Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Qalatasaray” futbol klubu 18-ci dəfə Türkiyə kubokunun qalibi olub



Mayın 15-də futbol üzrə Türkiyə kubokunun finalında “Qalatasaray” və bu turnirin sonuncu qalibi “Akhisar Bələdiyyəspor” komandaları qarşılaşıb.

BrendSport.az xəbər verir ki, Sivas şəhərində keçirilən oyunda İstanbul təmsilçisi rəqibini 3:1 hesabı ilə məğlub edərək 18-ci dəfə Türkiyə kubokunun sahibi olub.

Oyun qarşılıqlı hücumlarla başlayıb. Matçın 10-cu dəqiqəsində Henri Onyekuru topu rəqib qapısından keçirsə də, oyundankənar vəziyyət qeydə alınıb. Görüşün birinci hissəsində qapılara top vurulmayıb.

Birinci hissədən fərqli olaraq, fasilədən sonra qapılara dörd top vurulub. Qarşılaşmanın 57-ci dəqiqəsində “Akhisar Bələdiyyəspor”un heyətində Elvin Manu hesabı açıb – 1:0. Lakin görüşün 78-ci dəqiqəsində “Akhisar Bələdiyyəspor”un futbolçusu Migel Lopesin qırmızı vərəqə ilə cəzalandırılması və qapısına 11 metrlik cərimə zərbəsinin təyin olunması oyunun taleyini həll edib. Zərbəni dəqiq yerinə yetirən Sinan Gümüş görüşdə tarazlığı bərpa edib – 1:1. “Qalatasaray” komandası oyunun sonunda Sofian Fequlinin (88) və Mbaye Diaqnenin (94) qolları sayəsində matçda qalib gəlməyi bacarıb. Beləliklə, oyunda 3:1 hesabı ilə qələbə qazanan “Qalatasaray” Türkiyə kuboku uğrunda 57-ci turnirin qalibi olub. Türkiyə kubokunda 23 dəfə finalda oynayan “Qalatasaray” futbolçuları 18 dəfə baş mükafatı başları üzərinə qaldırıblar. İstanbul təmsilçisi bu göstərici üzrə ölkə klubları arasında liderdir.

Xatırladaq ki, Fatih Terimin baş məşqçisi olduğu komanda kubokun yarımfinalında “Yeni Malatyaspor”u mübarizədən kənarlaşdırmışdı. “Akhisar Bələdiyyəspor” isə yarımfinalda “Ürmaniyəspor”dan üstün olmuşdu.

“Akhisar Bələdiyyəspor” kubokda uğurla çıxış edərək ardıcıl ikinci ildir finala yüksəlib. Komanda ötən mövsüm “Fənərbağça”nı məğlub edərək tarixində ilk dəfə ölkə kubokuna sahib olmuşdu. Türkiyə superkubokunda isə komanda məhz “Qalatasaray”a qalib gəlmişdi.

Bu mövsüm Türkiyə çempionatının ilk dövrəsində “Akhisarspor” doğma meydanda “Qalatasaray”dan 3:0 hesabı ilə üstün olub. İstanbuldakı matçda isə “Qalatasaray” minimal hesablı qələbəyə sevinib – 1:0.

Hazırda “Qalatasaray” Türkiyə superliqasında 66 xalla liderdir. “Akhisar Bələdiyyəspor” isə 25 xalla turnir cədvəlinin autsayderidir. Sonuncu pillədə qərarlaşan komandanın Superliqanı tərk edəcəyi rəsmiləşib. Komanda növbəti mövsümdən Sportoto birinci liqada çıxış edəcək.


Facebook-da paylaş

Xəbəri paylaş