Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Bu gün Daxili Qoşunların yaranması günüdür



Martın 12-də Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yaranmasından 31 il ötür.

BrendSport.az saytının Gənclər Şöbəsi
xəbər verir ki, 1991-ci ilin dekabrında sabiq SSRİ Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Bakıda yerləşən 5-ci diviziyası buraxılıb və heyəti 2500 nəfərdən ibarət olan üç hərbi hissə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tabeliyinə verilib.

Həmin vaxtdan Azərbaycan Daxili Qoşunları Biləcəri qəsəbəsindəki hərbi hissənin əsasında yaradılmasına başlanıb. Daxili Qoşunların Azərbaycan Daxili İşlər Nazirliyinin müstəqil strukturu kimi yaranması və formalaşması ölkəmizin çox çətin bir dövrünə təsadüf edib.
1992-ci il martın 12-də Daxili Qoşunların Biləcəri, Sumqayıt, Gəncə hərbi hissələri erməni işğalçılarına qarşı döyüşlərə başlayıb, Azərbaycanın ərazi bütövlüyü uğrunda Ağdam rayonunun Papravənd, Qalayçılar, Manikli, Baş Güneypəyə, Canyataq, Gülyataq kəndlərində vuruşublar. Döyüşlərdə çavuş Hətəmxan Babayev, leytenant Rafiq İsmayılov, baş leytenant Ruber Səfərəliyev Daxili Qoşunların ilk şəhidləri olublar. Həmin döyüş günü rəmzi olaraq Daxili Qoşunlar Günü kimi müəyyənləşdirilib.

Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə - Birinci Qarabağ müharibəsində Daxili Qoşunların döyüşçüləri də qəhrəmanlıq nümunələri göstərib, şəhidlər veriblər. Döyüş əməliyyatları aparılan müddətdə qoşunların şəxsi heyətindən 680 nəfər şəhid olub, 1177 nəfər yaralanıb, 5 nəfər itkin düşüb. Birinci Qarabağ müharibəsində Daxili Qoşunların 9 hərbçisi Azərbaycanın Milli Qəhrəmanı (8-i ölümündən sonra) fəxri adına layiq görülüb.

1995-ci il martın 9-da Ümummilli Lider Heydər Əliyevin imzaladığı müvafiq Fərmanla Azərbaycan Daxili Qoşunlarının şəxsi heyətinin ölkəmizin ərazi bütövlüyü uğrunda və Ermənistanın hərbi təcavüzünə qarşı döyüşə başladığı ilk gün – martın 12-si Daxili Qoşunlar Günü elan olunub.

Ulu Öndər Heydər Əliyev Daxili Qoşunların inkişafına, möhkəmlənməsinə daim diqqət yetirib. Qoşunların formalaşmasında da Ümummilli Liderimizin misilsiz tarixi xidmətləri olub.
2020-ci il sentyabrın 27-dən noyabrın 9-dək davam edən Vətən müharibəsi zamanı Daxili Qoşunların hərbi qulluqçuları şərəfli döyüş ənənələrinə sadiq qalaraq, erməni işğalçıları üzərində şanlı Zəfərin qazanılmasına mühüm töhfələrini veriblər. Yaradılan şəraitdən, ali diqqət və qayğıdan bəhrələnən Daxili Qoşunların şəxsi heyəti bu yüksək etimadı Vətən müharibəsində şərəflə və layiqincə doğruldub.

İkinci Qarabağ müharibəsinin ilk günlərindən doğma torpaqlarımızı işğaldan azad etmək üçün ən ağır döyüşlərdə iştirak edən Daxili Qoşunların hərbçiləri misilsiz qəhrəmanlıq nümunələri göstərdilər. Xalqımızın tarixinə əsl qəhrəmanlıq salnaməsi kimi daxil olan Vətən müharibəsində böyük Qələbənin qazanılmasında, torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə Daxili Qoşunların 66 hərbçisi şəhidlik zirvəsinə ucalıb, 346 nəfər isə yaralanıb.

Daxili Qoşunların dörd əməkdaşı ən yüksək fəxri ada - Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb. Həlak olan igid oğulların bir çoxunun qəhrəmanlıqları, şücaəti qiymətləndirilərək adları əbədiləşdirilib, 24 məktəbə, 7 məhəllə və küçəyə, bir körpüyə, bir mədəniyyət evinə onların adları verilib. Həmin müharibədə Daxili Qoşunların şəxsi heyətinin fədakarlığı bir daha sübut edib ki, Daxili Qoşunlar dövlətimiz və dövlətçiliyimiz, Vətən torpağının hər qarışı uğrunda, həmçinin ictimai asayişin qorunması naminə inamla, şərəflə, ləyaqətlə mübarizə aparır.

Qeyd edək ki, Daxili Qoşunlar, həmçinin dövlət əhəmiyyətli tədbirlərdə, habelə beynəlxalq yarışlarda daxili işlər orqanlarının müvafiq qurumları ilə yanaşı, ictimai asayişin mühafizəsi və təhlükəsizliyin qorunmasının təmin olunmasında fəal iştirak edib. Paytaxtımızda keçirilmiş “Eurovision 2012” mahnı müsabiqəsinin, “Bakı 2015” birinci Avropa Oyunlarının, 42-ci Ümumdünya Şahmat Olimpiadasının, “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarının, Formula 1 yarışlarının, UEFA Avropa Liqasının final matçının, “Texnofest Azərbaycan” ölkəmizdə keçirilməsi zamanı ictimai asayişin mühafizəsini və təhlükəsizliyin təmin olunmasını ən yüksək səviyyədə yerinə yetirib.

Vətən müharibəsindən sonra Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarına daxil olan şəhər və rayonlarımızda polis əməkdaşları ilə birgə ayıq-sayıq xidmət aparan Daxili Qoşunların hərbi qulluqçuları onlara həvalə edilən vəzifələri peşəkarlıqla yerinə yetirir, təhlükəsizliyin təmin olunmasına əsaslı töhfələrini verirlər.

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə təbii sərvətlərimizin talanmasına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına, eləcə də Qarabağ iqtisadi rayonunda ekoloji terrora etiraz olaraq ekofəallar və qeyri-hökumət təşkilatlarının təmsilçiləri Laçın-Xankəndi yolunun bir hissəsində dinc aksiya iştirakçılarının təhlükəsizliyi Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları və polis əməkdaşları tərəfindən təmin olunur.

Qeyd:
Məndə Səmədov Bəhruz Rəcəb oğlu BrendSport.az saytının baş redaktoru və keçmişdə "Daxili Qoşunlar"ın manqa komandiri olaraq, bu gün və bu günə kimi "Daxili Qoşunlar"da qulluq edən bütün şəxsi heyəti bu bayram münasibəti ilə təbrik edirəm.
Bayramınız mübarək!


Facebook-da paylaş

Xəbəri paylaş