəsi, Fond və BMT-nin Uşaq Fondunun​ birgə gerçəkləşdirdikləri koronavirus infeksiyası ilə bağlı ictimai maarifləndirmə layihəsi və digər tədbirlər haqqında danışdı. Icraçı direktor​ dövlət tərəfindən atılan addımların​ gənclər təşkilatları və gənclər tərəfindən​ ​ dəstəklədiyini xüsusi vurğuladı. Fərid Cəfərov​ ​ Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çağırışına cavab olaraq koronavirusla mübarizədə​ dövlət tərəfindən atılan bütün zəruri addımlara, xüsusilə,​ əhalinin maarifləndirilməsi və qayğıya ehtiyacı olan insanlarına​ sosial xidmətlərin göstərilməsi istiqamətində həyata keçirilən tədbirlərə töhfə vermək məqsədilə, ölkənin bütün könüllü təşkilatlarının birləşdiyi Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin fəaliyyəti haqqında da danışdı.

O, gəncləri və gənclər təşkilatlarını dövlət tərəfindən həyata keçirilən fəaliyyətlərə tövhə verməyə çağırdı.

BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Qulam İsakzai Azərbaycan dövlətinin pandemiya dövründə atdığı mühüm addımlardan danışıb, gənclərin ehtiyacı olan insanlara təmənnasız yardımını xüsusi olaraq diqqətə çatdırdı. Rezident Əlaqələndiricisi gənclərin bu dönəmdə sosial mediadan istifadəsi zamanı çox diqqətli olmalarını, yalnız etibarlı informasiyaları bölüşmələrinin vacibliyini bildirdi.

Prezident Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin sektor müdiri Həmid Nəsibov isə öz çıxışında pandemiya dövründə​ Azərbaycanda əhalinin ölkə başçısının rəhbərliyi ilə atılan addımları dəstəklədiyini və məhz bu tədbirlərin və həmrəyliyin nəticəsində ölkəmizin pandemiya ilə mübarizədə bir uğur hekayəsi yazmaqda olduğunu bildirdi. Sektor müdiri mübarizənin hələ bitmədiyini,​ maarifləndirmənin davam etdirilməli olduğunu, bu xüsusda gənclər təşkilatlarının üzərinə vacib rol düşdüyünü bildirdi. Həmid Nəsibov bununla yanaşı,​ post-pandemiya dövrünə hazırlıqların artıq indidən başlanılmalı olduğunu söylədi. O qeyd etdi ki, pandemiyanın ziyan vurduğu bir sıra sahələrdə çalışan insanlar arasında gənclər də az deyildir. Bununla yanaşı, PA nümayəndəsi region gənclərinin inkişafı, onların müasir bacarıqlara yiyələnməsi, eləcə də, qızların bilik və bacarıqlarının artırılması və bu xüsusda virtual məkanda təlimlərin təşkilinin vacibliyi barədə də danışaraq,​ bu istiqamətdə də bir sıra mühüm addımların atılmasının önəmini diqqətə çatdırdı.

NAYORA sədri Məryəm Məcidova isə son 2 ildə görülən işlərin hesabatından ibarət təqdimatla çıxış edərək, bu müddət ərzində 25 tədbir keçirərək 120 gənclər təşkilatlarını, ümumilikdə ​ 4500 gəncin iştirakını təmin etdiklərini bildirdi. ​

2 May tarixinədək davam edəcək konqresin ikinci günü ​ “Pandemiyanın yaratdığı yeni çağırışlar və yeni imkanlar”, “Gənclər təşkilatlarının keyfiyyət əmsalı” mövzuları ətrafında rəqəmsal öyrətmə və öyrənmənin üstünlükləri, gənclər təşkilatlarının fəaliyyət mexanizmlərinin təkmilləşdirilməsi və onlayn fəaliyyətinin strukturlaşdırılması, gənclər təşkilatlarının fəaliyyətinin onlayn platformalara inteqrasiyası, gənclər təşkilatlarının fəaliyyətinin qiymətləndirilmə mexanizmləri, gənclər təşkilatları tərəfindən gənclər üçün göstərilən xidmətlər, təlimçilərlə işin təşkili mövzuları ətrafında panel müzakirələr aparılacaq.

Xatırladaq ki, konqresin keçirilmə təşəbbüsü ilk dəfə 2012-ci ilin noyabr ayında Gənclər Təşkilatlarının IV Respublika Sərgisi zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərgini ziyarəti zamanı səsləndirilib. Gənclər Təşkilatlarının Milli Konqresi ilk dəfə 2013-cü ildə, daha sonra 2015 və 2017-ci illərdə gənclər təşkilatlarının, eləcə də, beynəlxalq qurumların nümayəndələrinin iştirakı ilə təşkil edilib.


Geri qayıt