Əsas Səhifə > Dünya idmanı > UEFA ən çox gəlir əldə edən klubların siyahısını açıqlayıb

UEFA ən çox gəlir əldə edən klubların siyahısını açıqlayıb


19-01-2019, 10:08



UEFA 2017-ci ildə ən çox gəlir əldə edən klubların siyahısını açıqlayıb. Avropanın ən yaxşı 710 futbol klubu 20,11 milyard avro gəlir əldə edib.

BrendSport.az xəbər verir ki, bu barədə məlumatlar UEFA-nın hesabatında yer alıb. Bildirilir ki, 2018-ci ildə klubların ümumi gəliri 1,6 milyard avrodan çox artıb. Avropanın ən yaxşı 30 klubun gəlirləri isə 7 faiz artaraq 9,7 milyard avroya çatıb.

İngiltərənin "Mançester Yunayted" klubunun gəliri 2016-cı ilə nisbətən 13 milyon avro aşağı düşüb. Buna baxmayaraq, İngiltərə təmsilçisi 676 milyon avro gəlirlə ilk pillədə qərarlaşıb. Mançester təmsilçisindən 1 milyon avro az gəlir əldə edən İspaniyanın "Real Madrid" klubu isə ikinci sırada yer alıb.

Növbəti sıralarda qərarlanan "Barselona" (İspaniya), "Bavariya" (Almaniya), "Mançester Siti" (İngiltərə), PSJ (Fransa), "Arsenal", "Liverpul", "Çelsi" (hamısı İngiltərə) və "Yuventus" (İtaliya) futbol klublarının gəlirləri isə 400 milyon avrodan çox olub.

Toplam gəlirlərin dörddəbir hissəsi İngiltərə Premyer Liqası klublarının payına düşür. Onlar 5,3 milyard avro qazanıblar. İspaniya La Liqasının klubları 2,9 milyard avro, Almaniya Bundesliqasının komandaları 2,8 milyard avro, İtaliya A Seriyasının təmsilçiləri 2,2 milyard avro, Fransa çempionatının klubları isə 1,6 milyard avro gəlir əldə ediblər.
Geri qayıt