Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Əhmədov AFFA-nı niyə şantaj edir?



Mövsüm sona yaxınlaşdıqca I divizion komandalarının Premyer Liqa xəyalları özünü qabarıq şəkildə göstərməyə başlayır. 8 komandalı çempionatdan yüksək səviyyəli rəqabət gözləmək yersizdi. Ancaq gəl-gör, I diviziondan elitaya yüksəlməyə layiq kimsə varmı?

Mövsüm başlayandan hamı iki komandanın üzərində dayanıb – “Xəzər” və “Sabah”. Elitanı heç kimin tərk etməyəcəyi, bu iki komandanın da gəlişi ilə gələn mövsümdən iştirakçıların sayının 10-a çatdırılacağı ideyası qulağa xoş gəlir. Əvvəla 5-ci pillədə qərarlaşan “Sabah”ın adının indidən elita ilə hallanması müzakirə mövzusudu.

Həvəskar səviyyədə təşkil olunan, danışılmış oyunların baş alıb getdiyi diviziondan yüksək liqaya komanda gətirmək böyük riskdi. Elita təmsilçilərini güc-bəla ilə ayaqda saxlayan AFFA təbii olaraq, mövsümə 10 komanda ilə başlayıb, 8-9-u ilə bitirməkdən qorxur.

Müəyyən kadr dəyişiklikləri ilə özünü Premyer Liqaya hazır sayan “Xəzər” isə qərar məqamı yaxınlaşdıqca assosiasiyanı təzyiq altında saxlamaqla, nəyəsə nail olmaq fikrindədi. Komandanın baş məşqçisi Elşad Əhmədov qol.az saytına müsahibəsində deyib ki, “Xəzər”i “Premyer Liqaya buraxmasalar, rəhbərliyin komandadan imtina etməsi istisna deyil. Assosiasiyanı bir növ şantaj edən Əhmədov yaxasını cırır ki, əgər Premyer Liqaya lisenziya ala bilməsələr, komanda dağılacaq.

Əhmədov təhdidlə yanaşı, assosiasiyanın bostanına da daş atıb: “Adətən deyirlər ki, bütün klublar SOCAR-dan maliyyələşir. SOCAR-dan maliyyələşməyən bir adam futbola sərmayə qoyursa, niyə ona mane olsunlar?”

Çempionatı gülüş obyektinə çevirən “mütəxəssis” klubların yarıdan çoxunun assosiasiya tərəfindən maliyyələşdirildiyini qabardır və bunu anormal sayır.

Elşad bəy bu sözlərlə özlərini bəri başdan sığortalayır. Birdən AFFA lisenziya verməsə, assosiasiya qınaq obyektinə çevrilsin və “daha bir iş adamına maneçilik törədildi” fikri formalaşsın. Ancaq bunları deyən baş məşqçi Premyer Liqa oyunlarını harada keçirəcəklərindən xəbərsizdi.

Bu gün-sabah növbəti mövsümün hazırlıqlarına start veriləcək, amma “Xəzər” Bakı-Quba yolu arasında var-gəl etməklə məşğuldu. İnfrastrukturu yox səviyyəsində olan bir komandadan söhbət gedir. Bunun hələ maliyyə tərəfini demirik.

“Xəzər”in Premyer Liqada oynamasını zaman göstərəcək. Amma deyəsən, Əhmədov zamanı qabaqlamaq fikrindədi. Özü də təhdidlə! (apasport)


Facebook-da paylaş

Xəbəri paylaş