Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



JURNALİSTLƏRİN FƏALİYYƏTİ MƏHDUDLAŞDIRILMAMALIDIR



Ölkəmizin idmanı və olimpiya hərəkatını işıqlandıran yaradıcı media təmsilçilərinin milli ictimai birliyi missiyasını öz üzərinə götürən Azərbaycan İdman Jurnalistləri Assosiasiyası Covid 19 pandemiyası dövründə ölüm saçan bu virusdan qorunmaq, vətəndaşlarımız arasında yoluxma hallarının qarşısını almaq sahəsində dövlətimizin atdığı hər bir addımı dəstəkləyir, bununla yanaşı jurnalıistlərin fəaliyyətini çətinləşdirən bir sıra texniki məqamlara öz münasibətini bəyan etməyi özünə borc bilir.

BrendSport.az Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının saytına istinadən xəbər verir ki, Dünyanın heç bir ölkəsində jurnalistlərin, fotoreportyorların fəaliyyəti bilavasitə hansısa media orqanında işləməsi ilə məhdudlaşdırılmır. Xeyli sayda peşəkar müstəqil fəaliyyətə üstünlük verir və geniş oxucu, tamaşaçı kütləsi üçün maraqlı, sensasion materiallarına bəzən həftələrlə, aylarla zaman sərf edir, sonra ərsəyə gətirdiyi materialı kütləvi informasiya vasitələrinə təqdim edir. Hansı media orqanı həmin materiala daha böyük həcmdə qonarar təklif etsə, jurnalist öz əməyinin bəhrəsini həmin orqana satır. Materialı əldə etmiş media orqanı müəllifə verdiyi qonarara aid ödəmə mənbəyindən vergini və sosial sığorta ayırmalarını tutaraq onun adından aidiyyəti üzrə büdcəyə və fonda ödəyir. Sovet dönəmində də, elə indi də belədir.

Bir çox ölkələrdə, o cümlədən, qardaş Türkiyədə baş bakanlıq (nazirlər kabineti) peşəkar jurnalistlərə harada işləyib-işləməməsindən asılı olmayaraq, “sarı media kartı” verir. Bu kartın sahibləri ölkə ərazisində bir çox imtiyazlardan bəhrələnir, o cümlədən, ictimai nəqliyyatdan pulsuz, şəhərlərarası nəqliyyata isə 50 faiz güzəştlə istifadə edirlər.

Bu jurnalistlərin müəyyən olunması isə onların vergi və sosial hesabları, həmçinin cəmiyyət arasında tanınmaları ilə müəyyən edilir.

Bizdə, təəssüf, KİV orqanlarının əksəriyyəti qonararı qeyri rəsmi, uçotdan gizli ödəyir. Cibində hansısa redaksiyanın vəsiqəsini gəzdirən, lakin jurnalistikadan xəbəri olmayanlar çoxdur, onların müəyyən edilməsi mexanizmi isə yoxdur. Odur ki, bəzi hallarda “qurunun oduna yaş da yanmalı olur”.

Sərtləşdirilmiş Xüsusi Karantin Rejimində KİV-lərin fəaliyyətinə dair Operativ Qərargahın 22 iyun 2020-ci il tarixdə verdiyi məlumatda qeyd edilir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Qərarının əlavəsində fəaliyyətinə icazə verilmiş sahələrin siyahısında kütləvi informasiya vasitələrinin (KİV) də adı qeyd edilib. Bu məqam sərtləşdirilmiş xüsusi karantin rejimində KİV-lərin fəaliyyətinin hüquqi təminatıdır və onu göstərir ki, KİV-lərin fəaliyyəti ilə bağlı heç bir hüquqi məhdudiyyət yoxdur.

Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə bu hüquqdan istifadənin texniki tərəfi icazə.e-gov.az portalında qeydiyyatdan keçməklə həll olunur.”

Daha sonra göstərilir ki, “yerli KİV-lərin nümayəndələri isə, Qərarda qeyd olunduğu kimi, fəaliyyət göstərdikləri KİV-in rəhbərliyi tərəfindən icazə.e-gov.az portalında qeydiyyatdan keçirilməlidir.

Mülki hüquqi müqavilə əsasında fəaliyyət göstrərən şəxslər barədə məlumatlar işəgötürən tərəfindən, hər hansı hüquqi şəxslə müqavilə bağlamadan VÖEN əsasında fərdi fəaliyyət göstərən şəxslər barədə məlumatlar onların özləri tərəfindən gücləndirilmiş elektron imzadan istifadə etməklə icazə.e-gov.az portalına daxil edildikdən sonra onların hərəkətinə yol verilir.”

Bu yazılanlardan belə çıxır ki, müstəqil fəaliyyət göstərən jurnalistin də VÖEN-i olmalıdır. Niyə olsun ki? Axı onlara ödənən müəllif haqqının mükafatlandırılması, başqa sözlə, qonarar məbləğindən vergi və ayırmalar ödəmə mənbəyindən tutulmaqla ödəyən tərəfin üzərinə düşür.

Bu cür yanaşma ciddi karantin dövründə bir çox müstəqil jurnalistin peşə fəaliyyətini mümkünsüz edir. Başda oturanlar bu yazdıqlarımız barədə düşünsünlər və jurnalistlərimizə münasibətdə doğru yolu seçsinlər gərək


Facebook-da paylaş

Xəbəri paylaş