Əsas Səhifə > Dünya idmanı > UEFA Bakıdakı oyunlarda ofsaydla bağlı yenilik tətbiq edə bilər

UEFA Bakıdakı oyunlarda ofsaydla bağlı yenilik tətbiq edə bilər


6-03-2020, 18:20



"Bir santimetr oyundan kənar vəziyyət deyil. Çünki qaydanın əsas məğzi bundan ibarət deyil. Bu, Video Köməkçi Hakim (VAR) funksiyasının müdaxiləsi üçün səbəb olmamalıdır. Bizə daha qalın ofsayd xətləri lazımdır".

BrendSport.az "Sky Sports"a istinadən xəbər verir ki, bu fikirləri UEFA prezidenti Aleksandr Çeferin ofsayd qaydasındakı dəyişikliklərlə bağlı danışarkən deyib.

Sloveniyalı funksioner bildirib ki, bir santimetr komanda üçün mövsümü korlaya bilər: "Oyundankənar vəziyyətdə əl qaydası da problemdir, amma nə edəcəyimi bilmirəm. Hakimlərlə müzakirə etdiyimiz çox problem var".

Çeferin yeni ofsayd xətlərinin 2020/21 mövsümündən etibarən Çempionlar Liqası və Avropa Liqasında istifadə üçün təqdim ediləcəyini söyləyib. Bundan əlavə, UEFA bu il keçiriləcək Avropa çempionatında da bu xətlərdən istifadə edə bilər.

Qeyd edək ki, AVRO-2020-yə iyunun 12-də Romadakı "Olimpiko" stadionunda start veriləcək. Açılış matçında İtaliya və Türkiyə milliləri üz-üzə gələcək. Ertəsi gün A qrupunun digər oyununda Uels və İsveçrə seçmələri Bakı Olimpiya Stadionunda münasibətlərinə aydınlıq gətirəcək. İyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları Azərbaycan paytaxtında təşkil olunacaq. Uelslilər iyunun 21-də isə Romada İtaliya ilə qarşılaşacaqlar.

Bundan başqa, iyulun 4-də 1/4 final mərhələsinin bir oyunu da Bakıda gerçəkləşəcək.
Geri qayıt