Əsas Səhifə > Dünya idmanı > Türkiyə Superliqası: Səfərdə qalib gələn “Beşiktaş” lider “Başakşəhər”lə arasındakı xal fərqini azaldıb

Türkiyə Superliqası: Səfərdə qalib gələn “Beşiktaş” lider “Başakşəhər”lə arasındakı xal fərqini azaldıb


25-11-2018, 00:28


Noyabrın 24-də futbol üzrə Türkiyə Superliqasının XIII turunda turnir cədvəlində yeddinci pillədə yer alan “Beşiktaş” komandası səfərdə “Ankaragücü” ilə qarşılaşıb.

BrendSport.az xəbər verir ki, matçda İstanbul təmsilçisi 4:1 hesabı ilə qalib gəlib. Oyunda hesab 23-cü dəqiqədə Adəm Ljajicin vurduğu qolla açılıb - 1:0. İyirmi yeddinci dəqiqədə Mustafa Pektemek hesab arasındakı fərqi ikiyə çatdırıb. Qonaq komandanın daha bir qolunu 44-cü dəqiqədə Güvən Yalçın vurub.

Fasilədən sonra meydan sahibləri qollardan birinin əvəzini çıxıblar. Paytaxt komandasının heyətində Mostafa El Kabir 86-cı dəqiqədə fərqlənib - 3:1. Bundan iki dəqiqə sonra Oğuzhan Özyakup sonuncu qolu rəqib qapısından keçirib.

Bu qalibiyyətdən sonra hesabındakı xallarının sayını 21-ə çatdıran Şenol Günəşin komandası rəqib “Ankaragücü”nü qabaqlayaraq turnir cədvəlində beşinci pilləyə yüksəlib.

Xatırladaq ki, çempionluq uğrunda yarışan komandalardan “Qalatasaray” dünən öz meydanında “Konyaspor”u məğlub edə bilməyib – 1:1.

Sabah maraqla gözlənilən qarşılaşmalardan “Trabzonspor” – “Fənərbağça” görüşü olacaq.

Tura noyabrın 26-da keçiriləcək “Göztəpə” – “Başakşəhər” matçı ilə yekun vurulacaq.

On üç turdan sonra “Başakşəhər” komandası 27 xalla çempionatın vahid lideridir. Hesabında 24 xal olan “Qalatasaray” ikinci sırada qərarlaşıb. 22 xal toplayan “Kasımpaşa” üçüncü pillədədir.
Geri qayıt