Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Tokio-2020”də qızıl medal qazanmamağımızın səbəbləri




Bildiyimiz kimi, Tokioda keçirilən XXXII Yay Olimpiya Oyunları başa çatıb. Oyunlar bundan əvvəlki olimpiyadalardan fərqli keçdi.

Dünyanın ağuşuna alan pandemiya şəraitində, demək olar ki, azarkeşsiz keçirilən Olimpiada 5 il sonra olsa da, baş tutdu.

Ölkəmiz bu Olimpiadaya əvvəlki illərdən fərqli olaraq, az idmançı ilə qatılmışdı. 44 idmançıdan ibarət olan komandamız 40 lisenziya əldə etmişdi. Komandamız yarışları yeddi medalla başa vuraraq üç gümüş və dördü bürünc medal qazandı.

İdmançılarımızdan Hacı Əliyev (sərbəst güləş), Rafael Ağayev, İrina Zaretskaya (karate), İrina Kindzerskaya (cüdo), Loren Alfonso Dominqes (boks), Rafiq Hüseynov (yunan-Roma güləşi) və Mariya Stadnik (qadın güləşi) Azərbaycana medal qazandıran idmançılar oldu.

Olimpiya komandamız ilk dəfə müstəqil Azərbaycanın bayrağı ilə qatıldığımız 1996-cı il Atlanta Yay Olimpiya Oyunlarında olduğu kimi qızıl medal qazana bilmədi. 1996-cı ildə komandamızın yarışlara daha az tərkibdə qatıldığını nəzərə alsaq, budəfəki nəticə qənaətbəxş hesab oluna bilməz.

Azərbaycan medal sıralamasında 200-ə yaxın ölkə içərisində 67-ci oldu. Keçmiş SSRİ-nin 15 ölkəsi arasında isə medal əyarına görə 8-ci, medal sayına görə isə Belarusla birgə 5-ci yerdə qərarlaşdıq.

Bəs qızıl medal niyə qazana bilmədik? Bunun bir neçə səbəbi var. Öncə qeyd etməliyik ki, bütün ölkələrin Olimpiadadakı çıxışına pandemiya təsirsiz ötüşmədi. Məsələn, güləşdə Türkiyə və Gürcüstan kimi ölkələr də qızıl medal qazana bilmədi.

Azərbaycanın tarixən ən uğurlu olduğu növ olan güləşdə ilk dəfə az idmançı ilə çıxış etməyimizə də pandemiya böyük ölçüdə təsir göstərdi.

2020-ci ilin aprel ayından etibarən Azərbaycanda pandemiya səbəbindən bir neçə vacib iaşə obyekti bağlandı.

İnsanların çox üz tutduğu qapalı idman zalları da koronavirusa yoluxmanın qarşısının alınması məqsədi ilə qapadıldı.

Bu isə güləş, cüdo, boks, taekvondo, karate kimi qapalı zallarda məşqi keçirilən idman növlərində müəyyən durğunluğa, idmançıların fiziki formasında geriləmənin yaranmasına səbəb oldu.

Düzdür, sonradan Gənclər və İdman Nazirliyi Nazirlər Kabineti yanında Operativ Qərargahdan razılıq alaraq, Olimpiadada çıxış edəcək idmançılar üçün qapalı idman zallarından istifadə üçün yaşıl işıq yandırdı. Lakin həmin ərəfələrdə – sentyabrın sonlarında Azərbaycan ikinci cəbhədə mübarizəyə qoşuldu. Bu dəfə Azərbaycan Qarabağ bölgəsində Ermənistanla 44 günlük haqq savaşında mübarizəyə atıldı. Həmin müddətdə Azərbaycan xalqı bir olaraq bütün diqqətləri cəbhəyə yönəltdi, Ali Baş Komandanın rəhbərliyi altında fəaliyyət göstərən müzəffər ordunun yanında sıx birləşdi. Həmin vaxt ölkədə komendant saatı tətbiq edildi, idman kimi məsələlər arxa plana keçdi. Noyabrdan etibarən Azərbaycan Vətən müharibəsini qalib kimi başa vurdu və ölkəmizdə tədricən əvvəlki həyat geriyə dönməyə başladı. Lakin onda artıq bəzi idman növləri üçün müəyyən geriləmə başlamışdı.

Düzdür, pandemiya və müharibəni tamamilə Olimpiadadakı zəif çıxışın üzərinə bəhanə kimi atmaq olmaz. Məsələn, kişilərdən ibarət cüdo millisi ilk dəfə tam heyətlə mübarizə apardı. Azərbaycan Cüdo Federasiyası istər kişi, istərsə də qadın millimiz üçün yüksək səviyyəli şərait yaratmışdı. Komandalarımız istər ölkə daxilində, istərsə də ölkə xaricində lazımi təlim-məşq toplanışlarında iştirak etdi. Lakin bunun müqabilində yeddi nəfərdən ibarət kişi millimiz bir medal da qazana bilmədi. Bu uğursuzluğun əsas səbəbi kimi məşqçilər heyəti göstərildi. Nəticədə komanda Bakıya gələr-gəlməz ukraynalı çalışdırıcı Ruslan Maşurenko başda olmaqla, məşqçilər heyəti tam tərkibdə istefaya göndərildi.

Həmçinin digər idman növlərində federasiyaların iş planlarında axsamaların olduğu göründü. Zəif nəticələrdə federasiya rəhbərləri, məşqçilər heyətinin qurduğu planların düzgün qurulmadığı aydın göründü. Məsələn, idmançılarımızın fiziki cəhətdən görüşlərə tam hazır olmaması, son saniyələrədək tab gətirə bilməməsi aydın oldu.

Bu kimi nöqsanları aradan qaldırmaq üçün isə cəmi üç il vaxtımız var. Azərbaycanı isə üç il sonra Fransanın paytaxtı Parisdə növbəti Olimpiada gözləyir. “Paris-2024”də yaxşı nəticələr üçün bu amillərə federasiya rəhbərlərinin daha çox diqqət yetirməsi lazım gələcək.





Xatırladaq ki, biz də BrendSport.az saytı olaraq, Tovuz hadisələrindən başlayaraq, 44 günlük vətən savaşının sonuna kimi bir çox idmançılarımızla birlikdə "İlhamlı qələbələr" adlı orduya dəstək kampaniyası keçirərək ordumuzun yanında olmağa çalışdıq.
Bu idmançılar arasında “Tokio-2020”nin iştirakçılarından olan Rafael Ağayev (karate) və Hacı Əliyev (güləş) də var idi.





Digər idmançı və idman ictimaiyyətinin nümayəndələrindən
güləş idman növü üzrə olimpiya hakimi, "Qızıl fit" sahibi Hicran Şərifov,
1 nömrəli Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin direktoru və boks idman növü üzrə keçmiş dünya çempionu Fərhad Acalov ,
Azərbaycan Pankration, Qrapplinq və MMA Federasiyası prezidenti Azad Əsgərov,
Qrapplinq iİdman Federasiyasının vitse-prezidenti Hüseyinəli Abbaslı (“Ali motors” maşın ehtiyat hissələri mağazasının rəhbəri),
voleybol idman növü üzrə məşqçi Ziya Rəcəbov,
həvəskar voleybolçu Rəhim Axundov (“Həyat” aptekin rəhbəri),
karate üzrə I dan qara kəmər sahibi Azər İslamzadə (“İslamoğlu” un məmulatlarının rəhbəri),
Cui-citsu idman növü üzrə Dünya və Avropa çempionu Vüqar Cəfərov,
Cui-citsu Federasiyasının ikinci vitse-prezdenti Seymur Səfərov ,
gənc yaşlarında "Neftçi" idman cəmiyyətində boks ilə məşğul olmuş, hazırda
SOCAR-ın Sərmayələr İdarəsinin rəis müavini olan İlham Nəsirov,
keçmişdə poli idman növü ilə məşğul olmuş “Caspian Pipe Coatings” MMC drektorunun birinci müavini Rasim Mustafayev və
həvəskar Stolüstü tennisçi "Sehrli Dünya" uşaq jurnalının təsisçisi Gülzar İbrahimova və s. ilə birgə orduya dəstək olmağa çalışmışıq.






Qeyd edək ki, "Bravo" mağazalar şəbəkəsi, "Natural Hali" mağazalar şəbəkəsi, "Azgranata" şirkəti, "Cafe Park", "Soel parfum" və "Berg enerji" də bu kompaniyada bizə dəstək olan şirkətlər arasında olub.


Bu kimi tədbirlərimiz bundan sonra da davam edəcək. Tərəfdaş şirkətləri bu işdə daha fəal olmağa çağırırıq.

Onu da xatırladaq ki, BrendSport.az saytı 28 avqust 2021-ci il tarixdən başlayaraq, ordumuzun Vətən müharibəsindəki möhtəşəm qələbəsinə həsr olunmuş “İlhamlı qələbələr” adlı jurnalistlər və tanınmış insanlar arasında növbəti idman festivalı keçirməyi planlaşdırır. Bu festivalda isə bizə dəstək olmaq üçün idman cəmiyyətlərinin, federasiyaların və şirkətlərin dəstəyi çox önəmlidir.

Festivalda peyntbol, stolüstü tennis, futbol, velosiped və şahmat idman növləri üzrə çempionatların keçirilməsi nəzərdə tutulur.



"İlhamlı qələbələr" adlı layihənin rəhbəri Bəhruz Rəcəb oğlu Səmədov








“Tokio-2020”də qızıl medal qazanmamağımızın səbəbləri


































Facebook-da paylaş

Xəbəri paylaş