Əsas Səhifə > Araşdırma > Pakistanda Azərbaycanın Milli Qurtuluş Gününə həsr olunan golf turniri keçirilib

Pakistanda Azərbaycanın Milli Qurtuluş Gününə həsr olunan golf turniri keçirilib


16-06-2019, 12:48


Azərbaycanın Pakistandakı səfirliyinin təşkilatçılığı ilə bu ölkədə fəaliyyət göstərən bir sıra diplomatik missiyaların rəhbərləri arasında Milli Qurtuluş Gününə və Azərbaycan Diplomatik Xidmətinin 100 illik yubileyi münasibətilə qolf turniri keçirilib.

BrendSport.az xəbər verir ki, İslamabad şəhərindəki Bahriya Golf Klubunda keçirilən turnirdə Pakistanda fəaliyyət göstərən 12 ölkənin diplomatik missiyalarının rəhbərləri mübarizə aparıb. Pakistanın qadınların təcavüz hallarından müdafiəsi üzrə federal müvəkkili Kaşmala Tariq, Bahriya Şəhərciyinin icraçı direktoru, ehtiyatda olan general-mayor Məhəmməd Əli Xan turnirdə qonaq qismində iştirak ediblər.

Turnirin qaliblərinin mükafatlandırma mərasimində çıxış edən Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə 15 İyun - Milli Qurtuluş Gününün tarixi, siyasi əhəmiyyəti barədə danışıb. Səfir bildirib ki, ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın müstəqilliyi qorundu, ölkədə hüquqi-demokratik dövlət quruculuğuna başlanıldı, onun qətiyyəti, apardığı uğurlu daxili və xarici siyasət sayəsində ölkə xaosdan xilas oldu, sivil, demokratik inkişaf yolu ilə inamla irəliləyərək böyük nailiyyətlər qazandı.

Azərbaycan diplomatiyasının əldə etdiyi uğurları diqqətə çatdıran Ə.Əlizadə məhz ümummilli lider Heydər Əliyevin müdrik siyasəti nəticəsində müstəqil Azərbaycanın artıq bu il Diplomatik Xidmətinin 100 illik tarixi yubileyini də qeyd etdiyini bildirib və tədbirdə yüksək səviyyədə iştiraklarına görə diplomatik missiyaların rəhbərlərinə, səfirlərə və qonaqlara təşəkkürünü ifadə edib.

Kaşmala Tariq və Pakistanda fəaliyyət göstərən diplomatik korpusun duayeni, səfir Atajan Movlamov çıxış edərək Azərbaycanın Milli Qurtuluş Günü və Diplomatik Xidmətinin 100 illik yubileyi tarixlərinin kəsb etdiyi önəmi vurğulayıblar.

İştirakçılar səfirliyin təşkil etdiyi maraqlı turnirə görə təşəkkürlərini və bu əlamətdar tarixlərlə bağlı təbriklərini çatdırıblar.

Çıxışlardan sonra turnirin iştirakçılarına xatirə suvenirləri, fərqlənənlərə və qaliblərə isə müxtəlif kubok və xatirə hədiyyələri təqdim olunub.

AZƏRTAC
Geri qayıt