Əsas Səhifə > Digər > “Qarabağ Azərbaycandır!” adlı turnirə start verilib

“Qarabağ Azərbaycandır!” adlı turnirə start verilib


17-11-2020, 16:46
“Qarabağ Azərbaycandır!” adlı turnirə start verilib

Ölkəmizdə kiberidmanın inkişafına dəstək olan “Gaming League Azerbaijan”ın təşkilatçılığı ilə “Counter-Strike: Global Offensive” üzrə yeni turnirə start verilib. Azərbaycan Ordusunun şanlı Qələbəsinə həsr olunan turnir “Qarabağ Azərbaycandır!” adlanır.
BrendSport.az xəbər verir ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Kiberidman Federasiyası ilə birgə təşkil olunan turnirdə ümumilikdə 8 komanda — “Lankaran Heroes”, “Qakh Berkuts”, “Qobustan Stones”, “Karabakh Horses”, “Shaki Khans”, “Balakhani Oilers”, “Khizi Mountains” və “Ganja Poets” iştirak edir.
“Gaming League Azerbaijan”ın (GLA) rəhbəri Adil Mahmudov mətbuata açıqlamasında turnirlə bağlı bunları deyib: “Turnirin ideyası rəşadətli Azərbaycan Ordusunun şanlı qələbəsindən sonra yarandı. Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında ordumuz tarixi qələbə qazandı. Məhz buna görə də təşkilatçı olaraq yarışı “Qarabağ Azərbaycandır!” şüarı ilə keçirməyə qərar verdik. Çünki Azərbaycan Prezidentinin bu sözləri hər bir azərbaycanlının ürəyinə həkk olunub”.
“Counter-Strike: Global Offensive” oyunu haqqında
“Counter-Strike: Global Offensive” (CS:GO) – şuter janrında komanda kompüter oyunudur. Seriyanın digər oyunlarında olduğu kimi, CS:GO oyununda da geymerlər iki komandaya bölünür: terrorçular və xüsusi təyinatlılar. Oyunun qalibi komandaların raundlar seriyasında göstərdiyi nəticələr əsasında müəyyən olunur.
Dünyanın ən populyar kiberidman növlərindən olan “Counter-Strike: Global Offensive” oyununun ən nüfuzlu yarışmaları “Meycor” çempionatları (Major Championships) və “Blast Premier” turnirləridir. Əgər 2013-cü ildə keçirilmiş “DreamHack Winter 2013” turnirinin mükafat fondu 250 min ABŞ dolları idisə, 2016-cı ildən bəri məbləğ artıq 1 milyon ABŞ dolları təşkil edir. CS:GO üzrə daha bir böyük turnir – “Blast Premier” Liqasının 2020-ci ildə baş tutan turnirinin ümumi mükafat fondu 4 milyon 250 min ABŞ dolları təşkil edib.
Geri qayıt