Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Qalib xalqın gəncləri, 2022-yə inamla!




Bu gün dövlətçilik və Vətənpərvərlik düşüncəsi hər bir gəncin fəaliyyətinin əsasını təşkil edir. Ölkə əhalisinin 22,8 faizini təşkil edən, 2 milyon 300 mindən artıq gəncimiz Prezident İlham Əliyevin apardığı bütün islahatlarda onun yanında olduğunu öz fəaliyyəti ilə, ictimai iştirakçılığı ilə ifadə edir.



BrendSport.az saytının Gənclər Şöbəsi xəbər verir ki, Gənclər və İdman Nazirliyinin gənclər siyasəti sahəsində fəaliyyəti “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrasına yönəlib. Proqramın 11 istiqaməti üzrə 104 yarımbəndinin icrası ilə əlaqədar 100-dən artıq, o cümlədən 20-dək beynəlxalq səviyyəli tədbir həyata keçirilib.



Gənclər arasında dövlətçilik və milli ideologiyanın mənimsənilməsi məqsədilə “Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin tarixi Zəfərdə rolu” mövzusunda tədbirlər, “Gənclik və dövlət müstəqilliyi: gələcəyə baxış”, “Gənclərin Vətənpərvərlik tərbiyəsində milli-mənəvi dəyərlərin rolu” mövzusunda onlayn konfranslar keçirilib. Ölkə həyatında özünəməxsus yer tutan, hərb, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, ədəbiyyat, din sahəsində tanınmış insanlarla gənclərin birbaşa dialoqunu təmin etmək məqsədilə “Mənim qəhrəmanım” və “Armudu” adlı ənənəvi layihələr çərçivəsində 10-dan artıq onlayn görüş keçirilib. “Dünyada Azərbaycanın tolerantlıq modeli” mövzusunda konfranslar Azərbaycanın füsünkar regionlarında – Astara, Balakən, Qubada keçirilib.



Geniş və fəal iştirakçı kütləsi olan televiziya layihələri davam etdirilib. İl ərzində “Mən Azərbaycanlıyam” milli bilik yarışması, gənclərin həyatında baş verən əsas xəbərlər, istedadlı gənclər, ekspertlər, yeni xüsusi layihələr və s. haqqında Müasir Azərbaycan Gənci (MAG) gündəlik proqramı yayımlanıb.



Gənclərin hərbi qulluğa marağının artırılması, peşəkarlığın təbliği məqsədilə televiziya məkanında yeganə hərbi realiti-şou olan “Vətən Sağ Olsun-4” bu il “dəniz pişikləri”nin hazırlığına diqqət verib.



Azərbaycan tarixini, mədəniyyətini gənclərə, o cümlədən xaricdə yaşayanlara əyani çatdırmaq məqsədi ilə Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Salamat qal, Ağca yol” adlı qısametrajlı film, Azərbaycanın Milli Qəhrəmanı general-mayor Polad Həşimov haqqında bədii film, 3D qrafik təsvirli “Füzuli - virtual səyahət”, "Göyçə - itirilmiş ocaq" və “Qarabağ - əcdadlarımızın mirası” adlı sənədli filmlər hazırlanıb.



Dini ekstremizm və ayrı-seçkilik çağırışlarına qarşı gəncləri səfərbər etmək, onlar arasında milli-dini dözümlülük, sülhsevərlik, humanizm dəyərlərinin təbliği üçün müxtəlif bölgələrdə onlayn formatda dini radikalizmin profilaktikasına həsr olunmuş zona toplantıları keçirilib.



Xüsusi qayğıya ehtiyacı olan gənclərin dəstəklənməsi və sağlamlığının qorunması yönündə də bir sıra addımlar atılıb, layihələr reallaşdırılıb. Bu baxımdan, “Covid-19 pandemiyası dövründə gənclər arasında narkomanlığa qarşı mübarizənin gücləndirilməsi” mövzusunda silsiləvi olaraq onlayn zona seminar-müşavirələri keçirilib. Həmçinin “Ümumdünya Sağlamlıq Günü”, “Narkotikə yox deyək”, “Koronavirusa qarşı birgə mübarizə aparaq!” və s. mövzularda videoçarxlar hazırlanaraq sosial şəbəkələrdə paylaşılıb.



Gənclərin məşğulluğunun və sahibkarlıq fəaliyyətinin dəstəklənməsi məqsədilə, BMT İnkişaf Proqramı ilə əməkdaşlıq çərçivəsində Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə 17 Gənc Səfir seçilib və onların vasitəsilə gənclər, xüsusilə regionda yaşayanlar DİM-lər haqqında maarifləndirilib, iqtisadi-sosial yönlü layihələr həyata keçirilib.



Gənc nəslin yaradıcılıq fəaliyyətinin dəstəklənməsi və asudə vaxtının təşkili üçün görülən işlər sırasında “SPORTECH” texno emalatxanalarının yaradılmasını xüsusi qeyd etmək istərdim. Robototexnika sahəsində ölkə üzrə çempionatlar təşkil olunub, “WRO-2021” Onlayn Beynəlxalq Robot Olimpiadasının finalında Azərbaycan yığmasının iştirakı təmin edilib. “İstedadların hazırlığı laboratoriyası” üzrə VIII Respublika Olimpiadası və IV Beynəlxalq Olimpiadası keçirilib. Kompüter oyunları üzrə XV Azərbaycan çempionatı, Quantum platforması üzərində “League of Legends” və “Valorant”, "Breyn-rinq" İntellektual oyunu üzrə XVIII Azərbaycan çempionatı televiziya layihəsi həyata keçirilib.



Tələbələrin elmi, mədəni və ictimai fəaliyyətinin dəstəklənməsi məqsədilə, yeni çağırışlara cavablar üçün gənclərin innovativ potensialının artırılması, yeni texnologiyalar sahəsinə marağının stimullaşdırılması üçün bir sıra layihələr həyata keçirilib. Bu tədbirlər sırasında “Sabahın alimləri” X Respublika müsabiqəsini xüsusi qeyd etmək lazımdır.



Tələbələr arasında iştirakçılığı artırmaq, onların yaradıcılıq potensialını üzə çıxarmaq məqsədilə “Tələbə baharı” XV Respublika bədii-yaradıcılıq Festivalı keçirilib. Kitab oxumağın təbliğinə yönəlmiş, kitabı əlçatan etmək məqsədi ilə sentyabr-dekabr ayları ərzində Gənclər və İdman Nazirliyinin “Səyyar kitabxana”sının 10 rayona səfər etməsi də maraqla qarşılanıb.



Gənclər təşkilatlarının fəaliyyətinin və gənclərin ictimai həyatda iştirakının dəstəklənməsi məqsədilə dekabrın 10-da Bakı Konqres Mərkəzində Gənclər və İdman Nazirliyinin, Azərbaycan Gənclər Fondunun, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və KOBİA yanında İctimai Şuranın təşkilatçılığı ilə Gənc Sahibkarların II Forumu keçirilib. Forumda 150-dən artıq gənc sahibkar iştirak edib. Bundan başqa, gənclər siyasətinin əsas istiqamətləri üzrə 73 gənclər təşkilatının layihəsi maliyyələşdirilib.



Dövlət gənclər siyasəti sahəsində islahat tədbirlərinin həyata keçirilməsini, yeni tələblərə cavab verən təhlillərə əsaslanmış effektiv idarəetməni, bütün səviyyələrdə işin əlaqələndirilməsini, strateji planlaşdırmanı təmin etmək işləri 2022-ci ildə daha da planlı şəkildə, yeni ideyalarla davam etdiriləcək. Yeni qədəm qoyduğumuz ildə bizi gənclərin iştirakı ilə mühüm və məsul işlər gözləyir. İnanırıq ki, qalib xalqın gəncləri bu işlərin öhdəsindən inamla gələcəklər.


Facebook-da paylaş

Xəbəri paylaş