Əsas Səhifə > Digər > Yunan-roma güləşi üzrə uşaq və yeniyetmələr arasında turnir keçirilib

Yunan-roma güləşi üzrə uşaq və yeniyetmələr arasında turnir keçirilib


29-09-2018, 15:48


Ağstafa rayonunda SSRİ idman ustası, əməkdar məşqçi, fəxri bədən tərbiyəsi və idman işçisi Rafiq Davud oğlu Qasımovun 80-illik yubileyinə həsr edilmiş yunan-roma güləşi üzrə uşaq və yeniyetmələr arasında turnir keçirilib.

Dağ Kəsəmən kənd 1 saylı tam orta məktəbin idman zalında təşkil olunmuş turnirdə ağstafalı idmançılarla yanaşı Gəncə şəhər, Cəlilabad, Şəmkir, Goranboy, Qazax, Daşkəsən rayonlarının komandaları da iştirak etmişdir.

Tədbirdə rayon Gənclər və İdman İdarəsinin rəisi Feyruz Həsənov çıxış edərək beynəlxalq arenalarda ölkəmizin şərəfini layiqincə qorumuş qocaman idmançılara göstərilən yüksək dövlət qayğısından geniş söz açıb. Öz çıxışında yubilyar, Rafiq Qasımov bu cür yüksək diqqət və qayğı üçün bütün ağstafalı idmançılar adından ölkə rəhbərliyinə dərin minnətdarlığını ifadə edib.

Yarışın reqlamentinə uyğun olaraq 2 yaş qrupunda və 20 növ çəki dərəcəsində keçirilən yarışda yüzdən artıq güləşçi öz qüvvəsini sınayıb. Olduqca maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən yarışın ümumi nəticələrinə görə 1-ci yerə Ağstafa, 2-ci yerə Qazax və 3-cü yerə Şəmkir rayon komandaları layiq görülüblər. Qaliblər müvafiq diplom və medallarla təltif olunublar.

Alxas Məmmədov





Geri qayıt